Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 14Mar

    Bu bayram YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səyi nəticəsində YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir
    Artıq bütün dünyada qeyd olunmaqda olan Novruz Azərbaycan xalqının qədim bayramlarındandır. Hələ keçmiş zamanlarda bu bayram 12-15 gün qeyd olunub. Bayram günlərinin öz ritualları, adət-ənənələri mövcuddur. Yazılı mənbələrə istinadən demək olar ki, Novruz bayramı eradan əvvəl 505-ci ildə yaranmışdır. Dünyəvi şair Nazimilmülkün “Siyasətnamə”sin də, Ömər Xəyyamın “Novruznamə”sində və digər şair və yazıçılarımızın əsərlərində Novruz xalqımızın ən geniş şəkildə qeyd etdiyi bayramlardan biri kimi göstərilmişdir. Nizami Gəncəvinin “İskəndərnamə” poemasında Nüşabənin İsgəndəri məhz Novruz bayramında qonaq çağırması və tonqal ətrafında ona müxtəlif cür Novruz adət-ənənəsini özündə əks etdirən nemətləri təqdim etməsi bu bayrama xüsusi önəm verildiyini göstərir.
    Novruz Baharın gəlişi ilə əlaqələndirilir. “Yeni gün” anlamına gələn bu bayram İslam adət-ənənəsinə də tam uyğundur.
    Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruzda küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır, bağban meyvə ağaclarını budayır, uşaqlar novruzgülü dərmək üçün dağlara, yamaclara, meşələrə üz tuturlar. Ona görə də, bayram günləri hər bir kəsin dodağında bu misralar səslənir:
    Novruz, Novruz bahara,
    Güllər, güllər nübara,
    Bağçamızda gül olsun,
    Gül olsun bülbül olsun,
    Bahar gəldi, Bahar gəldi, xoş gəldi,
    Xəstə könül onu görcək dirçəldi.
    Bayramın gəlişi ilə qız-gəlinlər milli adət-ənənəyə uyğun libaslar geyinir, evlər bəzədilir, palaz-paltar yuyulur, həyət-baca süpürülərək təmizlənir. Təbii ki, axşam vaxtı qaranlıq düşəndə bütün el-obada tonqallar qalanır. Tonqalların üstündən hər kəs ənənəyə uyğun olaraq üç dəfə hoppanmaqla köhnə ilin azar-bezarının elə köhnə ildə də qalmasını arzulayır. Tonqal üstündən hoppanarkən hər kəs bu nəğməni oxuyur.
    Ağırlığım, uğurluğum odlara,
    Yazda mənlə hoppanmayan yadlara.
    Əsasən də yetkinlik yaşına çatan gənc qızlar kənardan onun dediklərini eşitməsinlər deyə ürəklərində bu nəğməni oxuyarlar.
    Ağrım-uğrum tökülsün,
    Oda düşüb kül olsun,
    Yansın Alov saçılsın,
    Mənim bəxtim açılsın.
    Azərbaycan xalqının bağlandığı və geniş şəkildə qeyd etdiyi Novruz bayramında süfrələrə cürbəcür xörəklər, meyvələr, şirniyyatlar düzülür. Süfrənin bəzəyi isə səməni olur. Təbii ki, bu halda süfrədən gül-çiçək, su, güzgü, qızıl əşyaları da əskik olmur. Aş gətirildikdə isə ailə üzvlərinin hər birinin adına şamlar yandırılır. Adət-ənənəyə uyğun olaraq bayram günü hər kəs öz evində olmalıdır. Qəmi-kədəri unudub, şən əhval-ruhiyyədə bir-birinə xoş sözlər deməlidirlər.
    Novruz bayramı demək olar ki, Azərbaycanla yanaşı bütün Şərqdə, xüsusilə də, Mərkəzi Asiyada, İranda, Pakistanda, Türkiyədə, Qazaxıstanda, Tacikistanda, Özbəkistanda, Türkmənistanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd olunur. Qonşu dövlət olan Gürcüstanda dövlət səviyyəsində Novruz bayramına xüsusi önəm verilmiş və martın 21-i qeyri-iş günü elan olunmuşdur.
    Novruz bəzən insanın yaranışı ilə də əlaqələndirilir. Yəni insanın dörd ünsürdən-su, od, torpaq və küləkdən yarandığı qeyd olunduğu kimi, Novruzda da dörd çərşənbə mövcuddur. Hər çərşənbə bir ünsürlə əlaqələndirilir. İlk çərşənbə Su-yəni Bahara doğru çayların buz bağlayan hissəsi əriyib çaylara tökülür, torpaq yavaş-yavaş islanmağa başlayır. İkinci çərşənbə Od çərşənbəsi adlanır. Bu anlama görə Bahara doğru Günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu oyatmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayırlar. Üçüncüsü, Yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir. Dördüncü çərşənbə isə Torpaq çərşənbəsi adlanır. Torpağı ana təbiət-Allahımız su ilə islatdı, Günəşlə isitdi, onu oyatmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla, kotanla məhz torpaq çərşənbəsi günündə başlayırlar. Çərşənbələr arasında ən vacibi İlaxır çərşənbə hesab olunur. Həmin gün qədim ənənələrlə zəngin olur. Bütün həyat tərzini əhatə edən, təzəcə ilə xoş arzular, ailə səadəti, xoşbəxtlik və bütün bədbəxtlikdən uzaq olmaq arzulanır. Su və odla bağlı çərşənbələrdə də maraqlı ənənələr mövcuddur. Azərbaycan odla bağlı ölkə olaraq onun bu zəngin ənənəyə malik olması heç də təsadüf sayıla bilməz. Od saflaşma və təmizləmə deməkdir. Su ilə əlaqədar olan ənənələr Azərbaycanda təzə illə bağlıdır. Təzə ildə axar suyun üzərindən tullanmaqla ötən ilin günahlarını yumuş olurlar. Bundan başqa bütün ailə üzvləri ötən ilin axırıncı gecəsi yatmazdan əvvəl bir-birinin üstünə su çiləyirlər. Əgər təzə il axşamı hər kəs bu sudan içdisə, onlar təzə ildə bütün xəstəliklərdən uzaq olurlar. Novruzun ən yüksək zirvəsi köhnə ilin öz səlahiyyətlərini təzə ilə verəndə olur. Bu anda köhnə ənənəyə görə Novruzun şərəfinə top və tüfənglərdən yaylım atəşləri açılır. Beləliklə, arzu edək ki, Novruz yurdumuza bahar təravəti, xoşbəxtlik və firavanlıq gətirsin.

    Müəllif: Redaktor, 14:38

    Teqlər:

İsmarıclar bağlıdır.