Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,138
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Fev
    Ədəbiyyat TƏRTƏR-ŞAİRLƏRİN İLHAM QAYNAĞI üçün şərhlər bağlıdır

    1970-ci illərin əvvəli gəncliyimin qaynar vaxtına təsadüf edirdi. Həmin illərdə bu gün mənfur qonşularımızın qarşısını kəsdikləri Tərtər çayının təlatümlü axışı, qarşısına keçən hər şeyi yerindən qoparıb aparan vaxtları varıydı. Yaşadığımız evdə çayın şırıltısı aydın eşidilərdi. Gecələri laylaya, gündüzləri nəğməyə bənzədərdim. Saatlarla ona qulaq asmağa adət etmişdim… Daha ətraflı »

    Teqlər:

  • 18Yan
    Ədəbiyyat RAFİQİN SEHİRLİ DÜNYASI üçün şərhlər bağlıdır

    Siz dağ çayının şırıltılı zümzüməsini dinləmisinizmi? Bir yamacın döşündə qurulan alaçığı döyəcləyən yağış damcılarının əsəbə sığal çəkən sehirli nəğməsindən mürgüləmisinizmi? Gül-çiçəyə bələnmiş bir talada dirsəklənərək, müşkü-ənbər qoxuyan havanı acgözlüklə ciyərlərinizə çəkib, sinədolusu: “Oxxayyy!”-demisinizmi? Küləyin laylasında heyrətə gəlmisinizmi? Şəlalənin “Cəngi”sinnən necə? Şimşək çaxışı, dolmuş buludların göz yaşı, açılan səhər, Günəş işığı, ulduzların “Ağ yolu”, Qədir Rüstəmovun “Sona bülbüllər”i, Dədə Qorqudun qopuzu və nəhayət, Məmməd Arazın söz ləngəri… Bunların hamısının əks sədası var Rafiq Nəsirovun şeirlərində. Onun qələmini Tanrı sehirləyib. Yazdıqları bəndə işi deyil, İlahidən gəlmədir.
    Rafiq sadə bir kənd ailəsinin sadə bir oğludur. Zəhmət onun alın yazısı olub, elə bu yazıda ona ali təhsil almağa imkan verməyib. Amma… Səhv eləmirəmsə Tofiq Bayram deyib: “Zornan Allah olmaq olar, amma şair yox”.
    Kimsə alim ola bilər, professor, akademik, lap Lütfi Zadə də olmaq olar,
    amma şair yox.
    Rafiqin bəlkə də hələ dünyaya gəlməmiş şair olacağını şərtləndirən duyğuları var imiş.
    Allahın lütfü ilə şair doğulmuş və qardaşım bildiyim Rafiqlə illərdi ki, ünsiyyətimiz var. Hər şerini oxuyanda ürəyimdən belə bir xoş arzu keçib: “Kaş mən də Rafiq kimi yazaydım!”.
    Rafiq Nəsirov Tərtər rayonunun Bayandurlu kəndində anadan olub və indi də ailəsi ilə birlikdə orada yaşayır.
    Onun yaradıcılığından nümunələri sizə təqdim edirik.

    Tofiq YUSİF

    Teqlər:

  • 18Yan

    Ədəbiyyat üçün şərhlər bağlıdır
    BƏNÖVŞƏNİ

     

    Sevdalı baharın ilk müjdəsi tək

    Dərib göndərirəm, al bənövşəni.

    Onu da mənim tək incitmə, zalım,

    Əzizlə, qeydinə qal, bənövşəni

     

    Bağlayıb ümidin hər il bahara,

    O da mənim kimi həsrətdi yara.

    Sən də ürəyinə vurma bir yara,

    Onsuz da qanadıb kol bənövşəni.

     

    Dəysin qoy ayağım o gülşən bağa,

    Sən allah dərdimi döndərmə dağa!

    Göndərirəm səndən cavab almağa,

    Naümid qaytarma gəl bənövşəni

     

    Bəxtimə nə yaman qaranlıq çökür?!

    Ömür sarayını dərdi-qəm sökür.

    Sənə söyləyərdi, Rafiq, nə çəkir

    Tale etməsəydi lal bənövşəni.

    O GÖZ ƏLİYƏ

     

    La ilahə illəllahdır əzbərim,

    Vurğunam sözdəki o gözəlliyə.

    Cənnət qoxusunun həsrətindəyəm,

    Ruhum bələnəydi o gözəl iyə.

     

    Qıyma, gözəl, vaxtsız gedə göz əldən,

    Gözəl toxum əksən bitər gözəl dən.

    Gözəlliyi duymaq üçün gözəldən.

    Bu göz sayıb-seçə, o göz əliyə.

     

    Rafiq, kimin evi halal tikilib

    El-oba içində başı dikəlib.

