Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 26May
    Şəhidlər Vətən müharibəsi şəhidi Mirzəli Rəşad Hafiz oğlunun adı sinif otağına verilib üçün şərhlər bağlıdır

    Tərtər rayonunda torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olanların xatirəsi ehtiramla yad olunur, onların adlarının əbədiləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
    Bu istiqamətdə aparılan işlərin davamı olaraq şəhid Elnur Muradov adına Tərtər rayon Hacıqərvənd kənd tam orta məktəbində sinif otaqlarından birinə Vətən müharibəsi şəhidi Rəşad Mirzəlinin adı verilib. Şəhidin adını daşıyan sinif otağının qapısı üzərində şəhidin adı yazılmış lövhə yerləşdirilib, sinif otağında həyat və döyüş fəaliyyətini əks etdirən guşə yaradılıb.
    Bununla əlaqədar məktəbdə şəhidin xatirəsinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər, veteranlar, Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, Tərtər rayon Təhsil Sektorunun müdiri Oqtay Sarıkişiyev, məktəbin kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə şəhidin həyat və döyüş yoluna nəzər salınıb. Məktəblilərin ifasında şəhidlərə, vətənə həsr olunmuş şeirlər səsləndirilib. Daha ətraflı »

  • 26May
    Digər Tərtər rayon qəzetinin 90 illiyi qarşısında üçün şərhlər bağlıdır

    Bu günümüzü sabaha daşıyan qəzet

    Yaxşı yadımdadır, 1966-cı il idi. Tərtər şəhər 2 saylı məktəbin 10-cu sinfində oxuyurdum (kəndimizin məktəbi 8 illik idi). Məktəbin direktoru görkəmli xalq müəllimi Sabir Paşayev idi. Rayonun gözü olan bu məktəbdə həyat bulaq kimi qaynayırdı. Məktəbimizin ədəbiyyat dərnəyinə şair Məmməd Aslan rəhbərlik edir, “Qızıl bayraq” qəzetinin məsul katibi Qədir Allahverdiyev tez-tez dərnəyə baş çəkirdi.
    Həmin il qəzetdə mənim ilk şeirim dərc edildi. Bir kənd uşağı üçün bu çox böyük bir sevinc idi. İndiyədək mən bu hissləri unutmamışam. Bax beləcə başladı mənim bu qəzetlə ünsiyyətim.
    Rayon qəzeti “Yeni Tərtər” adı ilə nəşrə başlayanda mən artıq Tərtərdə məcburi köçkün həyatı yaşayırdım. Qəzetin ovaxtkı redaktoru Tofiq Yusifi isə oxucusu olaraq istedadlı bir şair kimi tanı-yırdım. Biz sonradan tanış, dost olduq və “Yeni Tərtər” mənim üçün doğma ocağa çevrildi.
    Zamanla səsləşən, günün aktual məsələlərinə dərhal reaksiya verən, səhifələrində tariximiz, adət-ənənələrimiz, milli-mənəvi dəyərlərimiz, “Köhnə kişilər”, qəhrəman Tərtərimizin Avropa şəhərinə çevrilərək əzəmətli addımlarla, günü-gündən çiçəklənərək tərəqqi etməsi barədə səriştəli yazılar verən, gündəmdə məzmunca respublika miqyaslı mətbu orqanları ilə bir səviyyədə duran bu qəzet bu günümüzə ayna tutaraq onu sabaha daşıyır, tarixə çevirir.

    Zabil Süleymanoğlu,
    təqaüdçü müəllim, “Yeni Tərtər”in
    ştatdankənar müxbiri

  • 26May
    Digər Tərtərdə ilk elm ocağı üçün şərhlər bağlıdır

    Yelizavetpol quberniyasının (Gəncə) Cavanşir qəzasının Tərtər nahiyəsində XIX əsrdə əsasən mollaxanalarda şəriət dərsi keçilərmiş. Tərtərli ağsaqqalların dediklərinə görə, Tərtərdə ilk rus-tatar məktəbi 1911-1912-ci dərs ilində fəaliyyətə başlamışdır. O vaxtlar Tərtər əhalisi çar II Nikolaya məktub yazaraq Tərtərdə rus-tatar məktəbi açılmasına sərəncam verməyi xahiş etmişdir. Çarın sərəncamına əsasən Qafqaz canişini Vorontsov-Daşkovun tapşırığı ilə xüsusi komissiya 1911-ci ilin əvvəllərində Tərtərə gəlmiş, yerli şəraitlə tanış olduqdan sonra münasib bina olmadığından geri qayıtmaq istəmişlər. Bu zaman tərtərli Salman Haqnəzərov məktəb açılması üçün öz ikimərtəbəli evini (indiki musiqi məktəbinin binası) təklif etmiş və təklif qəbul olunmuşdur. Məktəbin 5 otağından üçündə dərs keçirmişlər, ikisində isə məktəbin “smotriteli”nin (direktorunun) ailəsi yaşayırmış.
    Məktəbin “smotriteli” şuşalı Murtuza bəy idi. Dərslər əsasən rusca, iki növbədə keçirilirdi. Birinci növbədə 1, 2, 3-cü sinif şagirdlərinə, ikinci növbədə isə 4 və 5 –ci sinif şagirdlərinə rus və müsəlman dillərində dərs verilirdi. Gündə bir saat şəriət dərsi olurdu.
    Məktəbə rəhbərlik Yelizavetpol Quberniyası Nəzarət Şöbəsi tərəfindən edilirmiş.
    Şagirdlər çara minnətdarlıq, onun qayğısına qarşı sədaqət ruhunda tərbiyə edilirmişlər. Onlar dərsə girəndə və çıxanda dua oxuyurmuşlar. “Vəliəhdi gülsəlamət, velikiy knyaz rahət, vücuduna vermə afət, padşah olsun səlamət, yar ona nəsib olsun.”
    Rus-tatar məktəbi 1917-ci ilin oktyabr ayına kimi fəaliyyət göstərmişdir.
    1917-ci ilin oktyabrında çarın və onun arvadının zərə qərq olmuş böyük portreti məktəbin eyvanından yerə atılarkən Qulam İmanov da orada olmuşdur.

