Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Avq

    SABAHIMIZ ÖZ ƏLİMİZDƏDİR

    1401269808_1366305295_milli-toy-bey-gelin-bey-gelin-fotosessiya_2Biz qloballaşan dünyada yaşayırıq. Qloballaşma obyektiv tarixi zərurətdən yaranır. Yəni bəşəriyyət elə bir məqama çatıb ki, qarşısına çıxan nəhəng problemləri bir və ya bir neçə dövlətin gücü ilə həll etməyə qadir deyil. Belə ümumbəşəri problemlər adekvat olaraq məhz ümumbəşəri güclə həll edilməlidir. Onların sırasına ekoloji problemlər, fəlakətlər (antropogen, texnogen və təbii), xəstəliklərlə mübarizə (şəkər, xərçəng, QİÇS), narkomaniya, qlobal istiləşmə, həmçinin kosmosun tədqiqi, nəhəng iqtisadi layihələr və s. daxildir.
    Beynəlxalq (transmilli) təşkilatların (BMT…), beynəlxalq birliklərin (Avropa Birliyi…), şirkətlərin, firmaların yaranması məhz bu qloballaşma amili ilə şərtlənib. Bu baxımdan, yəni «güc (həm də xilas) birlikdədir» mövqeyindən qloballaşma proqressiv bir fenomendir və bəşəriyyətə firəvan gələcək vəd edir. Lakin qloballaşmanın əleyhdarları, yəni medalın əks üzü də vardır.
    Bizcə, qloballaşma başlıca olaraq iqtisadi, elmi-texniki, informasiya-kommunikasiya texnologiyaları sahələrində getməli, mənəviyyat məsələsinə nüfuz etməməlidir. Yəni hər bir xalq, millət öz milli mentalitetini, milli mədəniy-yətini, özəl milli-mənəvi dəyərlərini, adət-ənənələrini qoruyub saxlamalıdır. Əks təqdirdə nəsi-bimiz kosmopolitizm, manqurtlaşma olardı.
    Bəli, antiqlobalistlər əbəs yerə narahat olmurlar. Dünyamız onu al-əlvan bir xalıya bənzətmiş milli palitrasını iti-rərsə, onda vətən, vətənpərvərlik, yurdsevərlik, milli qürur kimi çox yüksək dəyərləri itirmiş olardıq. Bu baxımdan qloballaşan dünyada milli ruhda tərbiyə müstəsna əhəmiyyət kəsb edir. Bu məqamda da ifrata varmaq, yəni milliyyətçiliyə, şovinizmə yuvarlanmaq olmaz. Başqa sözlə desək, millətçilik yox, millətsevərlik gərəkdir. Qoy bütün toplumlar öz millətini, öz vətənini, öz tarixini, öz adət-ənənələrini sevsinlər, onlarla fəxr etsinlər, milli mədəniyyətlərini inkişaf etdirib çiçəkləndirsinlər, digər milli mədəniyyətlərlə sıx əlaqələr qursunlar və dünya mədəniy-yətinə öz layiqli töhfələrini bəxş etsinlər. Belə olsa, bəşəriyyət uduzmaz.
    Tərbiyə, onun tərkib hissəsi olaraq milli ruhda tərbiyə çox həssas və çox vaxt tutumlu bir prosesdir. Valideyn tərəfindən genlərlə övlada ötürülmüş bu kod ana südüylə və ana laylasıyla intişar tapır; ailənin, ictimai mühitin, təbii proseslərin təsiri altında formalaşır.
    Vətən anlayışında bir «kiçik vətən» (hər kəsin doğulduğu, dünyaya göz açdığı məkan) məfhumu var. Kiçik vətənini (ailəsini və kəndini) sevməyən kəs böyük vətənini (xalqını və ölkəsini), daha böyük vətənini (bəşəriyyəti və dünyanı) sevməz. Öz xalqının övladı olmayan bəşəriyyətin övladı ola bilməz.
