Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Mar
    Ədəbiyyat ALİMENT üçün şərhlər bağlıdır

    (Novella)

    –Mən boşanmaq istəmirdim. Ailəni dağıtmaq Tanrı dərgahında da böyük günah sayılır. Həm də bir uşağımız vardı. Onu atasız qoymaq olmazdı. Bu uşağa niyə yetim deməliydilər ki? Ortaya inad düşmüşdü. Ərim “tüpürdüyünü yalamaq” istəmirdi. Nə qədər xahiş-minnət elədimsə də, xeyri olmadı. “İki ayağını bir başmağa dirədi” ki, boşanıram, vəssəlam! Sənnən bir yerdə yaşamaqdansa, eşşəklə yaşamaq yaxşıdır. Ömrüm boyu arvadsız qalmağım sənin kimi biriynən bir damın altında yaşamaq əzabından min qat fərzdir. Üzünü görmək mənə cəhənnəmin qır qazanında yaşamaqdan da betərdi.
    –Niyə, neyləmişəm sənə? Evin bütün ağırlığı mənim boynumdadır. Çalışıb-vuruşuram, işləyib uşağıma çörək qazanıram. Pis yola getmirəm, narkoman deyiləm, pinti deyiləm, siqaret çəkmirəm. “Qaa”–deyəndə ət verirəm”, “quu”–deyəndə su verirəm; daha nə istəyirsən? Daha ətraflı »

  • 29Mar
    Ədəbiyyat KİMDİR MÜQƏSSİR? üçün şərhlər bağlıdır

    (Hekayə)

    Biz üç yoldaş–Rüstəm, Tahir və mən Tahirin maşınında tanışlardan birinin bağ evindən qayıdırdıq. Qəsəbənin çıxışındakı “Market”in qarşısında Tahir maşını saxlayır, bizə bir söz demədən mağazaya girir, bir qədər keçmiş dörd dolu salafan torba ilə çıxır.
    Nədi aldığın, nəyinə lazımdır?
    –Rüstəm soruşur.
    –Bir azdan bilərsiniz–deyir.
    Qəsəbə ilə şəhəri birləşdirən şosse yolu yenilənib. Yolun hər iki yanı ilə salınmış yaşıl meşə zolağı və ot örtüyü adamın ruhuna sığal çəkir. Bu quru-boz və mazutlu çöllərdə belə gözəlliyi yaradanlara eşq olsun!
    Maşınımız düz, asfalt yolla şütüyür. Bir qədər getdikdən sonra yoldan sağa buruluruq. Burada da eyni gözəllik, eyni səliqə-səhman var. Daha ətraflı »

  • 19Mar
    Ədəbiyyat 2019-cu il “Nəsimi İli”dir üçün şərhlər bağlıdır

    ƏQİDƏ HEYKƏLİ

    Nəsimi şərqin ulu şairi, böyük fikir adamı olmuşdur.
    Məmməd Aslan
    Yaradıcılığı əlçatmaz zirvə olan İmadəddin Nəsiminin əlyazmaları ədəbiyyatımızın parlaq səhifələrindəndir.
    İlk dəfə ümummilli liderimiz Heydər Əliyev tərəfindən İmadəddin Nəsiminin 600 illik yubileyi dünya səviyyəsində qeyd olunub. Ulu öndərin davamçısı ölkə prezidenti İlham Əliyev şairin 650 illik yubileyi münasibəti ilə 2019-cu ili “Nəsimi İli” elan edib. Bu, dövlət başçısının Nəsimi əqidəsinə və bütövlükdə Azərbaycan ədəbiyyatına verdiyi dəyərin məntiqi nəticəsi kimi səciyyələnir. Məhz 2019-cu ildə Nəsiminin “Hüseyni” təxəllüsü ilə yazdığı əlyazmaları tapılmışdır. Hər şeydən öncə Nəsimi Azərbaycan oğludur, ədəbiyyatımızı şərq ölkələrində geniş şəkildə tanıdan şəxsiyyətdir. Daha ətraflı »