    “YENİ TƏRTƏR” qəzetinin
    31 oktyabr 2005-ci il tarixli
    nömrəsindən

  • 26May
    Ədəbiyyat YENİ KİTABLAR üçün şərhlər bağlıdır

    “EHTİYACIM VAR SƏNƏ”

    Bu günlərdə həmkarımız, istedadlı şairə-jurnalist Svetlana Əzizovanın (Xəyalə) ”Ehtiyacım var sənə” adlı yeni kitabı çapdan çıxıb. Bu, Svetlana xanımın sayca dördüncü kitabıdır.Yeni kitab haqqında öz fikirlərimizi söyləmədən əvvəl, istərdim ki, kitaba ön söz əvəzi verilmiş tanınmış qələm sahiblərinin bir neçəsinin sözlərini oxucularımızın diqqətinə çatdırım. “Svetlana, mən istərdim ki, aşağıdakı sözlər sənin kövrək, həzin poeziyanı həmişə bəzəyə bilsin: “Məhəbbəti o uşaqdan öyrən ki, anası onu döydükdə belə, o, yenə də anasının ətəyinə sığınır”. Hörmətlə, Əmirxan Xəlilov. 26.11.1982.”
    “Svetlana, arzu edirəm ki, taleyin də adın kimi işıqlı olsun. Bir də unutma ki, bizim qızların, qadınların sənətkar olub kamilləşməsi bir sıra çətinliklərə urcah gəlir. Arzum budur ki, o çətinlikləri Nüşabə kimi, Həcər kimi dəf edib, xalqa və əlbəttə taleyinə xidmət edəsən. Hörmətlə, Ağa Laçın. 26.11.1982.” “Şair xalqımızın şairə qızı Svetlana. Sizə öz üzərinizə götürdüyünüz məsuliyyətli işdə, acılı-şirinli ömür yolunda şair inadı, şair səbri, şair dözümü arzulayıram. İstərdim ki, bu sınaqlardan mətanətlə çıxasınız. Hörmətlə, Saleh Salahzadə. 9.11.1983” Daha ətraflı »

  • 26May
    Ədəbiyyat BİZİM İSTEDADLIlAR üçün şərhlər bağlıdır

    ZİRVƏYƏ APARAN YOL

    Şəhriyar Məmmədzadə 2007-ci ildə Tərtər rayonunun Yenikənd kəndində anadan olub. Hal-hazırda Əsəd Məmmədov adına şəhər 1 saylı tam orta məktəbin 10-cu sinfində oxuyur. Dərs əlaçısıdır. Ədəbiyyat və şeiriyyata marağı böyükdür. Vaxtaşırı sosial şəbəkələrdən və kitablardan öz maraqlarına dair məlumatlar toplayır və bu sahədə biliyini artırır. Şəhriyyar özü bu barədə belə deyir: “Valideynlərim də, Azərbaycan dili və ədəbiyyatı müəllimim də mənim maraqlarımı dəstəkləyirlər. İnanıram ki, poeziyaya olan sonsuz sevgim məni nə vaxtsa istədiyim zirvəyə qovuşduracaq.“ Şəhriyarın “Tərtərim” adlı şeirini oxucularımıza təqdim edirik

                                                                                             Tərtərim

    Qarabağ döyüşündə məğrur dayanan,
    Mərmilər qoynunda yatan Tərtərim.
    Hər bir yeri ətir saçan, nur saçan,
    Qoynunda gül-çiçək bitən Tərtərim.
    Mərd oğlu, mərd qızı düşmən sipəri,
    Düşməndən qorxmayıb, getməyib geri.
    Hər zaman qoruyar onlar bu eli,
    Mərd oğlu, qızıyla məşhur Tərtər
    Vəzir kimi igidlər yetirmisən,
    Sən döyüşü uğurla bitirmisən.
    Elman kimi oğullarla güclüsən,
    Qocaman ürəkli, qoca Tərtərim.

     

    REDAKSİYADAN:
    Biz də Şəhriyara qədəm qoyduğu bu çətin və şərəfli yolda uğurlar arzulayırıq.

