Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31May
    Digər Şəhidlərimiz və veteranlarımız üçün şərhlər bağlıdır

    İKİ QARDAŞ–ZÜLFÜQAR VƏ ETİBAR QASIMOVLAR

    Şəhidlərimizi unutmamaq, onları hər an yad etmək bizim vətəndaşlıq borcumuzdur. Çünki onlar Vətənimiz və onun vətəndaşları üçün canlarından keçiblər. Torpaqlarımızın toxunulmazlığı uğrunda erməni mənfurlarına qarşı mübarizədə canından-qanından keçən şəhid oğullarımızdan biri də Qasımov Zülfüqar Vahid oğludur.
    Qarağacı İnzibati Ərazi Dairəsinin Qaradağlı kəndində yaşayan Vahid Qasımovun ailəsində 11 uşaq böyüyürdü. Zülfüqar oğlanların dördüncüsü idi. O, 1972-ci ilin oktyabr ayının 30-da doğulmuşdu. Uşaqlığı böyüyüb boya-başa çatdığı kənddə keçmişdi. Vətənə borcunu ödəmək üçün hərbi xidmətə çağrılmışdı. O zamankı Sovet Ordusu sıralarında, Leninqrad şəhərində əsgəri xidmət keçmişdi. O, orduya doğulduğu Qaradağlı kəndindən deyil, Şuşa şəhər hərbi komisarlığından çağrılmışdı. Çünki Zülfüqar həmin illərdə Şuşa Kənd Təsərrüfatı Texnikumunda təhsil alırdı. 1990-92-ci illər idi.
    Məlumdur ki, 1990-cı illərin əvvəli ölkəmizi qanlı olaylar, iğtişaşlar, hərc-mərclik, çəkişmələr bürümüşdü. Hər şeydən öncə xain qonşularımızın torpaqlarımıza göz dikməsi və ərazilərimizi qırğınlar hesabına zəpt etməsi xalqın haqlı hiddətinə səbəb olmuşdu. Zülfüqar Qasımov 1993-cü il sentyabr ayının 15-dən Milli Ordu sıralarında Füzuli, Qubadlı və Beyləqan rayonları istiqamətində gedən döyüşlərdə mərdliklə mübarizə aparıb.
    Onun kiçik qardaşı Natiq də eyni hərbi hissədə əsgəri xidmətdə idi.
    1994-cü il martın 5-i Zülfüqarın son döyüş günü kimi doğmalarının, onu sevənlərin yaddaşında qalıb. Füzuli rayonunun Veysəlli kəndi uğrunda qanlı döyüşlər gedirdi. Xeyli itkilərimiz olmuşdu. Şəhidlərimizin meyitləri döyüş gedən ərazidə qalmışdı. Onları həmin ərazidən çıxarmaq üçün tapşırıq verilmişdi. Gənc leytenant Zülfüqar irəlidə gedirdi. O həmişə hərbiçi yoldaşlarına və valideynlərinə böyük inamla söyləyirdi: “Mən sağ qalacam, ölməyəcəm, narahat olmayın”. Lakin düşmən gülləsi bu cəsur döyüşçünün gənc ömrünü param-parça etdi. Verdiyi sözə əməl edə bilmədi. Bu qanlı savaşda şəhid oldu, əbədi olaraq Vətənin qəhrəman oğullarından birinə çevrildi. Doğulduğu torpaqda dəfn olundu.
    Xeyli illər ötməsinə baxmayaraq, Zülfüqar unudulmur, yaddan çıxmır.
    Zülfüqarın qardaşı Etibar Qasımovun şəxsi vəsaiti və rayon rəhbərliyinin köməkliyi ilə Qapanlı kəndində 12 nəfər şəhidin adı əbədiləşdirilərək abidə kompleksi yaradılıb. Şəhid Zülfüqar Qasımov yola saldığımız 2018-ci ildə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin İdarə Heyəti tərəfindən ölümündən sonra “Vətən naminə” və “Milli Ordu-100” medalları ilə təltif olunub.
    Şəhid Zülfüqar Qasımov nəinki doğmalarının, həm də doğulub boya-başa çatdığı kəndin sakinlərinin qürur yeridir. Daha ətraflı »