  • 19Mar
    Ədəbiyyat OXŞARLIQ üçün şərhlər bağlıdır

    (Novella)

    Təyyarə ilə İstanbula uçacaqdıq. Yerimi təzəcə rahatlamışdım ki, yanımdakı oturacaqda bir kişi əyləşdi. Əvvəlcə diqqət göstərmədim. Fikrim Türkiyədə keçirəcəyim görüşlərlə məşğuldu.
    Təyyarə uğuldadı, silkələndi, şütüyüb havaya qalxdı. Səmada öz sabit yolunu tutandan sonra içimdə bir asudəlik yarandı. Çönüb yanımda oturan kişiyə baxdım. Əvvəlcə yekə qara eynəyi gözümə sataşdı. Sonra alnından başının ortasına doğru irəliləyən dazlıq diqqətimi çəkdi. Qalın dodaqları biri-birinə sıxılmış, gözləri bir nöqtəyə dikilmişdi. Üzündə gərgin ifadə vardı. Çox qayğılı və kədərli görünürdü. Sanki bir yükün altında əzilirdi.


     

     

    Qəfildən elə bil yuxudan ayıldım. Bu ki, hörmətli Məm-mədqulu müəllimdir–Məmmədqulu Zəkiyev, akademik, Universitetin sabiq rektoru.
    –Salam, Məmmədqulu müəllim.
    O, hələ də düşüncələr burulğanında çırpınırdı. Hannan-hana özünə gəldi. Çaşqın gözlərini üzümə zillədi.
    –Əleykəsalam.
    –Siz də İstanbula uçursunuz?
    Sualım yersiz alındı. Utandım. Təyyarə İsdanbula uçurdusa, Məmmədqulu Zəkiyev də onun içindəydisə, ayrı hara uçacaqdı ki? Daha ətraflı »

  • 27Fev
    Ədəbiyyat TƏRTƏR-ŞAİRLƏRİN İLHAM QAYNAĞI üçün şərhlər bağlıdır

    1970-ci illərin əvvəli gəncliyimin qaynar vaxtına təsadüf edirdi. Həmin illərdə bu gün mənfur qonşularımızın qarşısını kəsdikləri Tərtər çayının təlatümlü axışı, qarşısına keçən hər şeyi yerindən qoparıb aparan vaxtları varıydı. Yaşadığımız evdə çayın şırıltısı aydın eşidilərdi. Gecələri laylaya, gündüzləri nəğməyə bənzədərdim. Saatlarla ona qulaq asmağa adət etmişdim… Daha ətraflı »

    Teqlər:

  • 18Yan
    Ədəbiyyat RAFİQİN SEHİRLİ DÜNYASI üçün şərhlər bağlıdır

    Siz dağ çayının şırıltılı zümzüməsini dinləmisinizmi? Bir yamacın döşündə qurulan alaçığı döyəcləyən yağış damcılarının əsəbə sığal çəkən sehirli nəğməsindən mürgüləmisinizmi? Gül-çiçəyə bələnmiş bir talada dirsəklənərək, müşkü-ənbər qoxuyan havanı acgözlüklə ciyərlərinizə çəkib, sinədolusu: “Oxxayyy!”-demisinizmi? Küləyin laylasında heyrətə gəlmisinizmi? Şəlalənin “Cəngi”sinnən necə? Şimşək çaxışı, dolmuş buludların göz yaşı, açılan səhər, Günəş işığı, ulduzların “Ağ yolu”, Qədir Rüstəmovun “Sona bülbüllər”i, Dədə Qorqudun qopuzu və nəhayət, Məmməd Arazın söz ləngəri… Bunların hamısının əks sədası var Rafiq Nəsirovun şeirlərində. Onun qələmini Tanrı sehirləyib. Yazdıqları bəndə işi deyil, İlahidən gəlmədir.
    Rafiq sadə bir kənd ailəsinin sadə bir oğludur. Zəhmət onun alın yazısı olub, elə bu yazıda ona ali təhsil almağa imkan verməyib. Amma… Səhv eləmirəmsə Tofiq Bayram deyib: “Zornan Allah olmaq olar, amma şair yox”.
    Kimsə alim ola bilər, professor, akademik, lap Lütfi Zadə də olmaq olar,
    amma şair yox.
    Rafiqin bəlkə də hələ dünyaya gəlməmiş şair olacağını şərtləndirən duyğuları var imiş.
    Allahın lütfü ilə şair doğulmuş və qardaşım bildiyim Rafiqlə illərdi ki, ünsiyyətimiz var. Hər şerini oxuyanda ürəyimdən belə bir xoş arzu keçib: “Kaş mən də Rafiq kimi yazaydım!”.
    Rafiq Nəsirov Tərtər rayonunun Bayandurlu kəndində anadan olub və indi də ailəsi ilə birlikdə orada yaşayır.
    Onun yaradıcılığından nümunələri sizə təqdim edirik.

