Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyl

    Dünya binnət olandan üzü bəri xeyirlə şər qoşa qardaş kimi yol gəlir və bu “qardaşlıq” Qiyamət Gününə kimi də davam edəcək. Elə ki, “İsrafil Sur düdüyünü caldı”, dünya darmadağın olacaq, yer kürəsindən həyat silinəcək, bəlkə onda xeyirlə şərin “qardaşlığı” sona çatdı, ta ki, təkayaqlı Ənnaslar kimi yeni bir nəsil yaranır, təzə bir həyat başlanır. Bəlkə də heç başlanmayacaq?! Bu, Tanrının işidir, bizlik deyil. Bizlik olan odur ki, hazırda həm yas, həm də toy məclislərimizi bərbad hala salmışıq. Əlbəttə, toy sevincdir, yas isə kədər. Toyda oynayıb-gülüb şənlənərlər, yasda isə ağlayarlar, kədərlənərlər. Amma hər şeyin bir əndazəsi, bir mizantərəzisi var. Elə ki, bu ölçülər pozuldu, onda ikrah yaranır.
    Açığını deyək, bəzi yerlərdə ehsan süfrələri toylardakına oxşayır–mənşəyi bilinməyən şirniyyatlar, sular, şirələr, geni dəyişdirilmiş meyvələr –banandan tutmuş ananasa qədər, cürbəcür xörəklər–plovdan tutmuş dolmaya, bozartmaya qədər, yuxa, lavaş, təndir çörəyi, pendir, goy-göyərti, xiyar, pamidor, turp, çərəzlər və s. Bircə zurna-balabanı çatışmır. Ən dözülməzi isə odur ki, meyit ortadan götürülməmiş ailə üzvləri ehsan üçün kəsilməyə mal axtarır, xörək bişirməyə başlayır və təmtəraq üçün digər hazırlıq işləri görürlər. Insanlar da dəfn günündən tutmuş 3-ü, 7-si, cümə axşamları və 40-ı da daxil olmaqla müxtəlif çeşidli xörəklərdən bəhbəhlə yeyərək, pürrəngi çaydan içir və bəlkə də mərhumun ruhuna hec dua da oxumurlar. “Başına daş düşmüş” yazıq kasıb da imkanlı qonum-qonşudan geri qalmamaq üçün borca, kreditə girməli də olsa belə eyni dəbdəbə ilə ehsan verməyə məcbur olur və nəticədə ailə maddi cəhətdən acınacaqlı duruma düşür və bu dözülməzlikdən çıxış yolu tapa bilmir. Hələ qəbrin üstünün götürülməsini demirəm. Bu məsələ tamamilə ayrıca bir problemdir və ağrılı bir sahədir. Hər kəs öz doğmasının itkisindən göynəyir, pəjmürdə olur və onun ruhuna hörmət əlaməti olaraq əlindən gələni etməyə çalışır. Lakin bu o demək deyildir ki, islamın şərtlərini pozaraq müsəlmançılıqdan çıxasan, “Qurani-Kərim”in və müqəddəslərimizin buyruqlarını vecinə almayasan. Hər hansı bir imkanlı (və yaxud imkansız) adam ölüsünün qəbrinin üstündə bir “möhtəşəmlik”, bir təmtəraq yaratmaq üçün ətək-ətək pul xərcləməklə nə demək istəyir? Bəlkə demək istəyir ki, mən ölən yaxınımı çox istəyirəm? Bəlkə sağlara o fikiri çatdırmaq niyyətindədir ki, mən varlı adamam? Və yaxud o, bahalı baş və sinə daşları düzəltdirməklə, ətrafını “Ermitaj”a döndərməklə mərhumu Cənnətə göndərmək arzusundadır? Yox! Allahtəaladan heç nə gizlin deyil, o, bilir ki, kim Cənnətlikdir, kim isə Cəhənnəmlik. Qəbrin üstünə qızıldan heykəl də qoysan, Yaradanın işinə qarışa bilmərsən. Çünki Onun işinə qarışana ən azı “9 il donuz otartdırır”. Yeganə bir fikir qalır –qəbirlərin üstündə “dəstgah” yaradanlar yalnız öz şöhrətlərini güdürlər, yəni desinlər ki, pah atonnan, filankəsə “malades”, gör nə qədər pul xərcləyib ey!…
    Milli Məclisdə qəbiristanlıqların bələdiyyələrə verilməsi məsələsi müzakirəyə hazırlanır. Layihə qəbul olunsa, qəbiristanlıqların yerləşdiyi ərazilər bələdiyyələrin mülkiyyətinə veriləcəkdir. Lakin inanmıram ki, bu da vəziyyəti düzəltsin. Mənim fikrimcə, qəti və konkret qərar qəbul edilməli və ciddi nəzarətdə saxlanılmalıdır ki, bütün qəbrlər sadə və eyni bicimdə olsun.
    Təqdirəlayiq haldır ki, Tərtərdə təmtəraqlı yas məclislərini sadə ehsan süfrələri əvəzləyib. Ehsan üçün müxtəlif çeşidli xörəklərin bişirilməsi və digər İslama zidd ərzaq məhsullarının süfrəyə qoyulması yığışdırılır. Düzdür, buna dodaq-büzənlər də var. Lakin anlamaq lazımdır ki, ehsan təkcə yeməkdən ibarət deyil, imkanın varsa, bir yetimə əl tut, bir bulaq düzəltdir, bir işıq çəkdir, bir körpü tikdir, qəbiristanlıq yolunu səhmana saldır, bunlar da ehsan sayılır, həm də ölənlərinə rəhmət qazanarsan.
    Toy məclislərimizə gəldikdə isə… Bu mövzuda dəfələrlə yazıb, fikirlərimizi bildirmişik. Sizə də yaxşı məlumdur ki, indiki toylarımız bütün sərhədləri keçib və bir məzhəkə meydanına çevrilib. Əvvəlki Azərbaycan toylarından heç bir əsərəlamət qalmayıb. Bakı toyları Avropanın milyonçu toylarını kölgədə qoyub. Nə qədər izafi xərc, nə qədər israfçılıq, nə qədər bayağılıq və nə qədər urvatsızlıq olar?! Belə toyların çoxunda xalqın milli-mənəvi dəyərləri unudulur, ayaq altına salınır. Biz azərbaycanlıyıqsa, toyumuzsa ərəbsayaq, afrikalısayaq, amerikasayaq, hindusayaq və yaxud fransızsayaqdır. Bu toylarda daha çox Azərbaycan musiqisi, özümüzün oyun havalarımız, “Yallı”mız, “Tello”muz səslənməlidir. Nəyə görə bəsitcəsinə kimisə yamsılamalıyıq? “Qaz istəyir ördək yerişi öyrənsin, öz yerişi də yadından çıxır”. Bizim toylarımız buna bənzəmirmi? Bu toylara gedən elə bil məsxərəyə, şouya və yaxud komikli səhnəyə baxmağa gedir.
    Bu, məsələnin bir tərəfi. Ikinci tərəfi isə bundan da betərdir. Məsələn, birinin indiki halda, tutaq ki, aylıq məvacibi 300 manatdır və bəzən bir ayda 4-5 toya dəvətnamə alır. Hər toya 50-100 manat nəmər salmalıdırsa, bu yazıq qalan pulu hardan alsın və ailəsinin dolanışığına nə xərcləsin?! Yaxud işığın, qazın, suyun, mənzilin ödənişlərinə nə əncam çəksin? Hələ qalan ehtiyacları demirəm. Əlbəttə, “xeyir-şər adamı” olmaq yaxşı şeydir, lakin gərək cibin də buna imkan versin. Yasa getməsən, el qınayacaq, toya getməsən toyuna gəlməyəcəklər. Bəs bu bədbəxt kasıb neyləsin?!
    Mənim fikrimcə, toylarımız haqqında da düşünməyin vaxtı çatıb. Burada da bir nizam-intizam, bir qayda-qanun yaranmalıdır. Çünki toylarımızda itirən caamat olur, qazanan isə şadlıq saraylarının sahibləri, bir də “üç badam, bir qoz” oxuyan “palatka müğənniləri”. Təzə bir “dəb” də çıxıb–çayxanada meyxana deyənlərin birini toya gətirib, 2-3 saatına 500-1000, hətta daha çox pul verməyi özlərinə “şərəf” bilənlər də var. Həmin meyxanaçıların çoxu ağıllarına nə gəldi döşəyir yazıq toy əhlinin canına, bəsit, bayağı, ucuz həmqafiyə sözlər toqqaşdırıb, əllaməlik edirlər. Ilahidən gələn, Həzrəti–Sözü hörmətdən salırlar. Müqəddəs Sözü bu qədər cılızlaşdırmaq, yazıq günə salmaq olmaz! Vallah, olmaz, billah, olmaz!!!
    Mənə elə gəlir ki, indiki toylarımızla və yas mərasimlərimizlə barışmaq, bu biabırçılığa göz yummaq, ən azından, keçmişimizə hörmətsizlikdir. Bunları düzəltmək xalqımızın milli mentalitetinə vurulan zərbələrin qarşısını almağa kömək edərdi.

    Tofiq YUSİF

    Müəllif: Redaktor, 10:40

    Teqlər:

İsmarıclar bağlıdır.