    Haqqa çatmaq üçün daim dikilib

    Bu göz Məhəmmədə, o göz Əliyə.

     

    Teqlər:

  • 18Yan

    Ədəbiyyat üçün şərhlər bağlıdır
    AY BULAQ

     

    Kürəyini söykəmisən dağlara,

    Üzü bəri ağayana axırsan.

    Sığal çəkib yal-yamacın telinə,

    Çiçəklərdən çələng hörüb taxırsan,

    Bir bizə də xeyrin olsun, ay bulaq!

     

    Bu dağ döşü, bu sal qaya, busa su,

    Allah necə sehirləyib bu səsi?!

    Yanağında gözəllərin busəsi,

    Sevən könlü yandırırsan-yaxırsan,

    Bir bizə də xeyrin olsun, ay bulaq!

     

    Sevib-savdın, heç qalmadı day çiçək,

    Mümkündürsə, birini də biz seçək.

    Əyildik ki, bircə qudum su içək,

    Barmağını gözümüzə soxursan,

    Bir bizə də xeyrin olsun, ay bulaq!

     

    Mən özümə sirdaş billəm tək səni,

    Könlüm olur rahat görəntək səni.

    Gözlərində saxla yarın əksini,

    Məndən artıq o gözələ baxırsan,

    Bir bizə də xeyrin olsun, ay bulaq!

     

    Yanaq lalə, göz piyalə, dodaq bal, 

    Mail oldun, apardımı səni hal? 

    Rafiqin ürəyinə salma xal,

    Şairin də könlünü al axır sən,

    Bir bizə də xeyrin olsun, ay bulaq!

    TƏHƏRİNDƏDİR

     

    Kasıbın dərdini yuxu aparar,

    Ümidi açılan səhərindədir.

    Çətində titrəməz igidin dizi,

    Zəiflik qəlbinin qəhərindədir.

     

    Bərəkət tökülər haqq verən öyə,

    Nadana layiqdi özünü öyə.

    Çox da ki, qələmə millənir göyə,

    Uçalıq ağacın bəhərindədir.

     

    Dost tut günlərinin bacar ağında,

    Al yaman gününün bacar ağın da.

    Köhlənin tərifi qaçarağında,

    Yabının qiyməti yəhərindədir.

     

    Vətən həsrətlisi gör nələr çəkir,

    Gözü bir gün gülür, beş gün yaş tökür.

    Füzuli qürbətdə ölsə də, şükür,

    Məzarı Kərbala şəhərindədir!

     

    Rafiq, hər sözünün bax mənasına,

    Zərgər qiymət verər zər dənəsinə.

    İnşallah, tuş gəlməz el tənəsinə,

    Yazdığın tövründə, təhərindədir.

     

    Teqlər:

  • 18Yan

    Ədəbiyyat üçün şərhlər bağlıdır
      SEVMƏYİ 

                                                                                   

    A xan çinar, xanlığını unutma,                                           

    Belə tənha hiss eləmə özünü,

    Toplaginən qanadının altına,

    Üstümüzdən əskik etmə gözünü,

    Öyrət bizə bu torpağı sevməyi.

     

    Yıxılmazsan, torpaqdadır ayağın,

    Sənə verib ürəyinin o yağın.

     Sən torpağın, torpaq sənin dayağın,

    Dost vəfası ağ eləyib üzünü,

    Öyrət bizə bu torpağı sevməyi.

     

    Ağrısını-acısını duymadıq,

    Ac qurd kimi çalıb-çapdıq, doymadıq.

    Bölüşdürdük, bir qarış da qoymadıq,

    Qopartmışıq yarasının gözünü,

    Öyrət bizə bu torpağı sevməyi.

     

    Xeyir tapmaz kim ki, ona xor baxdı,

    Məsəl vardır: “Ağac kəsmə bar vaxtı”.

    Sən xan çinar, xanım anam torpaqdı.

    Gərək öpüb, qucaqlayaq dizini,

    Öyrət bizə bu torpağı sevməyi.

     

    A xan çinar, bu dünyanın dərdi bol,

    Rafiqin qəm yükünə şərik ol.

    Son mənzildi, axır gedir ona yol,

    Vallah, bizdən döndərəcək üzünü,

    Öyrət bizə bu torpağı sevməyi!

     

    İLLƏRİ

     

    Tərlan könlüm qərar tutmaz bir yerdə,

    Əzəl gündən məskən etmiş elləri.

    Aşiqiyəm bir xınalı kəkliyin,

    Soraqlaşıb dolaşıram çölləri.

     

    Qəlbim çətin yad ellərdən yar uma,

     Dönük çıxsan, yar, eşqindən yarıma.

    Hansı namərd qıysa mənim yarıma,

    Tanrı çəksin gözlərinə milləri.

