Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Noy

    MAARİFÇİ VƏTƏNPƏRVƏR

    Zerdabi1Böyük Azərbaycan ziyalısı və müəllimi, milli mətbuat və teatrımızın banisi, Vətənimizdə qadın təhsilinin ilk carçılarından biri olan Həsən bəy Zərdabi 1842-ci ildə Şamaxı quberniyası Göyçay qəzasının Zərdab kəndində ziyalı bəy ailəsində doğulmuşdu. Həsən bəy 7-8 yaşlarından mədrəsədə oxusa da ilahiyyata maraq göstərməmişdi. Atası Səlim bəy balaca Həsəni 1852-ci ildə Şamaxıdakı ibtidai rus məktəbinə qoyur. Həsən bəy burada öz bilik və bacarığı ilə hamının diqqətini cəlb edir. Buraxılış imtahanında öz istedadı ilə Qafqaz Təhsil idarəsi müdirini heyran qoyan Həsən bəy onun təqdimatı ilə dövlət vəsaiti hesabına 1-ci Tiflis gimnaziyasına qəbul edilir. 1861-ci ildə oranı müvəffəqiyyətlə bitirdikdən sonra Moskva Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət elmləri şöbəsinə daxil olur. Qısa vaxtda uğurlarına görə dövlət təqaüdçüsü statusuna yiyələnir. 1865-ci ildə oranı namizəd diplomu ilə bitirən ilk azərbaycanlı olur.
    1869-cu ildə Həsən bəy böyük çətinliklə Bakı realnı gimnaziyasına təbiət tarixi müəllimi təyin olunur. Bununla da onun həyatında yeni dövr başlayır. Qafqazda fəaliyyət göstərən 10 gimnaziyada çalışan müəllimlər içərisində yeganə ali təhsilli azərbaycanlı idi. Həsən bəy xalqın övladlarının maariflənməsi, savadlanması üçün, ana dilində təhsil uğrunda mübarizəyə başlayır, azərbaycanlı uşaqları məktəbə cəlb etmək üçün xalq arasında təbliğat aparmaqdan yorulmur.
    İlk dəfə Həsən bəyin təşkilatçılığı ilə 1873-cü ildə “Hacı Qara” (Mirzə Fətəli Axundzadə) əsəri tamaşaya qoyulur. Buradan toplanan vəsait yoxsul şagirdlərin təhsil xərclərinə sərf olunur. Bununla da Azərbaycanın milli teatrının yaranmasına nail olur. Çox çəkmir ki, ana dilli qəzetin çap edilməsi ilə milli mətbuatın təməlini qoyur və 1875-ci il iyulun 22-də Bakıda “Əkinçi” qəzeti çapdan çıxır. “Əkinçi” qəzeti fəaliyyət göstərdiyi müddətdə xalqın maariflənməsinə ləyaqətlə xidmət edir.
    Azərbaycanın korifey maarifçisi Həsən bəy Zərdabi 1907-ci il noyabrın 28-də dünyasını dəyişdi. Ertəsi gün onun cənazəsi böyük bir izdihamla çiyinlərdə daşınaraq Bakıda Bibiheybət qəbiristanlığında dəfn olundu.
    Xalqımızın maarifpərvər ziyalısı Həsən bəy Zərdabinin ölümündən uzun illər ötür. Hər il noyabrın 28-də anım günü qeyd olunaraq onun milləti qarşısındakı xidmətləri yada salınır. Bu xidmətlər hər bir azərbaycanlı jurnalistin fəaliyyə-tində məktəb rolunu oynayır.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 13:01

    Teqlər:

İsmarıclar bağlıdır.