Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Noy

    TƏRTƏRİN YENİ, FİRAVAN HƏYATI BAŞLAYIB

    14482701775951739458_1000x669228584Müstəqillik illəri Azərbaycanın bütün bölgələrini tanınmaz dərəcədə dəyişdirib. O cümlədən Tərtər rayonu daha da gözəlləşib. Ən başlıcası isə, bizi ən çox narahat edən problemlər –əhalinin elektrik enerjisi, qaz və içməli su ilə təchizatı məsələləri həll olunub. İnsanların rahat yaşaması onların işgüzarlığını, doğma yurdu abadlaşdırmaq həvəsini qat-qat artırıb.
    Tərtərdə son illərin yeni tikintilərini saymaqla qurtaran deyil. Bunların hamısı–yeni şahmat məktəbi, tarix-diyarşünaslıq muzeyi, məktəblər, uşaq bağçası və digərləri həyatımızı daha da mənalandırıb. Amma son illərin bir böyük tikinti layihəsi var ki, bu gün təkcə rayonumuzda deyil, respublikamızın hər yerində bu barədə danışırlar. Bu, Tərtərin ərazisində, Şıxarx qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün salınan iri qəsəbədir. Bura gələndə, hündür çoxmərtəbəli yaşayış binalarının arasında rayon yerində olduğunu unudursan. Möhtəşəm orta məktəb binasını, musiqi məktəbini, uşaq bağçasını görənlər heyranlıqlarını gizlədə bilmirlər. Həqiqətən, çox az bir vaxt ərzində dövlət başçısının tapşırığı əsasında burada əsl şəhər tipli nümunəvi bir qəsəbə salındı.
    Bütün bunlar rayonumuzun həyatında son illər əldə olunmuş nailiyyətlərdir. Amma ən böyük qələbə cari ildə kənd təsərrüfatı sahəsində qazanılıb. Hətta 2017-ci ili pambıqçılıq sahəsində intibah ili də adlandırmaq olar.
    Söhbət təkcə rəqəmlərdən getmir. Halbuki bu rəqəmlərin arxasında dayanan işlər ölkəmizə valyuta gətirir, dövlətimizi qüdrətləndirir. Bununla bərabər pambıqçılığın dirçəldilməsi rayonda işsizlik probleminə çox böyük kömək oldu. Kəndlilərin evlərinə halal qazanc gəldi.
    Tərtərlilər bu qazancın qədrini yaxşı bilirlər. Çünki 70-ci illərdə də məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda pambıqçılıq inkişaf etdiriləndə, onların həyatında bu cür dəyişikliklər baş vermişdi. O zaman 5 nəfər tərtərli qadın Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldü. Hər kənddə daşdan yeni evlər tikildi, ailələr minik maşınları aldılar. Hətta bu minik maşınlarının çoxu “ağ qızıl” uğrunda mübarizədə əldə olunan qələbəyə görə qabaqcıl əmək adamlarına mükafat olaraq verilirdi. Buna görə də indi yaşlı nəslin nümayəndələri həmin dövrü minnətdarlıq hissi ilə xatırlayır və bu gün görülən işləri razılıqla qarşılayırlar.
    Qazyan kəndinin sakini, bir vaxtlar Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş Şükufə Quliyeva deyir:
    –70-ci illər həyatımın ən gözəl dövrü idi. Çox zəhmət çəksəm də, bəhrəsini görürdüm. Dəfələrlə Ali Sovetin sessiyalarında Ulu Öndərlə görüşmüşəm. O, sadə insanlara böyük qayğı ilə yanaşırdı, həm də bizi yeni əmək qələbələrinə ruhlandırırdı. Heydər Əliyev Moskvaya getdikdən sonra tədricən pambıqçılıq sahəsində geriləmə yarandı. Elə müstəqilliyimizin ilk illərində də kənd əməkçiləri bu sahədən uzaqlaşdılar.
    Onun fikrini həmin kəndin təcrübəli fermerlərindən olan Suliddin Əkbərov davam etdirir:
    –Gözümüzü açandan kənddə pambıq becərildiyini görmüşük. İnsanların bu sahədə zəngin təcrübəsi var. Amma çətinliklər çox olduğu üçün, tədricən pambıqçılıq unudulmuşdu. Xüsusən də Qarabağ münaqişəsi nəticəsində Sərsəng Su Anbarının işğal edilməsi, bu səbəbdən yaranan su qıtlığı, mövcud texnikanın köhnə olması və digər səbəblər o yerə gətirib çıxarmışdı ki, kənddə heç kim pambıq əkmək istəmirdi. Pambıqçılığın unudulması isə kəndlərdə işsizliyin artmasına gətirib çıxarmışdı. Bu sahəni dirçəltmək üçün güclü bir dəstək lazım idi. Bu dəstəyi biz Prezident İlham Əliyevdən, dövlətimizdən gördük.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Sabirabadda keçirilən pambıqçılığın inkişafına dair ilk respublika müşavirəsi Azərbaycanın bütün regionlarında olduğu kimi, Tərtərdə də böyük maraq və razılıq hissi ilə qarşılandı. Bu, çoxdan gözlənilən bir hadisə idi. Məhz həmin günlərdə kəndlərdə yaşayan yaşlı nəslin nümayəndələri, 70-ci illərin məşhur “ağ qızıl” ustaları rayon rəhbərliyinə müraciət edərək öz köməkliklərini təklif etmişlər.
    Həmin müşavirədə ölkə başçısı demişdir: “1970-1980-ci illərdə Ulu Öndər Sabirabada və pambıqçılıqla məşğul olan digər rayonlara səfər edərkən məni də özü ilə aparırdı. Mən də o illərdə dəfələrlə onunla bərabər Sabirabadda olmuşam, o müşavirələrdə iştirak etmişəm. Pambıq tarlalarında, tarla düşərgələrində pambıqçılarla görüşü zamanı onunla bərabər olmuşam. Yəni, o xatirələr mənim ürəyimdə yaşayır və bu gün daha da aydın görünür ki, Ulu Öndər Heydər Əliyev nə qədər uzaqgörən və xalqa bağlı bir insan idi. Çünki o, yaxşı bilirdi ki, pambıqçılığın Azərbaycanın müttəfiq respublika kimi inkişafında və Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılmasında çox mühüm yeri var”.
    Bu gün Azərbaycan müstəqil dövlət kimi qarşıda duran bir çox məsələləri həll edib. Regionların sürətli inkişafına nail olunub, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə işlər görülüb. İndi dövlət kənd təsərrüfatının, o cümlədən pambıqçılığın inkişafına daha çox fikir verir və bu sahəyə güclü dəstək göstərir. Görülən işlərin nəticəsidir ki, 2016-cı il Azərbaycanda pambıqçılıq sahəsində dönüş ili oldu və 2015-ci illə müqayisədə 3 dəfə çox pambıq götürüldü.
    Bu məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Saatlı rayonunda keçirilən müşavirədə deyib: “Pambığın alış qiyməti keçən il 41 qəpikdən 50 qəpiyə qaldırılmışdır, eyni zamanda 10 qəpik subsidiya verilir. Vətəndaşlar hər gün tarla başında öz halal pulunu alırlar. Artıq vətəndaşlar tərəfindən pambıqçılığa çox böyük maraq yaranıb. Bax, bu, çox önəmli amildir”.
    Pambıqçılığa böyük maraq yaranması Tərtər rayonunun timsalında da aydın görünür. Əgər keçən il burada cəmi 1035,4 hektar sahədə bu qiymətli bitki əkilmişdirsə, cari ildə pambıq plantasiyaları 3.123 hektar sahəni əhatə edir. Məhsuldarlıq da müqayisədə xeyli yüksəlib. Ötən il “ağ örpəkli” tarlaların hər hektarından cəmi 22,5 sentner məhsul götürülmüşdürsə, bu mövsümdə əksər təsərrüfatlarda həmin rəqəm 25-i keçib, hətta rekord miqdarda–hektardan 40 sentner pambıq götürənlər də var.
    MKT İK MMC Qarabağ Regional Filialı Tərtər Məntəqəsinin müdiri Teymur Hacıyev deyir:
    –Məntəqəmiz cari mövsüm üçün 1980 hektar sahədə pambıq əkilməsindən ötrü 688 nəfər sahibkarla müqavilə bağlamışdır. Indiyədək 5468 ton 306 kq məhsul qəbul etmişik. “Ağ qızıl”ın 91 faizi kombaynlarla toplanıb. Məntəqədə 7 ədəd xarici kombayn var və bunların gücü ilə hər bir fermerin yetişdirdiyi pambıq vaxtında, gecikdirilmədən toplanaraq təhvil verilir.
    Teymur müəllim bildirdi ki, Qaynaq kəndindən Zakir İmanov hər hektardan 42 sentner, Vəliyədddin Muradov 39 sentner məhsul götürüblər. Bu, insanlarda pambıqçılığın dirçəldilməsinə böyük maraq olmasından xəbər verir. Həmin marağı doğuran isə, əlbəttə, dövlətin dəstəyi və pambıqçılığın inkişafı üçün yaradılan münbit şəraitdir. Əgər ötən illərdə tarlalarda əsasən sovet istehsalı olan köhnə texnika işləyirdisə, indi kənd əməkçilərinin ixtiyarına ən müasir xarici kombaynlar və digər traktorlar verilib. Əkilən toxum sortları da çoxməhsuldardır. Bu il Tərtər rayonunda əkilən “BA-440” (Bəyaz Altun) sortu özünü doğrultdu. Elə bir təsərrüfat olmadı ki, əkdiyinin bəhrəsini götürməsin. Sanki bəmbəyaz tarlalar insanların xoş gələcəyindən, ağ günlərindən xəbər verirdi.
    Tərtər rayonu üçün pambıqçılıqda yalnız bir çətinlik var ki, bu da suvarma suyu ilə bağlıdır. Belə ki, əgər sovetlər dövründə Sərsəng Su Anbarından gələn su ilə 40 sentner pambıq götürülürdüsə, indi həmin suyun gəlməsi bərpa olunsa, müasir texnika, toxum, gübrələr və insanların işgüzarlığı ilə hər hektarın məhsuldarlığını daha da artırmaq olar.
    Əlbəttə, dövlətimiz bu məsələdə də insanlara kömək edir, alternativ su mənbələri yaradılır. Təkcə son 3 il ərzində rayon ərazisində 61 ədəd yeni subartezian quyusu qazılmışdır. Butövlükdə isə Tərtər Subartezian Quyuları İstismarı İdarəsi rayon üzrə 489 subartezian quyusunun istismarı ilə məşğuldur və bunların vasitəsilə 13.500 hektar əkin sahəsi suvarılır. Tərtər Suvarma Sistemləri İdarəsi isə 27.513 hektar sahənin suvarmasına xidmət edir ki, bunun da 13.326 hektarı Tərtərçay Hidroqovşağının İstismarı İdarəsinin payına düşür. Yay aylarında, pambığın suvarılmasına ən ciddi ehtiyac duyulduğu zaman, ermənilər Sərsəng Su Anbarından gələn suyun qarşısını kəsirlər. Bu vaxt, gərginlik yaşanmasın deyə, rayondakı bütün su idarələri xüsusi cədvəl əsasinda işləyir, suvarmaya bu məqsədlə ayrılmış növbətçilər nəzarət edir və işdə yaranmış hər bir nasazlıq aradan qadırılır. Bununla belə mənfur düşmənin əməlləri pambığın məhsuldarlığına öz təsirini göstərir.
    Tərtərdə olan digər bir məntəqə–Tərtər Pambıq İstehsalı və Tədarükü Məntəqəsi bi il 155 sahibkarla müqavilə bağlamışdır. Həmin müqavilələrə əsasən 1063 hektar sahədə çiyid səpini aparılmış, bol məhsul yetişdirilmişdir.
    Torpağın səpinə hazırlanmasından tutmuş məhsulun toplanmasınadək bütün işlər mütəxəssislərin nəzarəti altında aparıldığından, nəticələr sevindiricidir. Yığım məntəqədə olan 4 pambıqyığan kombaynın vasitəsilə aparılıb.
    Tərtər KT MMC isə bu ildən fəaliyyət göstərir. Direktoru Səbuhi Hüseynovdur. Səbuhi müəllimin atası Hətəm kişi uzun müddət rayonun İrəvanlı kəndində pambıqçılıq briqadiri işləyib. Ona görə də pambığın yetişdirilməsini Səbuhi doğma və özünə yaxın olan bir iş kimi qəbul edir. O deyir ki, ölkəmizdə pabıqçılığın bərpası atamı və onun kimi öz həyatlarını bu sahəyə həsr edən insanları çox sevindirir. Çünki pambıq üz ağardan və çox qiymətli bitkidir, ən başlıcası isə, kəndlilər üçün iş yerləri yaranır, hər kəs evinə qazanc gətirir.
    Düşmənlə təmas xəttində yerləşən, onun bütün təxribatlarına mərdliklə cavab verən, eyni zamanda qurub-yaradan Tərtər rayonunun bütün kəndləri bu ilin payızını gözəl ağ libasda qarşılayıb. Bəyaz tarlaların sükutunu kombaynların gurultusu və pambıqçıların sevinc dolu səsləri pozub. Tərtərin yeni, firavan həyatı başlayıb.

    Svetlana Bağırova
    (Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün.)

    Müəllif: Redaktor, 12:16

    Teqlər:

İsmarıclar bağlıdır.