     

    Naşı, mənlə bəhsə girmə bir də ha!

    Köhlən atım mənzil döyər bir dəhə.

    Tale bizə ürcah etdi bir daha

    Qaymaqlanmış şirin-şəkər dilləri.

     

    Vaxt var idi ölmə-diril dolandıq,

    Bulud kimi boşalandıq, dolandıq.

    Axır biz də o bağçanı dolandıq,

    Manşırladıq qızqaytaran gülləri.

     

    Öyünmə ki, Rafiiq, könlüm da şaddı,

    Hacan dedim həyat mənə daş atdı.

    Gəncliyimi torba ilə daşıtdı,

    Deyin necə qınamayım illəri?!

     

     

    Teqlər:

  • 18Yan

    Ədəbiyyat üçün şərhlər bağlıdır
     

    MƏMMƏD ARAZIN

               (TOFİQ YUSİFƏ)

    Nələr gördü, nə düşündü, nə yazdı,

    Şükür hələ Dədəm Qorqud varıymış.

    Anlamayan yəqin ağlı dayazmış,

    Söz mülkünün sərvətiymiş, varıymış,

    Qəbri nurla dolsun Məmməd Arazın!

     

    Sən ilqara, vəfaya bax, a qardaş

    Tənhalıqda uca dağa qar adaş.

    Bizdən ötrü o göyərən qara daş

    Dar ayaqda arpa cadı, darıymış.

    Qəbri nurla dolsun Məmməd Arazın!

     

    Duman tutub, çətin keçəm bu dağdan,

    Yurd gəzirəm o dağ zülmət, bu dağ dan.

    Ağıl dözmür, sallanan çox budaqdan,

    Gövdədə ki, bir qocalmış qarıymış.

    Qəbri nurla dolsun Məmməd Arazın!

     

    Sən də hərdən, ara dostu, dəy, toxun,

    Nə bir qəlbi incit, nə də dəy, toxun.

    Mun-min acdan yox xəbəri day toxun–

    Dövlətlinin qulaqları karıymış.

    Qəbri nurla dolsun Məmməd Arazın!

     

    Bu xinaya bənzəməyir o xına,

    Müəmmadır, çətin hələ oxuna.

    Su tökdülər Yalıncığın oxuna,

    Onun da ki, əsli-kökü xarıymış.

    Qəbri nurla dolsun Məmməd Arazın!

        

     Rafiq, ha dönsə də dünyanın dəfi,

    Şair–haqq aşiqi, pozulmaz səfi.

    Getdi, qoydu varis Tofiq Yusifi,

    Halal olsun, bəxti ona yarıymış!

    Qəbri nurla dolsun Məmməd Arazın!

     

    İNCİMƏZ

    Ürəkləri sevdiyimi küləklər

    Gedib yara bildirməsə yaxşıdır.

                                          Vahid Əziz Vahid

    Əziz, belə dərddən çox ola,

    Çiçəklərin aşiqləri çoxala.

    Ürəyindən şübhələri qovala,

    Sev çiçəyi, yarın səndən inciməz.

          

    Eşqin ilə sal aləmə haray sən,

    Külək onu hər tərəfə qoy yaysın.

    Bu sevginə nə gileylən, nə vaysın,

    Sev çiçəyi, yarın səndən inciməz.

     

    Buz bulaqdan lilpar ilə dər su iç,

    Kəkotudan çay dəmlədib süfrə aç.

    Hər dərdimə hər çiçəyim bir əlac,

    Sev çiçəyi, yarın səndən inciməz.

           

     İlham pərim qızılgüldü, nərgizdi,

    Hər ləçəyi yüz mənalı bir sözdü.

    Ürəyinin lap başında dər gəzdi,

    Sev çiçəyi, yarın səndən inciməz

     

    Duyan olsa çiçəklərin sirrini

    Hər addımda ovsunlayar sirr onu.

    Nazlı yarın qədəminə sər onu,

    Sev çiçəyi, yarın səndən inciməz.

                      

    Rafiq, heyif, qəddimizi yaş əyir!

    Qocaltdıqca bizi, özün yaş öyür.

    Çiçək varsa dünyamız da yaşayır,

    Sev çiçəyi, yarın səndən inciməz.