    Tofiq YUSİF

    Teqlər:

  • 18Yan

    Ədəbiyyat üçün şərhlər bağlıdır
    BƏNÖVŞƏNİ

     

    Sevdalı baharın ilk müjdəsi tək

    Dərib göndərirəm, al bənövşəni.

    Onu da mənim tək incitmə, zalım,

    Əzizlə, qeydinə qal, bənövşəni

     

    Bağlayıb ümidin hər il bahara,

    O da mənim kimi həsrətdi yara.

    Sən də ürəyinə vurma bir yara,

    Onsuz da qanadıb kol bənövşəni.

     

    Dəysin qoy ayağım o gülşən bağa,

    Sən allah dərdimi döndərmə dağa!

    Göndərirəm səndən cavab almağa,

    Naümid qaytarma gəl bənövşəni

     

    Bəxtimə nə yaman qaranlıq çökür?!

    Ömür sarayını dərdi-qəm sökür.

    Sənə söyləyərdi, Rafiq, nə çəkir

    Tale etməsəydi lal bənövşəni.

    O GÖZ ƏLİYƏ

     

    La ilahə illəllahdır əzbərim,

    Vurğunam sözdəki o gözəlliyə.

    Cənnət qoxusunun həsrətindəyəm,

    Ruhum bələnəydi o gözəl iyə.

     

    Qıyma, gözəl, vaxtsız gedə göz əldən,

    Gözəl toxum əksən bitər gözəl dən.

    Gözəlliyi duymaq üçün gözəldən.

    Bu göz sayıb-seçə, o göz əliyə.

     

    Rafiq, kimin evi halal tikilib

    El-oba içində başı dikəlib.

    Haqqa çatmaq üçün daim dikilib

    Bu göz Məhəmmədə, o göz Əliyə.

     

    Teqlər:

  • 18Yan

    Ədəbiyyat üçün şərhlər bağlıdır
    AY BULAQ

     

    Kürəyini söykəmisən dağlara,

    Üzü bəri ağayana axırsan.

    Sığal çəkib yal-yamacın telinə,

    Çiçəklərdən çələng hörüb taxırsan,

    Bir bizə də xeyrin olsun, ay bulaq!

     

    Bu dağ döşü, bu sal qaya, busa su,

    Allah necə sehirləyib bu səsi?!

    Yanağında gözəllərin busəsi,

    Sevən könlü yandırırsan-yaxırsan,

    Bir bizə də xeyrin olsun, ay bulaq!

     

    Sevib-savdın, heç qalmadı day çiçək,

    Mümkündürsə, birini də biz seçək.

    Əyildik ki, bircə qudum su içək,

    Barmağını gözümüzə soxursan,

    Bir bizə də xeyrin olsun, ay bulaq!

     

    Mən özümə sirdaş billəm tək səni,

    Könlüm olur rahat görəntək səni.