  • 31May
    Digər Qarabağ müharibəsi əlilləri üçün şərhlər bağlıdır

    DOĞMA YURDU YENİDƏN GÖRƏCƏKLƏR

    Məmmədov Tağı Allahverdi oğlu 2-ci qrup Qarabağ müharibəsi əlilidir. Qarabağ müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin üzvüdür. Onunla söhbətimiz zamanı özü haqqında və keçdiyi döyüş yolundan danışdı. Bildirdi ki, əslən Kəlbəcər rayonunun Ağdaban kəndindəndir. 1981-ci ildə ailəsi ilə birlikdə Ağdərə rayonuna köçüb. Natamam orta məktəbi orada bitirdikdən sonra Tərtər rayonundakı 96 №-li texniki peşə məktəbində traktorçu-maşinist peşəsinə yiyələnib. Peşə məktəbində təhsil aldığı zaman 1988-ci ildə Bəyimsarov kəndinə köçüblər. O zamandan burada yaşayıb və işləyib.
    1992-ci ilin avqust ayının 20-də Tərtər hərbi komissarlığından ordu sıralarına çağrılıb. Vətənin dar günü olduğundan döyüşə qatılıb. Minaatan bölməsində xidmət edib. Ağdərə ətrafı kəndlərin işğalçılardan təmizlənməsində mənfur ermənilərə qarşı döyüşüb. Döyüş yolu Marquşevan, Sərsəng Su Anbarı, Drombon, Çıldıran və Ağdərə rayonunun digər kəndlərindən keçib. Bir neçə dəfə yaralanıb, hospitalda müalicə alıb, sağaldıqdan sonra yenidən döyüşlərə qatılıb. Sonuncu dəfə aldığı yara daha ağır olub. O zaman əsgər yoldaşını qoruyarkən qəlpə onun kürəyini dağıdıb. Daha ətraflı »

  • 31May
    Digər O GÜNÜ SƏBİRSİZLİKLƏ GÖZLƏYİRİK­ üçün şərhlər bağlıdır

    Abdullayev Elçin Tapdıq oğlu 2-ci qrup Qarabağ müharibəsi əlilidir. O, Tərtər şəhər sakinidir. Orta təhsilini 5 saylı tam orta məktəbdə bitirdikdən sonra 96 nömrəli texniki peşə məktəbində traktorçu-maşinist ixtisasına yiyələnib. Hərbi xidmətini Rusiyada keçib.
    Qarabağ savaşı başlayanda rayonumuzun elektromexanika zavodunda işləyirdi. Azərbaycanın bütün oğulları kimi Elçin də Vətənin müdafiəsinə qoşuldu. “Tərtər Özünümüdafiə Batalyonu”na yazıldı. Ağdərə ətrafı döyüşlərdə vuruşurdu. Erməni qəsbkarlarına sonsuz nifrəti gündən-günə onun qəzəbini artırırdı. Döyüşlər zamanı 2 dəfə yaralanıb. Müalicə aldıqdan sonra yenidən batalyona qayıdaraq döyüşünü davam etdirib. Üçüncü dəfə isə çox ağır vəziyyətdə yaralandı. Qızılqaya ətrafında döyüşdə kürəyindən qəlpə yarası alıb, güclü qantuziya keçirib. Xeyli vaxt hospitalda yatmalı olub. Bakı şəhərində müalicə alıb.
    Hazırda Qarabağ müharibəsi əlillərinə göstərilən dövlət qayğısından danışaraq bildirdi ki, bizim ölkəmizdə dövlət öz şəhidinə, veteranına, əlilinə dəyər verib, qiymətləndirir. Mənə də ölkə Prezidentinin qayğısı ilə ev tikilib.
    Əlilliyə görə təqaüd alıram. Son zamanlarda cənab İlham Əliyevin sərancamı ilə əlillərin təqaüdü xeyli artırılıb. Bütün bunlar bizə göstərilən qayğının parlaq nümunəsidir. Daha ətraflı »

  • 31May
    Digər Laçının işğalından27 il ötür üçün şərhlər bağlıdır

    VƏTƏN HƏSRƏTİNƏ SON QOYULACAQ

    Azərbaycanın Laçın rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 27 il keçir.
    İşğal nəticəsində Laçında 1 şəhər, 1 qəsəbə, 120 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24374 uşaqdan 18-i şəhid, 225 nəfəri əlil olub, 31-i hər iki valideynini itirib, 64 min nəfər məcburi köçkünə çevrilib. Rayon ərazisindəki 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı, 40-dək mədəni və tarixi abidə, onlarla təhsil müəssisəsi hazırda işğal altındadır.
    İşğal nəticəsində 1835 kvadrat kilometr ərazisi olan Laçın rayonundakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib və ya erməniləşdirilib. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Düşmən rayonun yüngül sənaye mərkəzlərini, kənd təsərrüfatı sahələrini yararsız hala salıb.
    Müsahibim Laçın rayonundan məcburi köçkün olan vətəndaşlarından biri Budaqov Fazil Xanlar oğludur. Fazil müəllim dağlar oğlu kimi qürurlu, mərd görkəmə malik olsa da, yaz buludu kimi dolub. Onunla söhbətim zamanı Vətən həsrəti ilə yanıb-yaxılan, doğma Laçının torpağı-daşı üçün şama çevrilərək şölələnib əriyən bir insanla üz-üzə dayandığımı hiss etdim. Hər sualdan qəhərlənib, fikrini kövrələrək bildirirdi Fazil müəllim.
    Dedi ki, 1973-cü il iyun ayının 27-də Budaqdərə kəndində doğulub. Qaçqın düşən zaman 22 yaşı varıydı. Bakı şəhərində Plan-Uçot Texnikumunda tələbə idi. Bütün Laçınlı gənclər kimi o da vətəninin dar günündə el-obasının hay-harayına çatmaq fikri ilə kəndə gəlmişdi. Ermənilərin xəyanətkar, mənfur niyyətlərinin həyata keçirilməsinə mane olmaq istəyən kənd sakinləri o gecənin dəhşətini yaşamağa məcbur qaldılar. Bütün laçınlılar kimi 22 yaşlı Fazilin ailəsi də mayın 18-də doğma ocaqlarını qoyub çıxdılar. Ağcabədi rayonunun Taxtakörpü qışlağına gəldilər. Lakin orda da çox qala bilməyib, Tərtərə üz tutdular. 1992-ci ilin avqust ayından Şıxarx qəsəbəsində məskunlaşdılar. Burdan dağlara yol daha yaxındır,–dedilər. Elə həmin il atası Xanlar Köçəri oğlu 60 yaşında dünyasını dəyişdi və Tərtərdə torpağa tapşırıldı. Daha ətraflı »

  • 31May
    Ədəbiyyat Hər budaqdan bir yarpaq üçün şərhlər bağlıdır

    İKİNCİ ÖMÜR

    (HEKAYƏ)

    Bahadur fikirləşib götür-qoy edir, ancaq qəti bir qərara gələ bilmirdi. Anasının sağlığında bir-təhər dözürdü, xətrinə dəyməmək üçün ürəyindən keçənləri büruzə vermirdi. Yoxsulluqla, təkbaşına böyütmüşdü anası onu. Bahadurun beş yaşı olanda atasını meşədə odun qıran zaman ağac vurmuşdu. Bir ildən artıq idi ki, anası da rəhmətə getmişdi. İndi ondan soruşan yox idi ki, niyə bikefsən? O da heç kimə əhvalını bildirmirdi. İki oğlu var idi. Həyat yoldaşı Müşgünazı anası bəyənib almışdı ona. O vaxt başqa-sını sevdiyini, keçmiş məktəb yoldaşı Qəmərlə əhdpeyman bağladıqlarını anasına deyə bilməmişdi. “Məni ürəyinin yağı ilə böyüdüb, qoy necə bilir elə də eləsin”–demişdi. Ancaq insaf naminə desək Müşgünaz Qəmərdən gözəl idi. Boy-buxunu, yerişi-duruşu kəndin çox oğlanlarına ah çəkdirirdi. Neyniyəsən ki, Bahadur Müşgünazı yox, Qəməri sevirdi.
    Çox tərəddüddən sonra nə anasına olan sevgisi, nə yeddi illik ailə həyatı, nə oğlanlarının gələcəyi, nə də anası ilə birlikdə min bir əziyyət bahasına tikdirdikləri ev-eşik onun yolunu kəsə bilmədi. Günlərin birində ürəyindən keçənləri Müşgünaza danışdı. Müşgünaz heç başını da qaldırmadan: “Elə et ki, nə vaxtsa peşiman olmayasan”, –dedi.
    Bahadur əlavə heç nə deməyib, qapını arxasınca örtdü…
    Kənd yerində xəbər tez yayılır. Bir saat sonra bütün kənd bilirdi ki, Bahadur uşaqlarını qoyub, bir pencəyinən evdən çıxıb.
    Kənd mağazasının qarşısında papaq atsan, yerə düşməzdi, Bahadurun hərəkətini müzakirə edirdilər. Hərə öz fikrində israrlı idi. Kimi deyirdi: “Vallah, düz eləməyib! Özü yetimçiliyi görmüşdü, gərək uşaqlarını da başsız qoymayaydı”. Digəri söyləyirdi: “Özü bir qarnı ac, bir qarnı tox böyümüşdü, uşaqlarına yetərincə mal-dövlət qoysa da, gərək belə etməyəydi!”. Başqa biri: “ Necə olsa da kişi gərək nəfsinin yox, əqlinin arxasınca getsin”, –deyirdi. Daha ətraflı »