     

     

    Teqlər:

  • 10Yan
    Ədəbiyyat ZORAKILIQ üçün şərhlər bağlıdır

    (Novella)

    Redaksiyamıza bir şikayət məktubu gəlmişdi. Orada qeyd olunurdu ki, həyat yoldaşı tərəfindən daim zorakılığa məruz qalır–döyülür, söyülür, təhqir olunur. Bu şiddətlərə daha dözə bilmir. Nə qədər fiziki və mənəvi zərbələrə tab gətirsin?! Xəcalətindən evdə iki uşağının və qonşularının üzlərinə baxa bilmir. Qazanıb gətirir, lakin həyat yoldaşı onların yediklərini, içdiklərini zəhər-zəqquma döndərir, haram eləyib burunlarından gətirir. Bəzən isə gözlərinin altı qara, üz-gözü göyərib şişmiş halda işə getməyə məcbur olur. Soruşanlara isə gündə bir yalan uydurur-gah deyir ki, yıxılmışam, gah deyir: “Başım qapıya dəyib”, gah da deyir ki, uşağa hirslənib özümü döymüşəm. Həyat yoldaşı ona ağzını açmağa imkan vermir. Dinən kimi qışqırır ki, sən sus! Səsini eşidəndə dəli oluram. Ay şərəfsiz, ay alçaq, ay qırışmal, ay matışka!!! Mənimki yaşamaq deyil, zülüm çəkməkdir. Belə ömür sürməkdənsə, ölüm fərzdir. İnanın, artıq intihar etmək həddinə çatmışam. Onda da uşaqlarım gəlib durur gözümün qabağında. Qorxumdan boşanmaq üçün məhkəməyə də ərizə yaza bilmirəm, yoxsa məni öldürər. Daha ətraflı »

    Teqlər:

  • 10Yan
    Ədəbiyyat TƏNHA AĞAC üçün şərhlər bağlıdır

    İllər öncə möcüzəli bir bağ varıydı. Bir zamanlar bu bağın ağaclarına, güllərinə hər kəs həsəd aparardı, onun meyvələrindən, güllərindən dərmək arzusunda olanlar da çoxuydu. Lakin, bağın sahibinə olan hörmətdən dolayı bir nəfər belə ordakı rəngarəngliyə əl uzatmaz, o gözəlliyə toxunmaq, xələl gətirmək fikrinə düşməzdi. Bəzən bağ sahibinin qayğısını, qulluğunu ilahi qüvvə ilə əlaqələndirirdilər.
    Günlərin birində bağ sahibi qəfləti ağır xəstələndi. Çox təbiblərə müraciət edildi, lakin əncam olmadı ki, olmadı. Bu xəstəlik onun gündən-günə möcüzəli, hamının həsəd apardığı bağdan ayrı düşməsinə səbəb oldu. O, bağın gələcəyini düşünə-düşünə günlərin birində əbədi olaraq, gözlərini yumdu və möcüzəli bağdan bir daha xəbəri olmadı… Daha ətraflı »

    Teqlər:

  • 10Dek
    Ədəbiyyat QƏBİRİSTANLIQ YOLUNDA MÖCÜZƏ üçün şərhlər bağlıdır

    Payız hamıdan qabaq qəbiristanlığı “ziyarət etmişdi”–otlar qurumuş, kolkoslar və ağaclar sarı həsrətə bürünmüşdü. Hər tərəf, hər yan yuxalıb kövrəlmişdi, sanki təbiətin özü də qəbiristanlıqda səssiz-səmirsiz ağlayırdı.
    Qəbiristanlığa gedən yol şırım kimi payızın içindən keçirdi, elə bil yol da nigarançılıq çəkirdi–gəlib-gedəni yox idi. Bu yol hara getdiyini və hardan gəldiyini özü də bilmirdi. Bir az da insan ömrünə bənzəyirdi bu yol–sonu harda bitəcək, kim bilər ki?
    Mahirə xanım Kamranın maşını ilə üzü dağlara sarı çözələnib gedən narahat daşlı-kəsəkli, çala-çökək bir yolla Qasım Qırxqızlının uyuduğu qəbiristlanlığa tərəf gedirdilər. Daha ətraflı »

    Teqlər:

  • 21Noy
    Ədəbiyyat PAYIZ OVQATI üçün şərhlər bağlıdır

    Bəxtiyar Vahabzadə

    YAVAŞ-YAVAŞ

    Ömrün payız fəsli sıxdı əlimi,

    Yoxsa qocalıram mən yavaş-yavaş

    Payızda yarpağa xal düşən kimi

    Düşür saçlarıma dən yavaş-yavaş.

     

    Ağaclar soyunur, yer xəzəllənir,

    Fikir dumanlanır, gözlər zillənir,

    Güllərin üstünə enən tək enir

    Mənim gözlərimə çən yavaş-yavaş.

    Soyuyur havalar, soyuyur bütün,

    Qısalır, qısalır günlər günbəgün.

    Axı, yaxınlaşır qürubu ömrün,

    Əyilir dağlardan gün yavaş-yavaş.

     

    Saralır get-gedə çöl, çəmən, çayır,

    Könül hər saatı ömürdən sayır.

    Bir səs qulağıma hey pıçıldayır:

    “Bəxtiyar, göylərdən en yavaş-yavaş!”.

    Daha ətraflı »

    Teqlər: