Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyn
    Ədəbiyyat EL ŞAİRİ MƏZAHİR DAŞQININ YARADICILIĞINDA DİYARŞÜNASLIQ üçün şərhlər bağlıdır

    Bütün həyatı boyu narahat ömür yaşasa da, gəncliyinin ən gözəl çağlarını sürgünlərdə, əsir düşərgələrində keçirsə də, bu didərgin şairin də doğulub boya-başa çatdığı eli-obası, daima onu öz qucağına səsləyən yurd-yuvası olub. O yurd qocaman Tərtər çayının zümzüməsini hər an eşidən, onun büllur kimi saf və təmiz suyundan cənnətə dönən Tərtər rayonunun Borsunlu kəndidir.
    Məzahir hələ kiçik yaşlarından el sənətkarlarının sözlərini, ustad sənətkarların qoşduqları nəğmələri məharətlə ifa edər və kəndin savadlı, xalq yaradıcılığını gözəl bilən insanlarının diqqətini çəkərdi. Bütün bunlar onun yazmaq, yaratmaq eşqini, həvəsini artırardı. Onun istedadı xalqımızın əvəzolunmaz şairi Səməd Vurğunun da diqqətindən kənarda qalmamış və ömrünün sonuna qədər şair ona öz köməyini əsirgəməmişdi. Hətta Səməd Vurğun dostu Aleksandr Fadeyevlə birgə Daşqının dalınca Sibirə gedib çıxmışdır. Bu da şairin Daşqına verdiyi ən böyük qiymət idi və onun istedadına inamından irəli gəlirdi.
    Ömrü boyu dinclik, rahatlıq, azadlıq və həqiqət axtaran şair çox keşmə-keşli və haqsızlıqlarla dolu bir ömür yaşamışdır. Bütün bunlara baxmayaraq, o, gələcək nəsillərə xalq yaradıcılığından qaynaqlanan bir əbədi irs qoyub getmişdi. Şairin hələ də xalq içərisində ağızdan-ağıza yayılan və yazıya alınmayan düzüb qoşduqları toplanmasa da, əlimizdə kifayət qədər yaradıcılıq nümunələri var. Bu da şairin yaradıcılığı haqqında ətraflı danışmağa imkan verir. Onun aşıq şeirinin qoşma, gəraylı, təcnis, divani və s. janrlarında yazdığı əsərləri diqqəti daha çox cəlb edir. Məzahir Daşqının dili çox sadə, anlaşıqlıdır. Odur ki, əsərləri tez yadda qalır, çünki xalqın başa düşəcəyi bir dildə yazılıb. Mövzu baxımından da Daşqın yaradıcılığında rəgarənglik çox güclüdür. Bu da şairin zəngin istedada və geniş dünyagörüşə malik olmasından irəli gəlir. Onun hansı mövzuda, hansı janrda yazmasından asılı olmayaraq, bütün əsərlərində şairin ürək çırpıntılarını hiss edirik. Azərbaycanımızın dağı-aranı, kəndi-şəhəri, çayı-gölü öz bədii ifadəsini Daşqın yaradıcılığında çox gözəl tapmışdır. Bu da diyarşünaslıq baxımından daha geniş məlumatlar əldə etməyə imkan verir. Yəni, diyarşünaslıq hər hansı bir müəyyən ərazinin hərtərəfli öyrənilməsidir və hər bir elmi əsasda öyrənmənin obyekti olur. Kəndin, şəhərin, dağın, meşənin və s. təbiəti, yaxud tarixi, ədəbi-mədəni sərvətləri öyrənmə obyekti ola bilər. Məsələn, Daşqının yazmış olduğu ”Göygöl” və ”Göygölə gəl, Göygölə” şeirləri Göygölün yaranma tarixini öyrənmə obyektidir: Daha ətraflı »

  • 20İyn
    Ədəbiyyat MƏNİM ANA DİLİM üçün şərhlər bağlıdır

    Dil bəşəriyyətin mənəvi dünyasının bir parçasıdır. Hazırda dünya əhalisinin sayı 7 milyarda çatmışdır. Dünyada yaşayan xalqlar özlüyündə hərəsi öz mənsub olduğu xalqın–mənəvi dünyası olan dilin övladıdır.
    Dünya dillərinin sayı son məlumatlara əsasən 3700-ə bərabərdir.
    Bu dillər arasında elələri var ki, həmin dildə danışan adamların sayı çox azdır. Elələri də var ki, Çin, Hindistan kimi ölkələrdə dünya əhalisinin 3,2 hissəsi yaşayır.
    İnsan şüurlu varlıq olmaqla qazandığı dilin davamçısına çevrilir.
    Şimaldan Cənuba, Qərbdən Şərqə olan ölkələr sırasında Mənim Vətənim–Azərbaycanım var. Azərbaycanı bütün dünyaya tanıdan zəngin dilim var. Bu dil əsrlər boyu mübarizələr mühitində çarpışmaqda olub. Mübariz xalqın mübariz dilidir Ana dilim.
    Tarixin sübh çağından doğulan dillərdən biridir Azərbaycan dili.
    Deməli, tarix gözünü açanda gördüyü insanların, xalqların, millətlərin biri də şumerlər-oğuzlar idi.
    Oğuz xalqları öz zəngin dövlətlərini yaratdılar.
    Başqa xalqlar öz tarixini öz dilində yazırdı. Oğuzlar öz dilinin zənginliyindən istifadə edib, daş kitabələr yaratdı.
    Digərləri çox vaxt tarixini belə başqa xalqların dilində yazardı.
    İmperiyalar azsaylı xalqların həm torpağını, həm də dillərini işğal edirdilər. Təkcə Türk xalqları bunu ədalətlə idarə edərdi.
    Sovet imperiyasının apardığı ruslaşdırma, İngiltərənin apardığı ingilisləşdirmə, Fars imperiyasının yürütdüyü farslaşdırma, Ərəb xilafətinin ərəbləşdirmə siyasətlərindən fərqli olaraq onların dilinə hörmətlə yanaşardılar.
    Adını çəkdiyimiz xalqlardan Azərbaycan türkləri zaman-zaman öz dilini yaşatmış, bu dildə bütün dünyada tanınan sənət əsərləri yaratmışlar. Torpaqlar işğala məruz qalır, yaradılan əsərlər yandırılır. Ancaq dil elə bir sərvətdir ki, onu işğal etmək, yandırmaq, unutdurmaq olmur.
    200 ildir ki, Rus imperiyası, fars imperiyası öz planları əsasında əvvəl Cənubi Qərbi Azərbaycanı işğal etməklə azərbaycanlıları öz yurd-yuvalarından didərgin saldılar. Davamı Qarabağ oldu.
    Bu gün Zəngəzur, Vedi, İrəvan, Göyçə torpaqları, Şuşa, Laçın, Zəngilan, Qubadlı elləri qaçqın və didərgin olublar.
    Özləri ilə apardıqları ən zəngin xəzinə, Azərbaycan dili oldu. Deməli, dil ən qiymətli xəzinədir.
    Xəlil Rza Ulutürkün dediyi kimi: Daha ətraflı »

  • 20İyn
    Ədəbiyyat POEZİYA GUŞƏSİ üçün şərhlər bağlıdır

    SAZ  ÇALINIR

    A duyğusuz, saz çalınır, qulaq as,

    Qorqudumdan əmanətdi bizlərə.

    Qoç Koroğlu qılıncını tullayıb,

    Saz kökləyir, qoy eşitsin dağ, dərə.

     

    Bihuş edib məni “Yanıq Kərəmi”,

    Bu havaya oynamayın, a qızlar!

    Bu havada yana-yana qovrulan

    Xan Kərəmin naləsi var, dərdi var.

     

    Nurla dolsun Ədalətin məzarı,

    Yana-yana ölüb getdi dünyadan.

    Qatil oldu ona “Yanıq Kərəmi”,

    Dedi, sazım, mən yanıram, sən də  yan!

     

    “Baş Sarıtel” çalınanda göynəyir

    Sinəmdəki sızıldayan aman, ah.

    Bəsdir daha, insaf edin, nə olar,

    Dərdlərimi tərpətməyin siz Allah!

     

    Naşı əllər toxunmasın sazıma,

    Hər simində bu xalqımın ruhu var.

    İşdir, əgər ona nadan toxunsa,

    Vallah, sazım nalə çəkər, qan ağlar!

     

    A  duyğusuz,   saz  çalınır,  qulaq  as,

    Qorqudumdan əmanətdi bizlərə.

    Qoç Koroğlu qılıncını tullayıb,

    Saz kökləyir, qoy eşitsin dağ, dərə.

    VAR

    Baş açmıram başsızların işindən,

    Düz yolunu azdıran var, əyən var.

    Corabını papaq kimi başına,

    Pencəyini şalvar kimi geyən var.

     

    Zənn etmə ki, çətin olmur hər asan,

    Gərək yolun axtarasan, tapasan.

    Heç bilmirsən kimə qulaq asasan,

    Dovşana qaç, tazıya tut deyən var.

     

    Qış görmüşəm qürbət elin yayını,

    Hər kəs gərək tapsın özcə tayını.

    Halal çörək qazananın payını

    Arsız-arsız haramlıqla yeyən var.

     

    Bir kökdənik–yarı mənəm, yarı sən,

    Bir ağacın barı mənəm, barı sən.

    Allah, məni dostlarımdan qoru sən,

    Sirr sözümü düşmənimə deyən var.

     

    Bahar keçib, payız keçib, qış qalıb,

    Ocaq sönüb, quru yanıb, yaş qalıb.

    Kişi hanı? Çox  papaqlar boş qalıb,

    Nahaq yerə öz döşünə döyən var!

    ANA VƏTƏN, AÇ  QOYNUNU

    Ana Vətən, aç  qoynunu, gəlmişəm

    İcazə ver, qoy başına dolanım.

    Bir canım var, qurbanındır o sənin,

    Neyləyim ki, budur olmaz-olanım.

     

    Qürbət eldə həsrətini çəkirdim,

    Gecə-gündüz sızlayırdı ürəyim.

    Yavanlığa tapmayanda heç nəyi,

    Göz yaşımla islanırdı çörəyim.

     

    Qoy diz çöküb, ayağına yıxılım,

    Bir də öpüm torpağını, daşını.

    Sən ucasan, boyum çatmaz boyuna,

    Qurban olum, aşağı əy başını.

     

    Ay Tərtərli, ucalarsan daha da,

    Vallah, əgər bu torpağa əyilsən.

    Öp, gözünün üstünə qoy sən onu,

    Vətəndəsən, qürbətdə ki, deyilsən!

     

  • 10İyn
    Ədəbiyyat TƏBRİK EDİRİK! üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 may 2019-cu il tarixli Sərəncamı ilə həmyerlimiz Cəfərov Vahid Əziz oğluna(Vahid Əziz) Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Xalq şairi” fəxri adı verilmişdir.
    Bu münasibətlə istedadlı qələm ustadı, əslində çoxdan öz xalqının şairi olan Vahid Əzizi bütün tərtərlilər və Vahidsevərlər adından təbrik edir, ona cansağlığı və yeni-yeni ədəbi uğurlar diləyirik!

    “Yeni Tərtər”

  • 31May
    Ədəbiyyat Hər budaqdan bir yarpaq üçün şərhlər bağlıdır

    İKİNCİ ÖMÜR

    (HEKAYƏ)

    Bahadur fikirləşib götür-qoy edir, ancaq qəti bir qərara gələ bilmirdi. Anasının sağlığında bir-təhər dözürdü, xətrinə dəyməmək üçün ürəyindən keçənləri büruzə vermirdi. Yoxsulluqla, təkbaşına böyütmüşdü anası onu. Bahadurun beş yaşı olanda atasını meşədə odun qıran zaman ağac vurmuşdu. Bir ildən artıq idi ki, anası da rəhmətə getmişdi. İndi ondan soruşan yox idi ki, niyə bikefsən? O da heç kimə əhvalını bildirmirdi. İki oğlu var idi. Həyat yoldaşı Müşgünazı anası bəyənib almışdı ona. O vaxt başqa-sını sevdiyini, keçmiş məktəb yoldaşı Qəmərlə əhdpeyman bağladıqlarını anasına deyə bilməmişdi. “Məni ürəyinin yağı ilə böyüdüb, qoy necə bilir elə də eləsin”–demişdi. Ancaq insaf naminə desək Müşgünaz Qəmərdən gözəl idi. Boy-buxunu, yerişi-duruşu kəndin çox oğlanlarına ah çəkdirirdi. Neyniyəsən ki, Bahadur Müşgünazı yox, Qəməri sevirdi.
    Çox tərəddüddən sonra nə anasına olan sevgisi, nə yeddi illik ailə həyatı, nə oğlanlarının gələcəyi, nə də anası ilə birlikdə min bir əziyyət bahasına tikdirdikləri ev-eşik onun yolunu kəsə bilmədi. Günlərin birində ürəyindən keçənləri Müşgünaza danışdı. Müşgünaz heç başını da qaldırmadan: “Elə et ki, nə vaxtsa peşiman olmayasan”, –dedi.
    Bahadur əlavə heç nə deməyib, qapını arxasınca örtdü…
    Kənd yerində xəbər tez yayılır. Bir saat sonra bütün kənd bilirdi ki, Bahadur uşaqlarını qoyub, bir pencəyinən evdən çıxıb.
    Kənd mağazasının qarşısında papaq atsan, yerə düşməzdi, Bahadurun hərəkətini müzakirə edirdilər. Hərə öz fikrində israrlı idi. Kimi deyirdi: “Vallah, düz eləməyib! Özü yetimçiliyi görmüşdü, gərək uşaqlarını da başsız qoymayaydı”. Digəri söyləyirdi: “Özü bir qarnı ac, bir qarnı tox böyümüşdü, uşaqlarına yetərincə mal-dövlət qoysa da, gərək belə etməyəydi!”. Başqa biri: “ Necə olsa da kişi gərək nəfsinin yox, əqlinin arxasınca getsin”, –deyirdi. Daha ətraflı »

  • 31May

    Ədəbiyyat üçün şərhlər bağlıdır
    BU QURBAN OLDUĞUM VƏTƏN

    Düşməndən dərs yükü alıb,

    Dərdinə daldığım Vətən…

    Qarabağda “iki” alıb,

    Sinifdə qaldığım Vətən.

     

    Oğul-oğul çiçəkləndi,

    Şəhid-şəhid ləçəkləndi,

    Xocalıda çilikləndi

    Əlimdən saldığım Vətən…

     

    Gedir, yad əldə can gedir,

    Can-can Azərbaycan gedir.

    Gör kimlərə qurban gedir

    Bu qurban olduğum Vətən!..

    MƏNLİK DEYİL

    Bu səngər haqq səngəridi,

    Zəhmində çox cəng əridi.

    Ləngərim söz ləngəridi,

    Yüngül hava mənlik deyil.

     

    Öz göyüm var, öz mələyim,

    Öz xəttim var, öz lələyim.

    Öz məzarım, öz bələyim,

    Haram yuva mənlik deyil.

     

    Davam nə can davasıdı,

    Nə də yorğan davasıdı.

    Azərbaycan davasıdı,

    Ayrı dava mənlik deyil.

     

    Ramiz QUSARÇAYLI

     

    BAĞIŞLA MƏNİ

    Xeyli vaxtdır soruşmuram halını,

    Günahkar bəndəyəm, bağışla məni,

    Nə desən haqqın var, amma ki, qardaş,

    Sənsiz pis gündəyəm, bağışla məni.

     

    Gəl, ay qardaş gəl yenidən barışaq,

    Bu dünyada bir yanaq, bir alışaq.

    Ömrün payızında nədən danışaq?

    Dumanda, çəndəyəm, bağışla məni.

     

    Necə unudaq biz olub-keçəni?

    Büküb ürəyimə saxlaram səni.

    Yəqin unutmazsan sən də Mirzəni,

    Mən axı səndəyəm, bağışla məni.

     

    Mirzə MƏMMƏDOV

  • 31May

    Ədəbiyyat üçün şərhlər bağlıdır
    DÜNYA BİR BAZARDIR

    Dünya bir bazardır-köhnə bir bazar,

    Alınıb-satılır adamlar burda.

    Ya xeyirxah olsun, ya mərdimazar,

    Hər cürə qiymətə adam var burda.

     

    Çəkir ömürləri mizan-tərəzi,

    Duzun duz, kəmin kəm hesabı gedir.

    Süzgəcdən süzürlər hər birimizi,

    Ayrıca haqq-hesab kitabı gedir.

     

    Elə adam var ki, çıxdaşdır daha-

    Piştaxta küncünə atılıb qalar,

    Adamlar görmüşəm qızıldan baha,

    Dəstəsi on qəpik olanlar da var.

     

    Hər kəs qiymətini özü yazıbdır

    Qiymət kağızına öz əlləriylə.

    Kim nə dəyərdədir, nə qazanıbdır

    Ölçülür-biçilir əməlləriylə.

     

    Taparsan burada kimi dilərsən,

    Bazar öz nırxını dəyişməz qəti,

    Bu dünya bazardır, özün bilərsən,

    Ya cəhənnəmi al, ya da cənnəti.

    Tofiq YUSİF

     

    BUYMUŞAM

    Məni əfəl görüb qına,

    Buymuşam, fələk, buymuşam.

    Bu daşı bu caynağımla

    Oymuşam, fələk, oymuşam.

     

    Qar ələndi, yol islandı,

    Hardan olum istiqanlı?

    Ürəyimi qanlı-qanlı

    Soymuşam, fələk, soymuşam.

    Gözüm o dağın yalında,

    Gah sağında, gah solunda.

    Bu canı haqqın yolunda

    Qoymuşam, fələk, qoymuşam.

     

    Mən düşdüyüm nə işiydi?

    Yerim, yurdum dəyişikdi.

    Bircə ölümüm əskikdi,

    Doymuşam, fələk, doymuşam.

     

    Nağıla düşdüm, nağıla,

    Çətin bu yaram sağala.

    Zirəddin kimi oğula

    Qıymışam, fələk, qıymışam.

    Zirəddin QAFARLI

    DAŞ ÇIXARDIRAM

    Altmışımda gəlib ağıl üstümə,

    Damağım yarılıb, diş çıxardıram.

    Gün doğub təzədən mağıl üstümə,

    Çilləm yol üstədi, qış çıxardıram.

     

    Dodağım çatdıyır, dilim qabarır,

    Sahilləri yuyur, selim qabarır,

    Mən şeir yazanda əlim qabarır

    Qayanı çapıram, daş çıxardıram.

     

    Hərdən qızdırması, dondurması var,

    Bəxtin olanımı sovurması var.

    Kişmişi yerində, qovurması var,

    Süfrəmə layiqli aş çıxardıram.

     

    Gəldim, bu dünyanın dərdim dərdini,

    Dərdim, ürəyimə verdim dərdini.

    Dərdimnən ziyada gördüm dərdini,

    Qəlbim qan ağlayır, yaş çıxardıram.

     

    Bu qədər qəzəbin, kinin içində,

    Bizim kara gəlməz minin içində.

    Bu qədər şeytanın, cinin içində

    Əlövsət, mənəm ki, baş çıxardıram

    Əlövsət SALDAŞ

     

  • 31May

    Ədəbiyyat üçün şərhlər bağlıdır
    DAHA HEÇ BİR KƏSƏ İNANMIRAM MƏN

    Səmti bəlli deyil əsən küləyin,

    İblislər cildinə girir mələyin.

    Tərsinə fırlanır çərxi fələyin,

    Zaman da zövq alır fitnədən, feldən,

    Daha heç bir kəsə inanmıram mən.

     

    Göz yaşı da saxta, gülüş də saxta,

    Gediş də saxtadı, gəliş də saxta.

    Almaz da, qızıl da, gümüş də saxta

    Necə ayırasan qızılı misdən,

    Daha heç bir kəsə inanmıram mən.

     

    Qardaş qardaşının üzünə durur,

    Dost dediyin səni arxadan vurur,

    Haqsızlar haqlıya məhkəmə qurur.

    Kimə inanasan, kimə görəsən?

    Daha heç bir kəsə inanmıram mən.

     

    Qılınclar korşalıb qalır pasında,

    Dəyişib adəti toyun, yasın da.

    Gədalar allahlıq iddiasında,

    İzahat istəyir qarışqa fildən,

    Daha heç bir kəsə inanmıram mən.

     

    Ülvi sevgi hanı, məhəbbət hanı?

    Məhəbbət yolunda dəyanət hanı?

    Düz ilqar, etibar, sədaqət hanı?

    Aldanır sevilən, aldadır sevən,

    Daha heç bir kəsə inanmıram mən.

     

     

    Yalanlar dördnala çapır atını,

    Kəsir həqiqətin yeddi qatını.

    Əsli nadürüstlər danır zatını,

    Bədxahlıq səpilir torpağa dən-dən,

    Daha heç bir kəsə inanmıram mən.

                                             Qədir TƏRTƏRLİ

     

    EHTİYAC

    Təbiət dincəlib, torpaq yatanda

    Göylərə əl açar qar ehtiyacı.

    Təzədən bahara növbə çatanda

    Oyadar bağları bar ehtiyacı.

     

    Bu qayda, bu nizam gəlməzmi xoşa

    Dağ-dağla yanaşı, gül-güllə qoşa.

    Tək nəğmə insanı gətirməz coşa,

    Duyular kamanla tar ehtiyacı

     

    Ömür tez talanar tək yaşamaqdan,

    Fikirdə, xəyalda baş qaşımaqdan.

    Təklik ağır olar daş daşımaqdan,

    Hər ömrün həmdəmə var ehtiyacı.

     

    Bəşər çox keçinib qara çörəklə,

    Demirəm çəkilək dara çörəklə.

    Yaşamaq mümkündür para çörəklə,

    Böyük eytiyacdır yar ehtiyacı.

    Talıb MƏMMƏDLİ

     
  • 31May
    Ədəbiyyat TƏQDİM EDİRİK üçün şərhlər bağlıdır

    Sadiq Tağızadə 1992-ci ildə Tərtərdə anadan olub. Şəhər 6 saylı tam orta məktəbini bitirib. Hazırda rayonumuzdakı qaz istismarı idarəsində nəzarətçi-çilingər işləyir.
    Sadiq hələ məktəb illərindən poeziyaya maraq göstərib. Elə ilk şeirlərini də o zamanlar yazıb. Onun “Çinar” adlı şeiri bizim “Yeni Tərtər” qəzetində çap olunub.
    Sadiq Tağızadənin yaradıcılığından daha bir nümunəni oxucularımıza təqdim edirik.

    KİTABLAR

    Bəzən otağımda darıxıram mən,

    Fikrim kitabların yanında qalır.

    Tənhalıq könlümü sıxan zamanlar

    Hər kitab maraqlı bir adam olur.

     

    Biri var, anama oxşayır sanki,

    Şirin laylasıyla yatırır məni.

    Biri işıq saçır xəyal dünyama,

    Arzuya, diləyə çatdırır məni.

     

     

    Vətən sevgisini, vətən eşqini

    Öyrətdi bu qalın kitablar mənə.

    Hər kitab bir Dədə Qorqud timsalı,

    Hər sətrin öyüdü, sözü var mənə.

     

    Dünyaya kitabla yol salarsınız,

    Su kimi həmişə olar gərəyin.

    Nə zaman həyatda tək qalarsınız.

    Yalnız kitablarla dostluq eləyin.

    Sadiq TAĞIZADƏ

  • 19Apr
    Ədəbiyyat UĞURLAR DİLƏYİRİK üçün şərhlər bağlıdır

    Ədilzadə Vüsal Valeh oğlu 2003-cü ildə Tərtər şəhərində anadan olub. Səhləbad kənd tam orta məktəbinin 9-cu sinif şagirdidir.
    Vüsal poeziya həvəskarıdır.
    Onun “Mübariz” şeiri Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edilib.
    Hiss olunur ki, Vüsal Ədilzadə duyğularını poetik bir dillə ifadə edə bilər. Bunun üçün çox çalışmalı, mütaliə etməli, klassik və müasir azman şairlərimizin yaradıcılıqlarını mükəmməl öyrənməlidir.
    Biz Vüsala uğurlar diləyirik!

    “Yeni Tərtər” Daha ətraflı »