    Gözlərində saxla yarın əksini,

    Məndən artıq o gözələ baxırsan,

    Bir bizə də xeyrin olsun, ay bulaq!

     

    Yanaq lalə, göz piyalə, dodaq bal, 

    Mail oldun, apardımı səni hal? 

    Rafiqin ürəyinə salma xal,

    Şairin də könlünü al axır sən,

    Bir bizə də xeyrin olsun, ay bulaq!

    TƏHƏRİNDƏDİR

     

    Kasıbın dərdini yuxu aparar,

    Ümidi açılan səhərindədir.

    Çətində titrəməz igidin dizi,

    Zəiflik qəlbinin qəhərindədir.

     

    Bərəkət tökülər haqq verən öyə,

    Nadana layiqdi özünü öyə.

    Çox da ki, qələmə millənir göyə,

    Uçalıq ağacın bəhərindədir.

     

    Dost tut günlərinin bacar ağında,

    Al yaman gününün bacar ağın da.

    Köhlənin tərifi qaçarağında,

    Yabının qiyməti yəhərindədir.

     

    Vətən həsrətlisi gör nələr çəkir,

    Gözü bir gün gülür, beş gün yaş tökür.

    Füzuli qürbətdə ölsə də, şükür,

    Məzarı Kərbala şəhərindədir!

     

    Rafiq, hər sözünün bax mənasına,

    Zərgər qiymət verər zər dənəsinə.

    İnşallah, tuş gəlməz el tənəsinə,

    Yazdığın tövründə, təhərindədir.

     

    Teqlər:

  • 18Yan

    Ədəbiyyat üçün şərhlər bağlıdır
      SEVMƏYİ 

                                                                                   

    A xan çinar, xanlığını unutma,                                           

    Belə tənha hiss eləmə özünü,

    Toplaginən qanadının altına,

    Üstümüzdən əskik etmə gözünü,

    Öyrət bizə bu torpağı sevməyi.

     

    Yıxılmazsan, torpaqdadır ayağın,

    Sənə verib ürəyinin o yağın.

     Sən torpağın, torpaq sənin dayağın,

    Dost vəfası ağ eləyib üzünü,

    Öyrət bizə bu torpağı sevməyi.

     

    Ağrısını-acısını duymadıq,

    Ac qurd kimi çalıb-çapdıq, doymadıq.

    Bölüşdürdük, bir qarış da qoymadıq,

    Qopartmışıq yarasının gözünü,

    Öyrət bizə bu torpağı sevməyi.

     

    Xeyir tapmaz kim ki, ona xor baxdı,

    Məsəl vardır: “Ağac kəsmə bar vaxtı”.

    Sən xan çinar, xanım anam torpaqdı.

    Gərək öpüb, qucaqlayaq dizini,

    Öyrət bizə bu torpağı sevməyi.

     

    A xan çinar, bu dünyanın dərdi bol,

    Rafiqin qəm yükünə şərik ol.

    Son mənzildi, axır gedir ona yol,

    Vallah, bizdən döndərəcək üzünü,

    Öyrət bizə bu torpağı sevməyi!

     

    İLLƏRİ

     

    Tərlan könlüm qərar tutmaz bir yerdə,

    Əzəl gündən məskən etmiş elləri.

    Aşiqiyəm bir xınalı kəkliyin,

    Soraqlaşıb dolaşıram çölləri.

     

    Qəlbim çətin yad ellərdən yar uma,

     Dönük çıxsan, yar, eşqindən yarıma.

    Hansı namərd qıysa mənim yarıma,

    Tanrı çəksin gözlərinə milləri.

     

    Naşı, mənlə bəhsə girmə bir də ha!

    Köhlən atım mənzil döyər bir dəhə.

    Tale bizə ürcah etdi bir daha

    Qaymaqlanmış şirin-şəkər dilləri.

     

    Vaxt var idi ölmə-diril dolandıq,

    Bulud kimi boşalandıq, dolandıq.

