Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Sen

    corek-liderxeberpedoman-umatSon zamanlar Bakı şəhərində evlərdən zibilxanalara atılan külli miqdarda çörək qırıntılarını və hətta bütöv çörəkləri gördükdə qərara gəldim ki, çörəyə olan belə münasibət və hörmət haqqında bir necə söz deyim. Məlumdur ki, çörək bəşər övladının ya-ranışından onun müqəddəs və ulu neməti olub. Onu insanlar analarının südü, laylası kimi əziz və əvəzsiz biliblər. Ata-babalarımızın, ağbirçək nənələrimizin ən böyük andı çörək olub: “çörək haqqı”, “bərəkət haqqı” andları dilimizin şirinliyi, şəkərliliyi olub. Hətta çörəklə bağlı qarğışlar da yaranıb: “çörək gözünü tutsun”, “görüm səni çörək üzünə həsrət qalasan”, “çörəyin küt getsin”, “çörəyin daşdan çıxsın” və s.
    Ta qədimdən istər şifahi, istərsə də yazılı ədəbiyyatda çörək haqqında saysız-hesabsız bədii nümunələr yaradılıb və yaradılır. Şair yaxşı deyib: “Çörək bol olarsa, basılmaz vətən”. Bəli, bu doğrudan da bir həqiqətdir. Çörək arımız, namusumuz, basılmaz qüdrətimiz, qüvvəmizdir.
    Oxuduğumuz kitablardan, baxdığımız kinolardan bilirik ki, Böyük Vətən müharibəsində düşmən gülləsindən yox, bir tikə çörəyə olan ehtiyacdan minlərlə adam ölüb. Ona görə də bilməliyik ki, çörək həyatdır, onsuz qələbə də, Vətənin mövcudluğu da mümkün deyil.
    Bir millət olaraq dostluğumuz, qardaşlığımız da çörəkdən kecib. Elimizdə, obamızda yaxşı, təqdir olunası, öyünüləsi bir adətimiz var. Kişi-kişiylə çörək kəsib, dost olub, qardaş olub. Müqəddəs nemət olan çörək doğrudan da insanları yaxınlaşdırır, doğmalaşdırır, mərd, əqidəli, əyilməz, dönməz edir.
    Çörək müqəddəsdir, halallıqdır, ta uşaqlıqdan valideynlərimiz bunu bizə başa salıb, aşılayıblar. Yadımdadır, ata-anam həmişə deyirdilər: “Oğul, heç vaxt çörəyi yerə atma, günahdır. Yerdə çörək görəndə, əyil götür, bir neçə dəfə öpüb gözünün üstünə qoy”.
    Halal kişinin çörəyini yeyəndə isə deyiblər: “Evində yediyim halal çörəyin haqqı”.
    Vaxt vardır ayağımızı yaşıl taxıl zəmisinə belə qoymazdıq. Bilirdik ki, zəmini ayaqlamaq olmaz, o bərəkətdir.
    Uşaqlıqda mənim və mənim kimi minlərlə insanın gördüyü qıtlıq, çörəksizlik şükür ki, bu gün yoxdur. Amma çox təəssüf ki, bu gün müqəddəs olan çörəyi ot-alaf yerinə mal-qaraya yedizdirir, çölə atırlar. Belə bir mənzərəylə rastlaşanda adamın ürəyi ağrıyır. Bilmirəm bu biçim adamlar müqəddəs nemət olan çörəyə necə qıyırlar? Çörəyə belə münasibət süfrəmizin bərəkətini qaçırır. Bakının ətraf kəndlərindən şəhərə süd, qatıq satmağa gələnlər evlərdən, zibil yeşiklərindən kisə-kisə quru çörək yığıb aparırlar. Bunun hesabatını aparan olsa görər ki, bir gündə ölkəmizdə neçə ton çörək, un, taxıl itkisi olur. Adam bilmir çörəyin qədrini bilməyib onu lazımsız şey kimi zibil qutusuna atanlara nə ad versin: nankormu, harınlamışmı?
    Atalarımız gözəl deyib: “Çörək itirən çörək tapmaz”. Çörəyi itirməyin, onu əziz tutun, qədir–qiymətini bilin.
    Ölkədə baş verən məlum hadisə–çörəyin və ərzaq məhsullarının bahalaşması insanları bərk silkələdi. Çox şükür ki, bu vəziyyət az da olsa düzəldi. Belə çətinliklər hər zaman ola bilər. Ona görə də çörəyin qədrini bilmək, israfçılığa yol verməmək lazımdır.

    Rasim AXUNDOV,
    professor

    Müəllif: Redaktor, 11:32

    Teqlər:

İsmarıclar bağlıdır.