Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30İyn

    buИзображение 034Bu məsələ nəinki rayonumuzda, hətta bütün ölkə ərazisində ən aktual və ən ağrılı məsələlərdən biridir. İllərdir ki, qəbiristanlıq mövzusu müzakirə obyekti olsa da, hələ öz konkret həllini tapmayıb. Ona görə də bir çox qəbiristanlıqlarda vəziyyət ürəkaçan deyil, bir nizamsızlıq, bir özbaşınalıq mühiti hökm sürür. Nəzarətsizlik və qayğısızlıq bəzi qəbiristanlıqlarda daha qabarıq hiss olunur, qəbirlər kol-kos, ot-ələf içində itib-batır, uçur, dağılır, ümumiyyətlə, bir yiyəsizlik nəzərə çarpır. Bu hal ən çox rayonun kəndlərində, şəhərin Nizami küçəsindəki “Köhnə qəbiristanlıq”da baş verir. Burada qəbirlər elə qarışıq, bir-birinə bitişik salınıb ki, bir cığır tapıb, onları ziyarət etmək çox müşkül və qeyri-mümkün olub. Kim nə cür istəyib, harda istəyib, orada da qəbir qazdırır, baxmır ki, bunun sonrası necə olacaq.
    Belə bərbad vəziyyət şəhərin “Təzə qəbiristanlığı”nda da hökm sürür. Burada da acınacaqlı, xaotik bir vəziyyət yaranıb. İş o yerə çatıb ki, qəbiristanlıqlarda mal-qara, qoyun-quzu otarılır. Gecə işıqlanması yoxdur, ya su xətti çəkilməyib, ya da çəkilən su xətləri işləmir. Qəbiristanlıqların mühafizəsi ilə isə heç kim məşğul olmur. Şəhər və kənd bələdiyyələri qanunla onların səlahiyyətlərinə aid edilən qəbiristanlıqların mühafizəsi kimi vacib bir məsələyə niyə barmaqarası baxırlar görəsən?! Qəbiristanlıqlara hörmət bəsləmək öz dünyadan getmişinə hörmətin inikasıdır.
    Susuzluqdan qəbiristanlıqlarda salınan yaşıllıqların çoxu quruyur. Öz doğmalarını ziyarətə gələnlər içməyə və ya qə-bir daşlarının üstünü silməyə su tapmırlar. Qəbiristanlıqlara ögey münasibət bəsləyənlər fikirləşmirlər ki, onlar da bir vaxt dünyadan gedəcəklər və özləri ilə rəhmət, yaxud lənətdən başqa heç nə apara bilməyəcəklər. Bu dünyada savab qazanmağın bir yolu da ölülərin ruhuna hörmət bəsləməkdən keçir. Qəbiristanlıqlarda yol, su, işıq çəkən, yaşıllıq salan, səliqə-sahman yaradan adamlar, əlbəttə ki, savab yiyəsi olurlar. Bu işləri görməklə əməllər müqabilində qazanı-lan günahların bəziləri yuyula bilər.
    Qəbiristanlıqlarda məsələnin o biri tərəfi daha ağrılıdır. Rayonumuzda hər hansı qəbiristanlığa gedirsiniz gedin, ilk nəzərdən qəbirlərin biri-birindən ciddi fərqini görəcəksiniz. Elə bil varlı-kasıb arasında bu dünyadakı fərq azmış kimi, o dünyaya da bu fərq “xəstəliyini” yoluxdurublar. Amma neyləyirlər eləsinlər, hər şeyin doğrusunu Yaradan özü bilir. Qəbrinin üstündə bahalı məqbərə tikilən, heykəli qoyulan birisi bəlkə də Cəhənnəmdə odda yanır, “Qır qazanı”nda qaynayır, lakin bir sadə və kasıb qəbri olan isə bəlkə Tanrının mərhəmətindən Cənnətdə “altından şır-şır bulaqlar axan ağacların kölgəsində”, gül-çiçəyin ağuşunda huriqılmanlarla bir yerdədir?…
    Qəbiristanlıqlarda bəzi qəbirlərin üstündə on minlərlə, yüz minlərlə dəyəri olan kümbəz, böyük, bahalı mərmər daş ucaldılır, ətrafı hasarlı bir mülk tikilir, bəzi qəbirlərin üstündə isə adi bir ağ başdaşı var. Ölən üçün bunun nə fərqi ki? Bəs onda bu təmtəraq kimə və nəyə lazımdır?
    Əhvalat. İki nəfər pirə qurban aparırmış–biri toğlu, biri keçi. Keçinin sahibi zorba bir kişi imiş. Yolda o, zornan toğ-lunu o birisinin əlindən alır, keçini verir ona. Fikirləşir ki, toğlunu pirdə qurban kəssə, keçidən hörmətli olur.
    Qurbanları pirin başına dolandıranda toğlusu əlindən alınan kişi öz-özünə deyir: “Ay pir, sən özün bilirsən də toğlu kimindir, keçi kimin?”.
    Qəbirdə yatanın kim olduğunu Rəbbimiz hamıdan yaxşı bilir.
    Qəbrin möhtəşəmliyi ilə o dünyanı satın almaq olmur ki! Dirilərin şöhrətpərəstliyi gorgahları da müqəddəslikdən salır. Bu dözülməzlik gec-tez aradan qaldırılmalıdır.
    Rəsmi mənbələrdə verilən məlumatlara görə Azərbaycanda qəbiristanlıqlardakı intizamsız vəziyyət cəmiyyəti narahat edən məsələlərdən biridir və bu məsələnin hansı qaydada tənzimlənməsi ilə bağlı uzun müddət idi ki, müxtəlif səviy-yələrdə müzakirələr aparılır, münasibət bildirilir və təkliflər irəli sürülürdü.
    Artıq Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsi tərəfindən “Qəbiristanlıqlar haqqında” yeni qanun layihəsi hazırlanıb. Qanun layihəsi Milli Məclisin müvafiq komitələrinin, o cümlədən müvafiq dövlət qurumlarının müzakirəsinə təqdim edilib.
    Qanun layihəsinin qəbul olunmasından sonra qəbiristanlıqlarda nizam-intizam güman ki, bərpa olunacaq:
    Milli Məclisin deputatı Tahir Rzayev deyib: “İndi kim harda istəyir vəfat etmiş yaxınını dəfn edir, ara məsafələri, keçid üçün yollar qoymurlar, bir adam gedib beş qəbrin yerin hasara salıb orada bir nəfəri dəfn edir, başqaları isə yer tapa bilmir, biri çox böyük və bahalı qəbir düzəltdirir, o birisinin qəbri onun kölgəsində qalır. Amma yeni qanun layihəsində bütün bu məsələlər nizamlanır, qəbirlərin hamısının ölçüsünün eyni olması, standart ara məsafələrinin qoyulması nəzərdə tutulur”.
    Qeyd edək ki, “Qəbiristanlıqlar haqqında” yeni qanun layihəsində qəbiristanlıqların mühafizəsi, qəbirlər üçün torpaq sahələrinin ayrılması, qəbir daşlarının ölçülərinə nəzarət olunması və sair məsələlərin tam olaraq bələdiyyələrə həvalə olunması nəzərdə tutulur.
    Yeni qəbiristanlıqlar salınacaq və həmin qəbiristanlıqlarda yerlər pulsuz olacaq.
    Qəbir yeri almaq üçün yüzlərlə, hətta bəzən minlərlə manat pul ödənilir.Sanki qəbir yox, mülk satın alınır. İşbazlar ölüm hallarından da pul qazanırlar.
    Ancaq artıq belə olmayacaq. Bu sahə qanunla tənzimlənəcək. “Qəbiristanlıqların yaradılması, onların idarə olunması, dəfn və məzarların qeydiyyatı” haqqında qanun layihəsi də yaxın günlərdə Milli Məclisə göndəriləcək
    Qanunda icrası məcburi tələblər olacaq. Qəbiristanlıq yaşayış yerlərindən azı 300 metr məsafədə yerləşəcək və həmin ərazi sanitariya-mühafizə zonası olacaq.
    Qanunda qəbir daşlarına da nəzarət ediləcək, daşların milli-memarlıq üslubuna uyğun olması tələb kimi qarşıya qoyulacaq.
    Yeni qəbiristanlıqlar salarkən təbii fəlakətdə ziyan dəymə riski minimuma endiriləcək. Qəbiristanlıqlarda yaşıllıq-ların sulanması və ziyarətçilərin içməli su ilə təmin olunması üçün su sistemi də quraşdırılacaq, avtomobillərin rahat hərəkəti üçün yol da salınacaq…
    Hamı səbirsizliklə gözləyir ki, qəbiristanlıqlarımızda xal-qımızın milli-mənəvi və dini dəyərlərinə uyğun bir nizam-intizam yaradılsın.

    Tofiq Yusif

    Müəllif: Redaktor, 09:34

    Teqlər:

İsmarıclar bağlıdır.