  • 31May

    Ədəbiyyat üçün şərhlər bağlıdır
    BU QURBAN OLDUĞUM VƏTƏN

    Düşməndən dərs yükü alıb,

    Dərdinə daldığım Vətən…

    Qarabağda “iki” alıb,

    Sinifdə qaldığım Vətən.

     

    Oğul-oğul çiçəkləndi,

    Şəhid-şəhid ləçəkləndi,

    Xocalıda çilikləndi

    Əlimdən saldığım Vətən…

     

    Gedir, yad əldə can gedir,

    Can-can Azərbaycan gedir.

    Gör kimlərə qurban gedir

    Bu qurban olduğum Vətən!..

    MƏNLİK DEYİL

    Bu səngər haqq səngəridi,

    Zəhmində çox cəng əridi.

    Ləngərim söz ləngəridi,

    Yüngül hava mənlik deyil.

     

    Öz göyüm var, öz mələyim,

    Öz xəttim var, öz lələyim.

    Öz məzarım, öz bələyim,

    Haram yuva mənlik deyil.

     

    Davam nə can davasıdı,

    Nə də yorğan davasıdı.

    Azərbaycan davasıdı,

    Ayrı dava mənlik deyil.

     

    Ramiz QUSARÇAYLI

     

    BAĞIŞLA MƏNİ

    Xeyli vaxtdır soruşmuram halını,

    Günahkar bəndəyəm, bağışla məni,

    Nə desən haqqın var, amma ki, qardaş,

    Sənsiz pis gündəyəm, bağışla məni.

     

    Gəl, ay qardaş gəl yenidən barışaq,

    Bu dünyada bir yanaq, bir alışaq.

    Ömrün payızında nədən danışaq?

    Dumanda, çəndəyəm, bağışla məni.

     

    Necə unudaq biz olub-keçəni?

    Büküb ürəyimə saxlaram səni.

    Yəqin unutmazsan sən də Mirzəni,

    Mən axı səndəyəm, bağışla məni.

     

    Mirzə MƏMMƏDOV

  • 31May

    Ədəbiyyat üçün şərhlər bağlıdır
    DÜNYA BİR BAZARDIR

    Dünya bir bazardır-köhnə bir bazar,

    Alınıb-satılır adamlar burda.

    Ya xeyirxah olsun, ya mərdimazar,

    Hər cürə qiymətə adam var burda.

     

    Çəkir ömürləri mizan-tərəzi,

    Duzun duz, kəmin kəm hesabı gedir.

    Süzgəcdən süzürlər hər birimizi,

    Ayrıca haqq-hesab kitabı gedir.

     

    Elə adam var ki, çıxdaşdır daha-

    Piştaxta küncünə atılıb qalar,

    Adamlar görmüşəm qızıldan baha,

    Dəstəsi on qəpik olanlar da var.

     

    Hər kəs qiymətini özü yazıbdır

    Qiymət kağızına öz əlləriylə.

    Kim nə dəyərdədir, nə qazanıbdır

    Ölçülür-biçilir əməlləriylə.

     

    Taparsan burada kimi dilərsən,

    Bazar öz nırxını dəyişməz qəti,

    Bu dünya bazardır, özün bilərsən,

    Ya cəhənnəmi al, ya da cənnəti.

    Tofiq YUSİF

     

    BUYMUŞAM

    Məni əfəl görüb qına,

    Buymuşam, fələk, buymuşam.

    Bu daşı bu caynağımla

    Oymuşam, fələk, oymuşam.

     

    Qar ələndi, yol islandı,

    Hardan olum istiqanlı?

    Ürəyimi qanlı-qanlı

    Soymuşam, fələk, soymuşam.

    Gözüm o dağın yalında,

    Gah sağında, gah solunda.

    Bu canı haqqın yolunda

    Qoymuşam, fələk, qoymuşam.

     

    Mən düşdüyüm nə işiydi?

    Yerim, yurdum dəyişikdi.

    Bircə ölümüm əskikdi,

    Doymuşam, fələk, doymuşam.

     

    Nağıla düşdüm, nağıla,

    Çətin bu yaram sağala.

    Zirəddin kimi oğula

    Qıymışam, fələk, qıymışam.

    Zirəddin QAFARLI

    DAŞ ÇIXARDIRAM

    Altmışımda gəlib ağıl üstümə,

    Damağım yarılıb, diş çıxardıram.

    Gün doğub təzədən mağıl üstümə,

    Çilləm yol üstədi, qış çıxardıram.

     

    Dodağım çatdıyır, dilim qabarır,

    Sahilləri yuyur, selim qabarır,

    Mən şeir yazanda əlim qabarır

    Qayanı çapıram, daş çıxardıram.

     

    Hərdən qızdırması, dondurması var,

    Bəxtin olanımı sovurması var.

    Kişmişi yerində, qovurması var,

    Süfrəmə layiqli aş çıxardıram.

     

    Gəldim, bu dünyanın dərdim dərdini,

    Dərdim, ürəyimə verdim dərdini.

    Dərdimnən ziyada gördüm dərdini,

    Qəlbim qan ağlayır, yaş çıxardıram.

     

    Bu qədər qəzəbin, kinin içində,

    Bizim kara gəlməz minin içində.

    Bu qədər şeytanın, cinin içində

    Əlövsət, mənəm ki, baş çıxardıram

    Əlövsət SALDAŞ

     

  • 31May

    Ədəbiyyat üçün şərhlər bağlıdır
    DAHA HEÇ BİR KƏSƏ İNANMIRAM MƏN

    Səmti bəlli deyil əsən küləyin,

    İblislər cildinə girir mələyin.

    Tərsinə fırlanır çərxi fələyin,

    Zaman da zövq alır fitnədən, feldən,

    Daha heç bir kəsə inanmıram mən.

     

    Göz yaşı da saxta, gülüş də saxta,

    Gediş də saxtadı, gəliş də saxta.

    Almaz da, qızıl da, gümüş də saxta

    Necə ayırasan qızılı misdən,

    Daha heç bir kəsə inanmıram mən.

     

    Qardaş qardaşının üzünə durur,

    Dost dediyin səni arxadan vurur,

    Haqsızlar haqlıya məhkəmə qurur.

    Kimə inanasan, kimə görəsən?

    Daha heç bir kəsə inanmıram mən.

     

    Qılınclar korşalıb qalır pasında,

    Dəyişib adəti toyun, yasın da.

    Gədalar allahlıq iddiasında,

    İzahat istəyir qarışqa fildən,

    Daha heç bir kəsə inanmıram mən.

     

    Ülvi sevgi hanı, məhəbbət hanı?

    Məhəbbət yolunda dəyanət hanı?

    Düz ilqar, etibar, sədaqət hanı?

    Aldanır sevilən, aldadır sevən,

    Daha heç bir kəsə inanmıram mən.

     

     

    Yalanlar dördnala çapır atını,

    Kəsir həqiqətin yeddi qatını.

    Əsli nadürüstlər danır zatını,

    Bədxahlıq səpilir torpağa dən-dən,

    Daha heç bir kəsə inanmıram mən.

