Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21İyn

    jb2u6olfcimfn5db480krkfpk4sosialKIV1Kənd yerlərində həyətyanı sahələr böyük olduğundan, ilin fəsillərinin dəyişməsi burada xüsusilə hiss olunur. Bu il isə bahar yağmurlu keçdiyinə görə, bağ-bağçalarda məhsul boldur. Elə yaşıl ot da, necə deyərlər, dizə çıxır. Deməli, kəndlinin ruzisi çox olacaq.
    Tərtər Rayon Məşğulluq Mərkəzinin aktiv məşğulluq tədbirləri sektorunun baş məsləhətçisi Sənan Səmədzadə və mərkəzin işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi sektorunda böyük məsləhətçi Rüstəm Quliyevlə yolumuz Tərtərin Seydimli kəndinədir. Kənd düşmənlə təmas xətti boyunca yerləşir. Burada təsərrüfat işləri çətin bir şəraitdə görülür. Buna baxmayaraq, insanlar çox işgüzardırlar və əsl qəhrəmandırlar.
    Maşın Səbunə Məmmədovanın həyət qapısının qarşısında dayanır. Həyətə daxil oluruq. Köhnə, Sovetlər dönəmində tikilmiş kürsüsüz seyvanlı ev, səliqəli həyət-baca, çox da iri olmayan tövlə və meyvəli bağ bu ailənin durumu haqqında sözsüz məlumat verir.
    Bizi Səbunə xanımın anası Səriyyə Məmmədova qarşılayır. Məşğulluq Mərkəzinin işçilərini görüb nəvələrini səsləyir:
    –Ay bala, tez olun ananızı çağırın.
    Səbunənin harada olmasını soruşuruq.
    –Tövlədə işlə məşğuldur,– deyir. İki-üç gün bundan əvvəl inəyin birini süni mayalanma elətdirib. Ona görə də hələlik onu sahəyə aparmır. Gərək bu inəyə örtülü şəraitdə yaxşı qulluq edəsən, otunu, suyunu vaxtlı-vaxtında verəsən.
    Elə bu vaxt Səbunə özü də gəlib çıxır. Hiss olunur ki, yaz günəşi onu yaxşıca yandırıb. Amma üz-gözündən razılıq, məmnunluq tökülür. Redaksiyadan gəldiyimi biləndə çox sevinir. Deyir:
    –Nə yaxşı oldu. Elə bil ürəyimi oxumusunuz. Mən özüm də rayon qəzeti vasitəsilə Prezidentimizə, dövlətimizə, “Əhalinin özünüməşğulluğunun təmin olunması” layihəsinin icrasını təmin edən hər kəsə minnətdarlığımı bildirmək istəyirəm.
    Yenə də söhbətə Səriyyə ana qoşulur:
    –Kənd yerində ki, yaşadın, gərək özünün təsərrüfatın ola. Bizim isə nə malımız, nə qoyunumuz vardı. Qızım çox sıxılırdı, nəvələrim korluq çəkirdilər. Bu layihə barədə eşidəndə sevindiyimdən nə edəcəyimi bilmədim.
    Səbunə xanımın kiçik təsərrüfatı haqqında digər məlumatları bizə Sənan Səmədzadə verdi. O bildirdi ki, bu xanımın işgüzarlığı ilə yanaşı biznes ideyalarını tez qavramaq, çəkdikləri xərclərlə qazancı arasında olan fərqə daimi nəzarət etmək qabiliyyəti var. Cari ilin fevral ayından keçən az müddət ərzində onun təsərrüfatında artım olub. Aprel ayında bir inəyi doğub, biri biraylıq boğazdır, birini isə, dediyimiz kimi, indi süni mayalandırma elətdirib. Çins buzov almaq fikrindədir.
    Onun özünün pay torpağı var. Yay ayları olduğundan, inəkləri orada hörükləyir. Gündə bir neçə dəfə onlara baş çəkir, suvarır, hörüyünü dəyişir.
    –Bəs, südü və süd məhsullarını neyləyirsiniz? – deyə Səbunə xanımdan soruşuram.
    Yenə də üzünə xoş təbəssüm qonur. Övladları Davud və Naibəni göstərib deyir:
    –Camaat arasında heyvandarlıq məhsullarına “yavanlıq” deyilir. Yəni bu məhsullar varsa, ailədə uşaq da, böyük də korluq çəkməz. Qalanını isə, əlbəttə, satırıq. Dədə-babadan qalma çiyəçəkən maşınımız var. Çiyəni çəkib, keyfiyyətli yağ hazırlayırıq. Pendirimiz, qatığımız da əladır. Alıcımız çoxdur, ona görə də gələcəkdə təsərrüfatımı daha da genişləndirəcəyəm.
    Çay gətirmək istəyirlər. Amma biz onların vaxtını almırıq. Görüləsi işləri çoxdur. Elə özümüz də növbəti ünvana tələsirik. Bu kənddə yaşayan Leyla Abdullayevagilə.
    Leyla xanımla kənd yolunda rastlaşdıq. Əlində bir vedrə təzəcə ağacdan dərilmiş gilas aparırdı. Maşına əyləşdi. Onu yolundan elədiyimizə görə heç də dilxor olmamışdı. Əksinə, nikbin görünürdü. Yolboyu fevral ayından bəri ailə biznesi ilə bağlı gördüyü işlərdən həvəslə danışır, bu fürsəti ona yaratdıqları üçün Prezidentimizə minnətdarlıq edirdi.
    Evə çatdıq və burada söhbətimiz davam etdi. Leyla xanım bildirdi ki, uşaqlıqdan ailə üzvlərinin maldarlıqla məşğul olduğunu görüb. Lakin öz təsərrüfatında toyuq-cücədən başqa heç nəyi yox idi. Aydan-aya alınan sosial müavinət hesabına isə şəxsi təsərrüfatı yaratmaq mümkün deyildi. Prezident İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamı əsasında ölkəmizdə həyata keçirilən özünüməşğulluq proqramı aztəminatlı ailələr qarşısında geniş imkanlar açdı. O, sözünə davam edərək dedi:
    –Bu gün biz edilən yardımın köməyilə təkcə öz ailələrimizi dolandırmırıq, həm də azacıq da olsa rayonun sosial-iqtisadi inkişafına kömək edirik. Atalar deyiblər ki, dama dama göl olar. Hələ ki, təsərrüfatlarımız o qədər də böyük deyil. Amma heyvandarlıq elə bir sahədir ki, burada ağıllı surətdə işləsən, artım olacaqdır.
    Leyla xanım onu da bildirdi ki, ota, yemə o qədər də çox xərci çıxmır. Öz həyətlərindən, qonşu məhlələrdən ot biçib inəklərinə gətirir. Ona veriləndə inəyinin 1-i boğaz idi, iki aydır doğub. Yaxşı baxdığına görə, südü həm çox, həm də dadlıdır. Fevral ayında ona inəklərlə yanaşı ot kipi də vermişdilər. İndi qışın tədarükünü özü görür. Pay torpağında taxıl da əkib. Taxıl biçiləndən sonra samanı bağlatdırıb həyətinə gətirəcək.
    Təzəkənd kəndinin sakini Habil Zalovla da görüşümüz maraqlı oldu. Habil dövlətimizin onlara göstərdiyi qayğıdan danışdı, ötən ilin aprel hadisələrini xatırlatdı. Dedi ki, həmin günlərdə yoldaşları ilə birlikdə o da orduya gedib döyüşmək qərarına gəlmişdi.
    Anası Gözəl nənə də söhbətə qarışıb, dedi:
    – Müharibə illərində rəhmətlik kişi ilə mən gecələr evimizə gəlmirdik, çöllərdə yatıb döyüşlərdə iştirak edən oğlumuzun yolunu gözləyirdik. Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıdandan sonra atəşkəs elan olundu, anaların üstünə şəhidlər gəlmədi. Rəhmətlik atası kimi, Prezident İlham Əliyev də xalqını düşünən siyasətçidir. Düzü, oğlum deyəndə ki, şəxsi təsərrüfatımızın yaradılmasına köməklik göstəriləcək, bilmədim ölkə başçısına necə təşəkkür edim. İndi məhsulumuzu satmaq üçün uzağa getmək lazım deyil. Elə qonşularımız südü, qatığı, pendiri öz qapımızda alırlar.
    Rayon mərkəzinə qayıdırıq. Yolumuzu şəhərin Elman Hüseynov küçəsində fəaliyyət göstərən “Yeni Stil” kişi salonundan salırıq. Salonun müasir, yaraşıqlı dizaynı göz oxşayır. Burada çalışan gənc bərbər Novruz Həsənli dilli-dilavər bir oğlandır. Bu, onun sənətində vacib şərtlərdən biridir. O dedi:
    –Tərtərdə ilk peşə ixtisası məktəbini bitirmişəm. Bir müddət Bakıda işlədim, amma Tərtərə, ailəmin yanına qayıtmaq istəyirdim. Salon açmaq üçün isə kifayət qədər vəsaitim yox idi. Məşğulluq mərkəzində işsiz kimi qeydiyyata alınmışdım. Özünüməşğulluqla bağlı təklif çox yerinə düşdü. İki aylıq kurs keçdikdən sonra Bakıda Əhalinin Sosial Mü-dafiəsi Nazirliyinin və Beynəlxalq Əmək Təşkilatının təşkil etdikləri imtahandan müvəffəqiyyətlə keçərək, öz biznesimi qurmaq imkanı əldə etdim. Salonda gördüklərinizin hamısı mənə dövlət tərəfindən verilib. Hətta bu müasir sterilizə aparatı indiyədək rayonumuzda olmayıb. Mən də çalışıram ki, 48 km məsafədə düşmənlə təmas xətti olan qəhrəman Tərtərin sakinlərinə layiqincə xidmət edim.
    Bu insanlardan xoş təəssüratla ayrılırıq. Redaksiyaya qayıdıram.
    Tərtər rayon Məşğulluq Mərkəzinin direktoru Azər Ağayevin redaksiyamızın ünvanına göndərdiyi məktubda bildirilir ki, Prezident İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı ilə təsdiq olunmuş proqram əsasında Beynəlxalq Əmək Təşkilatının və Məşğulluq Mərkəzinin birgə seçimi ilə mərkəzdə işaxtaran kimi qeydiyyatda olan 22 aztəminatlı ailə (bunlardan biri II qrup Qarabağ müharibəsi əlilidir, biri isə məcburi köçkündür) “Öz biznesinə başla və təkmilləşdir” layihəsi çərçivəsində biznes ideyalarına uyğun olaraq iki aylıq təlim kurslarında iştirak edib. Kursların keçirilməsi üçün rayon rəhbərliyi tərəfindən Gənclər Mərkəzində lazımi şərait yaradılmışdır.
    Bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi müsahibədə iştirak etmiş rayon üzrə 22 nəfərdən 18-nin hazırladığı biznes-plan müsbət qiymətləndirilmişdir. 18 nəfərdən 14-ü heyvandarlıq, 1 nəfəri quşçuluq (inqubator), 3-ü xidmət sahəsi üzrə iş qurmağı müəyyənləşdirmişdir.
    Cari ilin fevral ayında həmin aztəminatlı ailələrin biznes planında nəzərdə tutulmuş aktivlərin verilməsi təmin edilmişdir.
    Tərtər rayonunda mal və materialların təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, Beynəlxalq Əmək Təşkilatının (BƏT) baş təlimçisi Azad Rəhimov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu, Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
    Ötən müddət göstərir ki, əmək qabiliyyətli vətəndaşların məşqulluğunun təmin edilməsində həyata keçirilən layihənin müstəsna əhəmiyyəti var. Bu proqram aztəminatlı ailələrin həyat səviyyəsini yüksəltməklə yanaşı, həm də ölkədə kiçik və orta sahibkarlığın inkişafına təkan verir.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən tədbirdə deyib: “…Sabitliyin əsl mahiyyəti ondadır ki, xalq dövlət siyasətini dəstəkləsin, xalq vəziyyətlə razı olsun, xalq inkişafla qürur duysun. Biz bax, bu sabitliyi yaratmışıq və Azərbaycanda hökm sürən sabitliyin təməlində bu amillər dayanır–xalqiqtidar birliyi, bizim siyasətimiz və əldə etdiyimiz uğurlar. Ən yaxşı təbliğat vasitəsi real həyatdır.”
    Xalqın öz Prezidentini dəstəkləməsini və onun yeritdiyi siyasətin uğurlu nəticələrini biz Tərtər rayonunda aztəminatlı ailələrlə görüşlər zamanı real həyatda gördük. Prezidentin özünün dediyi kimi, ən yaxşı təbliğat vasitəsi isə real həyatdır.

    Svetlana Bağırova,
    (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün)

    Müəllif: Redaktor, 10:03

    Teqlər:

İsmarıclar bağlıdır.