Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Mar

    İbadətgah Yaradana ibadət olunan və dualar oxunan müqəddəs yerlərdir.
    Ziyarətgah isə insanların ziyarət etdikləri inanc yerləri və inandıqları müqəddəs məkanlardır. İbadət və ziyarət etmək, nəzir-niyaz vermək bəşərin yaranışından şüurlarda formalaşan bir məziyyətdir. İnsan nəyə ürəkdən inanırsa, bu inama varlığı ilə bağlanır və bu inanca görə onun niyyətləri əksərən yerinə yetirilir.
    Əhvalat. Bir din adamı xəstələnir. Hara gedirsə, kimə müraciət edirsə naxoşluğunun əlacı tapılmır.
    Onda bir məşhur təbibin bu mərəzi mütləq sağaldacağı haqqında dərin inam oyadırlar. Kişi uzaqda yaşayan həmin loğmanın yanına getməyi qərara alır və belə də edir. Loğman bu din adamını yoxladıqdan sonra ona təbii bitkilərin qarışığından bir dərman hazırlamaq üçün gül-çiçəyin və otların siyahısını verir. Din adamı kağızı alıb, dinməz-söyləməz evinə dönür və elə bilir ki, bu resept bir duadır. Loğmanın kağızını bir dolça suya qarışdırıb içir. Onda sağalacağı barədə loğmana qarşı o qədər inam yaranmışdı ki, dua bilib qarışdırdığı suyu içəndən sonra bu adam sağalır və o təbibə ömrü boyu minnətdar olur.
    Bəli, inam həmişə möcüzələr yaradır. İnsanın varlığının özü də elə bir möcüzədir.
    Ürəkdən inanıb ziyarətgahlara gedənlərin niyyətləri çox vaxt hasil olur. Bu, zaman-zaman belə olmuşdur, indi də belə-dir. Əlbəttə, xurafatla müqəddəs məkanlara inamı eyniləşdirmək olmaz.
    Azərbaycanın bölgələrində xeyli ziyarətgah vardır. Bunlara pir və ocaq da deyirlər. Bəzən seyid qəbirləri də ziyarətgaha çevrilir.
    Tərtər rayonunda da həm qədim, həm də müasir ibadət və ziyarət yerləri mövcuddur. Bunlar ciddi elmi araşdırmalar tələb edir. Onların kimlərin adı ilə bağlı olduqları, tarixləri, yaranma səbəbləri bir çoxlarına məlum deyil. Halbuki hər bir ibadətgah və ziyarətgah ayrıca tədqiqat məkanıdır.
    Tarixi qaynaqlara əsasən Tərtər rayonunun ərazisində də məscid və türbələr kimi ibadət və ziyarət yerləri mövcuddur. Onlardan bəziləri ilə tanış olaq.
    Tərtər “Cümə” məscidi
    Məscid qoşa minarələri ilə birlikdə XIX əsrdə şəhər əhalisinin köməkliyi ilə tikilmişdir. Məscidin avadanlıqla təmin olunmasını Əliş adlı bir nəfər yerinə yetirmişdir. Çilçırağı Məşədi Topuş tərəfindən Varşavadan alınıb məscidə hədiyyə edilmişdir. Məscidin iki otağı, bir böyük ibadət zalı sonralar dərman anbarı, pioner evi, şahmat məktəbi və tarix-diyarşünaslıq muzeyi kimi istifadə olunmuşdur.
    1990-cı ildə və sonralar məsciddə bərpa işləri görülmüşdür. Bura dövlət tərəfindən qorunur.
    Hazırda axundu Hacı Sadiq Cəfərovdur.
    Qaradağlı kəndindəki məscid
    Məscid XIX əsrin sonunda – 1890-cı ildə inşa olunmuşdur. Yaşlı adamların dediyinə görə kəndin ağsaqqalı Zəkəriyyə adlı bir nəfərin təşəbbüsü və maliyyə yardımı ilə tikilmişdir.
    Deyilənə görə əsrin əvvəllərində Türkiyədən gəlmiş bir türk vətəndaşı bu məsciddə kənd uşaqlarına dərs demişdir. Sonralar məsciddən MTS, məktəb, tibb məntəqəsi kimi istifadə olunmuşdur. Dövlət tərəfindən qorunur.
    Qaynaq kəndindəki məscid
    Məscid XIX əsrdə kənd əhalisinin köməkliyi ilə inşa edilib. Deyilənə görə İrandan gəlmiş bir nəfər burada dərs demişdir. Məscid 4 otaqdan və ibadət zalından ibarətdir. Dövlət tərəfindən qorunur.
    Azadqaraqoyunlu kəndindəki məscid
    Deyilənə görə bu məscid Azad ağanın oğlu Behbud ağanın xahişi ilə tikilmişdir. Məscidin qarşısındakı daş kitabələrdə tarixlər və müxtəlif yazılar var. Sonralar məscid kolxoz idarəsi, anbar, məktəb binası kimi istifadə olunmuşdur.
    Məscidin milli nəqqaşlıq üslübunda olan xarici bəzəkləri, taxta sütunlar üzərindəki oymalar indi də diqqəti cəlb edir. Binanın giriş qapısının sağ və sol tərəflərində 2 daş kitabə var. Birinci kitabədə “1895-ci ildə tikilib. Azad ağa Cavanşir” yazılıb. İkinci kitabədə isə “Memar Kəlbəlayi Səfixan” yazılıb. Azadqaraqoyunlu, İlxıçılar, Qapanlı kəndlərinin əhalisinin köməkliyi ilə tikilmişdir.
    Divarın eni 65 santimetrdir.
    Dövlət tərəfindən qorunur.
    * * *
    Həmçinin, son illərdə rayon ərazisində bir neçə məscid fəaliyyətə başlayıb.
    Buna misal olaraq Hacıqərvənd kənd sakini Suqra xanımın təşəbbüsü və yaxından köməkliyi ilə tikilib istifadəyə verilmiş məscidi (hazırda mütəvəllidi, yəni dini rəhbəri Ramiz Əliyevdir), Qaynaq kənd məscidi (qədimi tikili) (dini rəhbəri Nəriman Əliyevdir).
    Əskipara kəndində kənd sakini Hacı Fərhadın yaxından dəstəyi ilə inşa edilmiş, müasir üslubda tikilib kənd dindarlarının istifadəsinə verilmiş məscidi (dini rəhbəri Saleh Ədilovdur) göstərmək olar.
    Rayonumuzun ərazisində ibadət yerləri ilə yanaşı, məşhur ziyarətgahlar – ocaqlar da mövcuddur. Bu məkanlara insanların böyük inancları vardır.
    Kəngərli kəndindəki türbə –“Ələm Ocağı”
    Yerli əhalinin dediyinə görə Türbə 1883-cü ildə Əcəb adlı bir qadının vəsaiti hesabına Məhəmməd adlı bir bənna tərəfindən tikilmişdir. Əvvəllər türbənin yerində qəbir olub. Sonralar qəbirin üstü açılanda oradan ələm və çoxlu Quran kitabları çıxıb. Həmin vaxtdan da “Ələm Ocağı” kimi ziyarətgaha çevrilib.
    1987-ci ildə Kəngərli kənd sakini Məhərrəm Əziz oğlu Allahverdiyev tərəfindən türbə yenidən bərpa olunub. Rayonda ziyarətgah kimi tanınır.
    Hal-hazırda dövlət tərəfindən qorunur.
    “Çıqqanax Ocağı”. Tarixi 200 ildən çoxdur. Düyərli kənd qəbiristanlığında yerləşən ziyarətgahdır.
    “Mir Qafar ağanın Ocağı”. Rayonumuzun Seydimli kəndindədir. Tarixi son dövrləri əhatə edir.
    “Kələ Seyidin Ocağı”. Rayonumuzun Hacıqərvənd İƏD-nin ərazisində yerləşir.
    Əlbəttə, bizim bilmədiyimiz ibadətgah və ziyarətgahlarımız da vardır. Onları axtarıb tapmaq və tarixini öyrənmək hər bir tərtərlinin borcudur.

    Tofiq YUSİF

    Müəllif: Redaktor, 10:36

    Teqlər:

İsmarıclar bağlıdır.