    İnsanın ətraf mühitə münasibətlərinin məcmusu ilkin olaraq ailədə formalaşır və şaxələnir. Ailədən sonra fərdin tərbiyəsinə ən güclü təsiri onun yaşadığı içtimai mühit göstərir.
    Məsələyə bu müstəvidən yanaşsaq, xalq adət-ənənələrinin fərdin milli ruhda tərbiyə olunmasında əvəzsiz rolu vardır. Bu baxımdan doğma kəndim Umudlunun gözəl adət-ənənələri misilsiz idi. Kənddə körpədən tutmuş ixtiyar qoca-yadək hər kəsin öz yeri vardı. Və bu erarxiyanı heç kəs poza bilməzdi. Ağsaqqalın, ağbirçəyin dediyi qanun idi. Qarşı-lıqlı münasibətlərdə hörmət, ehtiram hökm sürərdi. Kimsə ayağını əyri qoysaydı, camaat tərəfindən qınaq görərdi və bir daha belə həpəkətə yol verməzdi. Yaxın qonşu (buna od qonşusu da deyərdilər) yaxın qohumdan irəli idi.
    Kəndin məclisləri adla deyilirdi (Tərtərdən də bunun çox şahidləri var).
    Qız qapısına ağsaqqallar, hörmətli adamlar elçi gedərdilər. «Hə» veriləndə şirinçay içilərdi. Nadir hallarda qızqa-çırma olardı. Onu da ağsaqqallar yoluna qoyardı.
    Toylarımız özgə bir aləm idi. Toy sahibləri ilə bahəm bütün kənd bu şənliyə hazırlaşardı. Bu, əsl el şənliyi idi. Qadın, kişi eyni çadırda müxtəlif tərəflərdə əyləşərdilər. Musiqiçilər mərkəzdə əyləşər, ortada oyun (rəqs) meydançası olardı. Aşıqlar da iki dəstə olardı: qara zurna və saz aşıqları. Aşıqların yanında toyun «padşah»ı əyləşər, «vəzir»in vasitəsilə toyu idərə edərdi. Növbə ilə hamı rəqs edər, gah da saz aşıqları dinlənilərdi. Bəy, gəlin məclisdə əyləşdirilməzdi. Yalnız ağsaqqalların təklifi ilə onları məclisə gətirib oynadardılar. Gəlin əlləri xınalı rəfiqələriylə və yengəsi ilə gəlin otağında, bəy öz yoldaşları ilə qonşuda (od qonşusugildə oturardı). Yekunda bəy tərifi olardı. Onda bəy öz sağdış və soldışıyla mağara gətirilərdi. Sağdış, soldış bağ bəzəyərdilər (ağac şəklində, üstündə şirniyyat və meyvə, başında soyutma çolpa). Bəzədilmiş bağlara qiymət qoyulardı. Ağsaqqallardan, qohumlardan, hörmətli adamlardan kimsə bağları (bəzən də hərə birini) satın alardı (bir at verdim, bir inək verdim, bir camış verdim, min tümən verdim və s.). Bundan sonra bəy tərifi başlanardı. Adı çəkilən gətirib xonçaya nəmər atar, bağdan pay alardı. Qız yengəsi bəyə və sağdış, soldışa xonça bağışlayardı, onlar isə xonça qabına nəmər atardılar. Aşıq arada şuxluq edər, məzəli sözlər oxuyardı. Bəy və yoldaşları tərəfindən «dodaq-qaçdı» olardısa cərimələnərdilər.
    Yaşlılardan kimsə yatağa düşəndə camaat vida görüşünə gedərdi. Ev yiyəsini təklik hiss etməyə qoymazdılar. El tökülüb hər şeyi özü həll edirdi. Yas məclisi əsl yas mərasimi idi. Bütün sifətlərdə işıqlı bir kədər olardı.
    Birisi ev tikəndə hamı tökülüb kömək edərdi. Heç kim fəhlə tutmazdı (kənddə bu anlayış yox idi). Həmkəndlilər növbə ilə gəlib ustanı işlədərdilər. Cavanlar əsgərliyə gedəndə, əsgərlikdən gələndə bütün kənd toplaşardı. Böyük şənlik məclisi düzənlənərdi.
    Ali məktəbə qəbul olanda, camaat hamılıqla təbrikə gələr, yenə böyük bir şənlik qurulardı. Tələbələr tətilə gələndə qonşular, qohumlar növbə ilə qonaq çağırardılar.
    Hər kəs arxasında el gücü hiss edər, özünü qüdrət sahibi sayardı (haqlı olaraq).
    Davar, mal-qara növbə ilə otarılardı, çoban yox idi.
    Payızda subay mal-qara aylarla (qar yağanadək) meşədə qalardı. Oğurluq yox idi.
    «Dağlar arxasında üç dost»-dan (Tərtər, Umudlu, Murov) biri olan Umudlu gözəl və saf təbiətin cənnət qoynunda qərar tutmuş gözəl və saf bir kənd, camaatı nadir camaat idi.
    Biz məktəbimizi də qoruyub saxlamışıq, onu öz adıyla (nömrəyə çevrilməyə qoymadıq) yaşadırıq. Bir məcburi köçkün məktəbi olaraq kökümüzdən ayrılmamağa, milli adət-ənənələrimizi yetişməkdə olan nəslə ötürməyə, onları milli-vətənpərvərlik ruhunda tərbiyə etməyə çalışırıq. Yaxşı müəllimlərimiz çoxdur.
    Lakin gənclərimizin milli ruhda tərbiyə olunmasına əngəl törədən bir çox amillər var. Bunlardan biri (bəlkə də birincisi) bədii ədəbiyyatdan (bu tərəfsiz və təmənnasız tərbiyəçidən) üz çevrilməsidir. İndi gənclər, demək olar ki, bədii ədəbiyyat oxumurlar. Dərsliklərin tərtibatı da elə kamil deyil, bəzən zəif mətnlər salınır dərsliklərə. Yaxşı olardı ki, ayrıca bədii qiraət dərsləri keçiləydi, ora Azərbaycan və dünya ədəbiyyatından dəyərli nümunələr salınaydı. K. Paustovskinin «Nimdaş şinelli qoca» hekayəsi kimi. Bu hekayədə kəndə yaşamağa gəlmiş bir pensiyaçıdan söhbət gedir. Hamı onu çətin maddi durumda olan nimdaş şinelli bir qoca kimi tanıyır. Lakin ölümündən sonra məlum olur ki, o, yüksək pensiya alan bir hərbiçiymiş. Pensiyasından kasıb tələbələrə təqaüd yollayırmış, ehtiyacı olanlara pul ayırırmış. Amalı da bu imiş ki, xalq simasını itirməsin.
    İndi orta məktəblərdə şagirdlərə əxlaqdan qiymət verilmir (vaxtilə verilirdi və bunun çox böyük təsir qüvvəsi vardır). Deyure deyirik ki, təlimlə tərbiyə ayrılmazdır, defakto şagirdləri əxlaqdan attestasiya etməməklə bunu inkar edirik. Digər dağıdıcı bir amil gənclərin müasirləşmə, avropalılaşma adıyla milli mentalitet və adət-ənənələrimizdən uzaq-laşmasıdır. Televiziya, internet bu prosesə çox münbit bir mühit formalaşdırır.
    Unutmaq lazım deyil ki, qloballaşan dünyada təkcə iqtisadi müstəvidə əmtəə bazarları uğrunda deyil, həm də ideologiyalar uğrunda mübarizə gedir. İqtisadi qüdrətimiz, müstəqilliyimiz var. Milli mentalitetimizi, özəl adət-ənənələrimizi, milli ideologiyamızı qoruyub saxlamaq çox vacib şərtdir. Sonra gec olar. Dialoqdakı kimi:

    Bəşəriyyət:
    – Hara gedirsən, ulu Dünya?
    Dünya:
    -Sabaha.
    Bəşəriyyət:
    – O, necə sabahdır?
    Dünya:
    – O, səndən asılıdır.
    Zabil Süleymanoğlu,
    Umudlu kənd tam orta məktəbinin direktoru

    Müəllif: Redaktor, 10:53

    Teqlər:

İsmarıclar bağlıdır.