  • 26May
    Ədəbiyyat Ənvər Çingizoğlunun araşdırmalarında həmyerlilərimiz haqqında məlumatlar üçün şərhlər bağlıdır

    Elə insanlar var ki, onlar dünyasını dəyişsələr də, gördükləri işlərlə yaddaşlarda qalır, uzun illər xatırla-nırlar. Belə insanlardan biri də yazıçı, publisist, geneoloq, Avrasiya Yazıçılar, Azərbaycan Jurnalistlər birliklərinin, Azərbaycan Ta-rixi Şəcərə cəmiyyətinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, Əməkdar mədəniyyət işçisi, vikipediyaçı Ənvər Çingizoğludur (Ənvər Çingiz oğlu Fərəcov)
    Ənvər Çingizoğlu Azərbaycanın xanlıqlar dövrü tarixi, diplomatiya tarixi və İran tarixinə dair 100-dən çox monoqrafiya, kitab, dərs vəsaiti, elmi-publisistik məqalə, dövrü mətbuatda dərc olunmuş müxtəlif xarakterli yazılar və s. nəşrlərin müəllifidir.
    Ənvər Çingizoğlunun tarixi mövqeyi onun ssenari müəllifi olduğu tarixi-sənədli filmlərdə də əks olunmuşdur. Onun yazdığı ssenarilər əsasında “Afşarlar”, Xurşidbanu Natəvan, Nəvval, “Kəminə” adlı televiziya filmləri çəkilib.
    Ənvər Çingizoğlunun elmi prioritetlərində türk xalqlarının etnogenezi, etnologiyası, etnoqrafiyası, folkloru, tarixşünaslığın aktual problemləri, mənbəşünaslıq və s. istiqamətlər uğurla işlənmişdir. O, regional etnoqrafiya və folklor nümunələrinin toplanılıb araşdırılması və nəşrinə ömrünün 30 ilini həsr edib. Daha ətraflı »

  • 26May
    Digər 28 May Müstəqillik Günüdür üçün şərhlər bağlıdır

    23 ay ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyəti

    1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb. Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.

    1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.

    23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Daha ətraflı »

  • 26May
    Digər Azərbaycan və Litva arasında fəal siyasi dialoq aparılır üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 22 may tarixində Litvada rəsmi səfərdə olub. Səfər zamanı dövlətimizin başçısı mətbuata bəyanat verib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Aramızda çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar bütün digər sahələrə də öz müsbət təsirini göstərir.

    Gələcək illərdə iqtisadiyyat, ticarət sahələrində də siyasi səviyyədə olduğu kimi işlər sürətlə gedəcək.

    Biznes qurumlarının birgə fəaliyyəti ticarət dövriyyəsinin artırılmasına gətirib çıxaracaq. Hər iki tərəfdən çox böyük maraq var və keçən ilin may ayında Prezident Nausedanın Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda Litva-Azərbaycan biznes forumu keçirilmişdir.

    Azərbaycan torpaqları uzun illər ərzində – 30 ilə yaxın Ermənistanın işğalı altında idi. Bir milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşmüşdür, ərazilərimizin təxminən 20 faizi işğal altında idi. İşğal edilmiş ərazilərdə bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılıb. Daha ətraflı »

  • 26May
    Digər Müstəqilliyə aparan yol üçün şərhlər bağlıdır

    Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 105  illiyi tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına əlamətdar hadisə kimi daxil olaraq şərqdə ilk demokratik dövlət qurluşunu yaradıb, azərbaycan xalqı öz müstəqillik əzmini nümayiş etdirmişdir. Müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi olaraq meydana çıxmışdır.

    1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin. Fətəli xan Xoyskinin, Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Nasib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxslinkinin və başqalarının böyük xidmətləri olmuş, bu görkəmli şəxslərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. Daha ətraflı »

  • 25May
    İdman Rayon rəhbəri kikboksinqin WAKO versiyası Üzrə Dünya Kubokunda gümüş medal qazanan Murad Qurbanovu qəbul edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 18-21 may tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən kikboksinqin WAKO versiyası Üzrə Dünya Kubokunda 48 kiloqram çəki dərəcəsində “Fulkontakt” versiyasında 2 döyüş keçərək ikinci yer tutan gənc idmançı Qurbanov Murad Bəhruz oğlunu qəbul edib.

    Rayon rəhbəri Murad Qurbanovu əldə etdiyi uğurlarına görə təbrik edib, ona yeni-yeni uğurlar arzulayıb. Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idmanın kütləviliyinin təmin edilməsi məqsədilə görülən işlərdən danışıb. Qeyd edib ki, ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra idman sahəsində əldə edilən qələbələr ona bir idman ölkəsi kimi nüfuz qazandırıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclərə, idmana və idmançılara göstərilən diqqət, qayğı göz qabağındadır.

    Görüşdə  gənc idmançı Murad Qurbanov gələcək planlarından danışıb, idmanın inkişafına və idmançılara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

    Sonda idmançıya rayon rəhbəri tərəfindən təşəkkürnamə və xatirə hədiyyəsi təqdim edilib.