                                             Qədir TƏRTƏRLİ

     

    EHTİYAC

    Təbiət dincəlib, torpaq yatanda

    Göylərə əl açar qar ehtiyacı.

    Təzədən bahara növbə çatanda

    Oyadar bağları bar ehtiyacı.

     

    Bu qayda, bu nizam gəlməzmi xoşa

    Dağ-dağla yanaşı, gül-güllə qoşa.

    Tək nəğmə insanı gətirməz coşa,

    Duyular kamanla tar ehtiyacı

     

    Ömür tez talanar tək yaşamaqdan,

    Fikirdə, xəyalda baş qaşımaqdan.

    Təklik ağır olar daş daşımaqdan,

    Hər ömrün həmdəmə var ehtiyacı.

     

    Bəşər çox keçinib qara çörəklə,

    Demirəm çəkilək dara çörəklə.

    Yaşamaq mümkündür para çörəklə,

    Böyük eytiyacdır yar ehtiyacı.

    Talıb MƏMMƏDLİ

     
  • 31May
    Ədəbiyyat TƏQDİM EDİRİK üçün şərhlər bağlıdır

    Sadiq Tağızadə 1992-ci ildə Tərtərdə anadan olub. Şəhər 6 saylı tam orta məktəbini bitirib. Hazırda rayonumuzdakı qaz istismarı idarəsində nəzarətçi-çilingər işləyir.
    Sadiq hələ məktəb illərindən poeziyaya maraq göstərib. Elə ilk şeirlərini də o zamanlar yazıb. Onun “Çinar” adlı şeiri bizim “Yeni Tərtər” qəzetində çap olunub.
    Sadiq Tağızadənin yaradıcılığından daha bir nümunəni oxucularımıza təqdim edirik.

    KİTABLAR

    Bəzən otağımda darıxıram mən,

    Fikrim kitabların yanında qalır.

    Tənhalıq könlümü sıxan zamanlar

    Hər kitab maraqlı bir adam olur.

     

    Biri var, anama oxşayır sanki,

    Şirin laylasıyla yatırır məni.

    Biri işıq saçır xəyal dünyama,

    Arzuya, diləyə çatdırır məni.

     

     

    Vətən sevgisini, vətən eşqini

    Öyrətdi bu qalın kitablar mənə.

    Hər kitab bir Dədə Qorqud timsalı,

    Hər sətrin öyüdü, sözü var mənə.

     

    Dünyaya kitabla yol salarsınız,

    Su kimi həmişə olar gərəyin.

    Nə zaman həyatda tək qalarsınız.

    Yalnız kitablarla dostluq eləyin.

    Sadiq TAĞIZADƏ

  • 20May
    Digər HEYDƏR ƏLİYEV-96 üçün şərhlər bağlıdır

    XALQIN XİLASKARI

    Azərbaycan xalqı tanınmış siyasətçi, dövlət xadimi ümummilli lider Heydər Əliyevə inanırdı və onunla fəxr edirdi. O, həyatı boyu vətəni və xalqı üçün çalışıb. Hakimiyyətə gəldiyi ilk gündən xalqın xoşbəxtliyi üçün bütün enerjisini, gücünü əsirgəmədi. Dövləti idarə etməyə Milli Orduda qayda-qanun yaratmaqdan, onu möhkəmləndirməkdən başladı. Azərbaycana yenidən prezidentliyə qayıdışı ilə xalqımızın həyatında qurtuluş baş verdi. Onun gəlişi ilə ölkəmizin daxili və xarici düşmənlərinin oxu daşa dəydi, arzuları gözlərində qaldı. Respublikamız məhv olmasından xilas edilərək, müstəqilliyimiz qorunub saxlanıldı.
    Ulu öndərin müdrik siyasəti nəticəsində cəbhədə atəşkəs yarandı. Onun əməyi nəticəsində bizim haqq, ədalət və sülh tərəfdarı olduğumuz dünya ölkələrinə bəyan oldu. Qaçqınların xüsusi qayğı ilə əhatə olunması, Ermənistan tərəfindən zəbt olunan torpaqların qaytarılması, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün var qüvvəsi ilə çalışdı. Daha ətraflı »