    Axır biz də o bağçanı dolandıq,

    Manşırladıq qızqaytaran gülləri.

     

    Öyünmə ki, Rafiiq, könlüm da şaddı,

    Hacan dedim həyat mənə daş atdı.

    Gəncliyimi torba ilə daşıtdı,

    Deyin necə qınamayım illəri?!

     

     

    Teqlər:

  • 18Yan

    Ədəbiyyat üçün şərhlər bağlıdır
     

    MƏMMƏD ARAZIN

               (TOFİQ YUSİFƏ)

    Nələr gördü, nə düşündü, nə yazdı,

    Şükür hələ Dədəm Qorqud varıymış.

    Anlamayan yəqin ağlı dayazmış,

    Söz mülkünün sərvətiymiş, varıymış,

    Qəbri nurla dolsun Məmməd Arazın!

     

    Sən ilqara, vəfaya bax, a qardaş

    Tənhalıqda uca dağa qar adaş.

    Bizdən ötrü o göyərən qara daş

    Dar ayaqda arpa cadı, darıymış.

    Qəbri nurla dolsun Məmməd Arazın!

     

    Duman tutub, çətin keçəm bu dağdan,

    Yurd gəzirəm o dağ zülmət, bu dağ dan.

    Ağıl dözmür, sallanan çox budaqdan,

    Gövdədə ki, bir qocalmış qarıymış.

    Qəbri nurla dolsun Məmməd Arazın!

     

    Sən də hərdən, ara dostu, dəy, toxun,

    Nə bir qəlbi incit, nə də dəy, toxun.

    Mun-min acdan yox xəbəri day toxun–

    Dövlətlinin qulaqları karıymış.

    Qəbri nurla dolsun Məmməd Arazın!

     

    Bu xinaya bənzəməyir o xına,

    Müəmmadır, çətin hələ oxuna.

    Su tökdülər Yalıncığın oxuna,

    Onun da ki, əsli-kökü xarıymış.

    Qəbri nurla dolsun Məmməd Arazın!

        

     Rafiq, ha dönsə də dünyanın dəfi,

    Şair–haqq aşiqi, pozulmaz səfi.

    Getdi, qoydu varis Tofiq Yusifi,

    Halal olsun, bəxti ona yarıymış!

    Qəbri nurla dolsun Məmməd Arazın!

     

    İNCİMƏZ

    Ürəkləri sevdiyimi küləklər

    Gedib yara bildirməsə yaxşıdır.

                                          Vahid Əziz Vahid

    Əziz, belə dərddən çox ola,

    Çiçəklərin aşiqləri çoxala.

    Ürəyindən şübhələri qovala,

    Sev çiçəyi, yarın səndən inciməz.

          

    Eşqin ilə sal aləmə haray sən,

    Külək onu hər tərəfə qoy yaysın.

    Bu sevginə nə gileylən, nə vaysın,

    Sev çiçəyi, yarın səndən inciməz.

     

    Buz bulaqdan lilpar ilə dər su iç,

    Kəkotudan çay dəmlədib süfrə aç.

    Hər dərdimə hər çiçəyim bir əlac,

    Sev çiçəyi, yarın səndən inciməz.

           

     İlham pərim qızılgüldü, nərgizdi,

    Hər ləçəyi yüz mənalı bir sözdü.

    Ürəyinin lap başında dər gəzdi,

    Sev çiçəyi, yarın səndən inciməz

     

    Duyan olsa çiçəklərin sirrini

    Hər addımda ovsunlayar sirr onu.

    Nazlı yarın qədəminə sər onu,

    Sev çiçəyi, yarın səndən inciməz.

                      

    Rafiq, heyif, qəddimizi yaş əyir!

    Qocaltdıqca bizi, özün yaş öyür.

    Çiçək varsa dünyamız da yaşayır,

    Sev çiçəyi, yarın səndən inciməz.

     

     

    Teqlər: