Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyl

    CƏBHƏ XƏTTİNDƏ ƏMƏK NÜMUNƏSİ

    0779a52c0de88c0230fb33239555fdc4Tərtər kəndlisinin qayğılı günləridir. Pambıq tarlalarında, tərəvəz sahələrində becərmə işləri başdan aşır. Hazırda taxıl biçilir. Təbiətin şıltaqlığı, qeyri-sabit hava şəraiti təsərrüfat işlərində müəyyən çətinliklər yaratsa da, kəndlinin əli işdən soyumur.
    Tərtər Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifəsini icra edən Mehman Babayevlə birlikdə müxtəlif təsərrüfatlarda olduq, fermerlərlə iş başında görüşüb söhbət etdik. Prezident İlham Əliyevin kənd təsərrüfatında ənənəvi sahələri inkişaf etdirmək, pambıqçılıqda, baramaçılıqda köhnə şöhrəti qaytarmaq barədə verdiyi tapşırıq və tövsiyələrinin nəticəsiz qalmadığının şahidi olduq.
    Köçərli kənd sakini Abbas Əliyevin sahəsində biçinin qızğın vaxtı idi. Anar Zeynalovun idarə etdiyi kombayn zəmidə aramla irəliləyirdi. Məhsul bolluğunun sevincini yaşayan Abbas kişi bizimlə söhbətində dedi:
    – Biz cəbhə bölgəsində, müharibə şəratində yaşayırıq. Dövlətimiz, ordumuz üçün çörəyin bolluğu silah qədər vacibdir. Bolluq uğrunda mübarizədə arxamız, dayağımız dövlətdir. Məhz dövlətimizin dəstəyi ilə təsərrüfat işlərində qarşıya çıxan hər hansı çətinliyi asanlıqla aradan qaldırırıq. Bu il təbiət bizi sınağa çəksə də, çəkdiyimiz zəhmət hədər getməyib. Taxıl biçini başa çatmasa da, deyə bilərəm ki, hər hektarın orta məhsuldarlığı 40 senterden az olmayacaq. Bu il 2 hektar pambıq da əkmişik. Keyfiyyətli becərmə hesabına bitkilər sürətlə inkişaf edir. Artıq bar orqanları görünür, kollar tezliklə çiçək açacaq. 100-dən çox qoyunum, 8 baş inəyim var. Dolanışığımız yaxşıdır. Heç bir ciddi problemimiz yoxdur. Şəhərdə yaşayan qohum- qardaşa vaxtaşırı kənd payı göndəririk.
    Tərtərlilər bu il 3123 hektar sahədə pambıq əkib-becərirlər. Bu, keçən ildəkindən təxminən üç dəfə çoxdur. İndi tarlalarda ikinci kompleks becərmə aparılır. Tərtər kəndlisinin əsas problemi su ilə bağlıdır. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələrinin uzun illərdən bəri Sərsəng su anbarını işğal altında saxlaması rayonun su təminatına ciddi ziyan vurur.
    Hacıqərvənd kənd sakini Qafar Bayramov deyir ki, kəndləri suvarma suyundan daha çox korluq çəkənlər sırasındadır: “Çətinliklərə baxmayaraq, bu il 8 hektar pambıq əkmişəm. Qızmar günlər başlayanda mənim də qayğılarım artır. Kəndimizdə yeni subartezian quyusu qazılmasına ciddi ehtiyac var. Mən ali təhsilli kənd təsərrüfatı mütəxəssisiyəm. Becərmə aqreqatlarına özüm nəzarət edirəm. Pambıqçılıqda işlərin gedişi normaldır. Bitkilər sudan korluq çəkməsə, məhsulumuzun bol olacağı şübhəsizdir”.
    Mehman Babayev qeyd etdi ki, dövlət başçısının bu yaxınlarda imzaladığı sərəncama əsasən cari ildə Tərtər rayonunun təsərrüfatlarında daha 7 subartezian quyusu qazılacaq. Həmin quyuların harada, hansı kəndin ərazisində qazılmasını bu məqsədlə yaradılmış xüsusi komissiya müəyyən edəcək. Yəqin ki, komissiya Hacıqərvənd kəndindəki real vəziyyəti də öyrənib rəy verəcək.
    İsmayılbəyli kənd sakini Anar Bəylərov isə sığorta problemindən söhbət açdı:
    – Bu il 6 hektara yaxın ərazidə pambıq əkmişdik. Yaxşı bitiş alınmış, sahələrin birinci üz alağı vurulmuşdu. Qəfil yağan dolu əkinləri tamamilə məhv etdi. Məcbur olub bütün sahədə təkrar səpin apardıq. Nəticədə təxminən 3 min manata yaxın ziyana düşdük. Kimdən kömək, yardım istədiksə, xeyri olmadı, dedilər sığorta edilməyibsə, heç nə etmək mümkün deyil. Dolu təkcə mənim sahəmi vurmamışdı. Xeyli fermer belə problemlə üzləşdi. Belə bir təklif vermək istəyirəm: əkin üçün pambıq zavodu bizimlə müqavilə bağlayanda, yaxşı olar ki, sığorta şirkətləri də bu prosesə qoşulsun. Eyni vaxtda həm əkin üçün, həm də məhsul üçün sığorta müqaviləsi bağlansın. Bunun kəndliyə böyük köməyi olardı.

    Lazım QULİYEV,
    “Azərbaycan”

    Müəllif: Redaktor, 11:24

    Teqlər:

İsmarıclar bağlıdır.