Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 14Mar

    Novruz bayramı xalqımızın ən sevimli və ən əziz bayramıdır desək, yanılmarıq. Bizim digər bayramlarımızdan fərqli olaraq bu bayramı biz ayrı coşqu və həyəcanla qeyd edirik. Bəlkə bu, bayramı özümüzə daha doğma, daha yaxın hiss etdiyimizdən və bu ”doğmalığın” çox uzun bir tarixi olduğundan irəli gəlir. Novruz bayramı təbiətlə, fəsillərin dəyişməsi ilə bağlıdır və bu bayram yer üzündəki canlı varlıqların həyatına oyanış, təzəlik, yeni başlanğıc gətirir. Biz insanlar da ana təbiətin bir hissəsiyik və bizim də bu bayrama qatılmağımızdan təbii bir şey ola bilməz. Demək, Novruz təkcə bizim və ya digər xalqın bayramı deyil, bütün insanlığın və Yer üzündəki bütün canlı varlıqların bayramıdır.
    Novruz bayramını martın 21-də, çox əlamətdar bir tarixdə keçiririk. Bu gündə gecə ilə gündüz bərabərləşir və yeni bir fəslə–Bahar fəslinə qədəm qoyuruq. Elə buna görədir ki, xalq arasında bu bayramı Bahar bayramı da adlandırırlar. Novruz bayramının mənası yeni gün deməkdir. Baharın gəlişi ilə yeniləşən, yuxudan oyanan ana təbiət uzun, soyuq qışdan sonra yaşıl donunu geyinməyə tələsir, ağaclar tumurcuqlayır. Isti ölkələrdən ölkəmizə qayıdan quşların nəğməsi ətrafı bürüyür, min rəngli, min ətirli gül-çiçək çöllərimizi-bağlarımızı bəzəyir.
    Bəli, elin-obanın, hamının şənliyinə dönən Novruz bayramı ölkəmizin hər yerində böyük sevinc, coşqu ilə qarşılanır. Hər bir ailə, hər məhəllə səbirsizliklə yolunu gözlədiyi bu bayramı keçən bayramdan daha gözəl keçirməyə sankı rəqabət aparırlar. Bayrama hazırlıq işləri isə daha çox əvvəllərdən başlayır: həyət-baca sahmana salınır, evlərdə təmizlik işləri aparılır, çöllərdə əkin işinə başlanılır. Novruzu həm də bərəkətin, bolluğun bayramı kimi görmək lazımdır. Bayramda evlərimizi bəzəyən səməni yeni ildə arzu edilən bu bolluq-bərəkətin rəmzi sayılır.
    Xalq bayram günu meydanlara çıxaraq birlikdə Novruz şənlikləri keçirdir. Güləşmə, at çapma yarışları keçirdilir, məzhəkəçilər, kəndirbazlar müxtəlif oyunlar göstərirlər. Hər məhəllədə tonqal qalanır, uşaqlar, gənclər tonqalların üstündən atlanaraq yeni ilə niyyətlərini edirlər. Bu bayramda ən çox sevinən uşaqlar olur.
    Xalqımızın zəngin adət-ənnəsini bu bayramda bütün gözəlliyi ilə bir daha görmək olur.
    Novruz bayramının baş qəhrəmanı isə Kosa və Keçəldir. Kosa və Keçəlsiz heç bir el şənliyi, bayram olmaz. Kosa və Keçəl xalq içindən hazırcavab və artistlik məharəti olan insanlardan seçilir. Azərbaycanımızın ən uzaq kəndlərinə də getsəniz, orda da xalq seçdiyi Kosanı və Keçəli şənliyin mərkəzində görərsiniz. Xalq Kosanın və Keçəlin məzəli söhbətlərinə və hərəkətlərinə böyük zövqlə qulaq asıb, çıxardığı oyunlara baxaraq əylənir.
    Nəğmələri oxuduqdan, əyləndikdən sonra Kosa və Keçəl başına yığılan dəstə ilə ev-ev, qapı-qapı gəzirlər. Hamı adətimizə əməl edərək onlara bayram payı verir.
    Novruz bayramında bütün evlərdə gözəl süfrələr açılır, xoncalar tutulur, şamlar yandırırlır, bayram şirniyyatı bişirilir. Ailə, dost, tanış-biliş bir-birinə qonaq gedib bayramlarını təbrik edirlər, bayram sovqatı aparırlar. Nişanlı qızlarımıza xüsusi bayram xonçaları tutulur.
    Novruz günlərində küsülülər ba-rışır, unudulmuş , kimsəsiz insanlara, ata-anasız uşaqlara, qocalara yardım edilir, onlara bayram payı aparılır, ürəklərini sevindirirlər.
    Novruz insanları bir-birinə yaxınlaşdıran, gözəl əhval-ruhiyyə bəxş edən bir el bayramıdır. Bu bayramın elimizə, xalqımıza əmin-amanlıq, firavan həyat, xoşbəxt günlər gətirməsini arzu edirik!

    Müəllif: Redaktor, 10:31

    Teqlər:

İsmarıclar bağlıdır.