Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,442
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Avq
    Şəhidlər Şəhid Aysənan Abbasovun ailəsi ziyarət olunub üçün şərhlər bağlıdır

    Rayon rəhbəri Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri və YAP rayon təşkilatının sədri ilə birlikdə Seydimli kəndində şəhid Aysənan Abbasovun ailəsində olub, onların problemləri və qayğıları ilə maraqlanıblar.
    Görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində tərtərli oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib. Qeyd edib ki, şəhidlərimiz öz canlarını fəda ediblər, heç nəyə baxmadan, qorxmadan ölümə gediblər ki, torpaqlarımız işğaldan azad olunsun. Ona görə də hər kəsin borcudur ki, onların problemləri ilə maraqlanıb, həllinə kömək etsin.
    Qeyd edək ki, şəhid Aysənan Abbasov 1992-ci ilin iyun ayının 26-da Tərtər rayonunun Seydimli kəndində anadan olmuşdur. 2014-cü ilin dekabr ayının 27-də hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirmişdir. Daha ətraflı »

  • 10Avq
    Şəhidlər ŞƏHİDLİK VƏTƏNƏ MƏHƏBBƏTİN ZİRVƏSİDİR üçün şərhlər bağlıdır

    Qəhrəmanlarımızın, istedadlı insanların həyatı ilə yaxından tanış olduqca görürsən ki, onların əldə etdiklərinin bir qismi gərgin zəhmətin bəhrəsidirsə, digərləri də kökdən, nəsildən gələn fitri qabiliyyətlərin, əsrlərlə qazanılmış milli-mənəvi dəyərlərin qiymətləndirilməsinin, bunların uca tutulmasının nəticəsidir.
    Mənsub olduğu nəslin adını ucadan da uca edən insanlardan biri də Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, usta dərəcəli hərbi qulluqçu, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsinin komandiri, ikinci Qarabağ müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Anar Vaqif oğlu Əliyevdir. Anar Əliyev 28 avqust 1980-ci ildə Kəlbəcər rayonunda müəllim ailəsində dünyaya göz açmışdır.
    Anar Əliyevin nəsli Kəlbəcərin ilk sakinlərindən olan “kalvavəllər” – Kərbəlayi Vəlinin nəslinə qədər gedib çıxır. O, Kərbəlayi Vəlinin tayfasından olan Kərbəlayi Əlinin yadıcası, Məşədi İsmayılın kötücəsi, Əlinin nəticəsi, Əliyev Vaqif İsmayıl oğlunun ikinci oğludur.
    Bu, ilahi bir qismətdir, yoxsa alın yazısıdır, deyə bilmərəm, ancaq elə bil həyat özü uşaqlığından onu yüksək şəhidlik məqamına hazırlayırdı. Belə ki, ötən əsrin 80-ci illərində Anarın valideynləri iş yeri ilə əlaqədar keçmiş DQMV-nin Ağdərə rayonunun Həsənqaya Sovetliyinin Göyarx (o zaman ermənilər bura Levonarx deyirdilər) kəndinə köçmüşdülər. Gələcəyin məşhur hərbçisi, düşmənə qan udduran gözəgörünməz kəşfiyyatçı, fitri istedada malik komandir Anar Əliyev 1986-ci ildə ilk dəfə məhz burada, rusdilli məktəbdə erməni uşaqlarla bir partada əyləşərək, elmin sirlərinə yiyələnməyə başlamışdır. Rus dilində təhsilə başlaması müxtəlif xarici dillərin öyrənilməsinə maraq yaratmış, bu isə gələcək həyatında onu pillə-pillə ucaldan səbəblərdən biri olmuşdur. İkincisi, azərbaycanlıların qatı düşmənləri ilə kiçik yaşlarından təmasda olan qəhrəmanımız on-ların hiyləgər xüsusiyyətlərini də öyrənə bilmiş və bunları yaddaşında saxlamışdır. O, 1988-ci ilə qədər təhsilini həmin məktəbdə almışdır. 1988-ci ildə erməni terrorçularının havadarlarının köməyi ilə başladıqları hadisələr nəticəsində Vaqif müəllimin ailəsi məcburi köçkün kimi Tərtər rayonunun Bəyimsarov kəndində məskunlaşmışdır. Daha ətraflı »

  • 10Avq
    Şəhidlər UNUTMAYAQ! üçün şərhlər bağlıdır

    Avqustda doğulan tərtərli Vətən müharibəsi şəhidləri

    Əlizadə Elşən Faiq oğlu

    Elşən Əlizadə 10 avqust 1995-ci ildə Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olmuşdur.
    Elşən Əlizadə 16 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Tərtər rayonunun İsmayılbəyli kəndində dəfn olunub.
    Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elşən Əlizadə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

    Şəmilov Azər Elyas oğlu

    Azər Şəmilov 1971-ci il avqustun 13-də Tərtər rayonunun Qapanlı kəndində anadan olub. 1991-1994-cü illərdə Birinci Qarabağ müharibəsində savaşan qəhrəman döyüşçümüz 1994-2000-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb.
    Azərbaycan Ordusunun tibb xidməti leytenantı olan Azər Şəmilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazi-lərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zama-nı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüş-lərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb.
    Azər Şəmilov oktyabrın 14-də Talış kəndinin azad olunması uğrunda gedən döyüşlər zamanı şəhid olub. Bərdə rayonunun Kələntərli kəndində dəfn olunub.
    Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Azər Şəmilov ölümündən sonra 3-cü dərəcəli “Rəşadət ordeni”, “Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub. Daha ətraflı »

  • 07İyl
    Şəhidlər Erməniləri lərzəyə salan döyüşçü üçün şərhlər bağlıdır

    Ermənilər Ruslan Şahbazovun atıcılıq qabiliyyətinə hələ Aprel hadisələrində bələd olmuşdular. Qarşıdakı qələbədən soraq verən o unudulmaz günlərdə Ruslan düşmənin bir neçə tankını məhv edərək, erməniləri lərzəyə salmışdı. Hətta, deyilənə görə, düşmən onun başına pul mükafatı da qoymuşdur.
    Ruslan İsraildə istehsal olunan “Spayk” qurğusunun atıcısıydı. Bu sahə üzrə kursları bitirmişdi. Məşhur atıcı Aslan Hüseynovla bir hissədə xidmət edirdilər. Düşmənin heç bir texnikası onların dəqiq götürdüyü nişandan yayına bilməzdi.
    Ruslan Mahir oğlu Şahbazov 1991-ci il iyulun 14-də Ələsgərli kəndində anadan olub. 2008-ci ildə bu kənddə orta məktəbi bitirib. Sonra Zaqatalada sərhəd qoşunlarında həqiqi hərbi xidmətdə olub. Onun hərbiyə olan marağı, igidliyi elə o vaxtdan komandirlərinin diqqətini cəlb edirdi. Yoldaşları isə öz aralarında bu qoçaq oğlanı “Terminator” deyə çağırırdılar.
    Hərbidən qayıtdıqdan sonra Ruslan bir müddət Bakıda işləyib, ancaq heç bir iş onu qane etmirdi. Hansı işə başlasa, hərbinin nizam-intizamı, qanunları ilə müqayisə edir və anlayırdı ki, onun yeri ancaq ordudadır. Bu fikirlə də 2013-cü ilin sentyabr ayından müddətdən artıq hərbi qulluqçu kimi Azərbaycan Ordusunda fəaliyyətə başladı. Daha ətraflı »

  • 07İyl
    Şəhidlər Başa çatmayan məzuniyyət üçün şərhlər bağlıdır

    Abbaslı Elnur Yaşar oğlu 1992-ci il iyulun 17-də Köçərli kəndində dünyaya göz açmışdı. 2009-cu ildə bu kənddə orta məktəbi bitirmiş, 2010-2012-ci illərdə Sərhəd Qoşunlarında həqiqi hərbi xidmətdə olmuşdu.
    2019-cu il avqust ayının 12-dən Elnur Abbaslı yenidən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında kiçik çavuş kimi xidmətə başlamışdı.
    Elnur iki övlad atasıydı. Ağahüseyn və Xanım atalı xoşbəxt günləri çox az yaşasalar da, bu gün nə onlar özləri, nə də ailədə heç kim uşaqları atasız bil-mir. Elnur elə bir zirvədədir ki, onun varlığı hər an hiss olunur.
    Atası Yaşar müəllim deyir ki, Elnur ailəsini çox sevirdi. Müharibə başlamazdan əvvəl məzuniyyətə çıxmışdı. Evlərindən bir az aralıda məhlə yeri götürüb, ev tikdirirdi. Məzuniyyət müddətində özü də ustalara kömək etmək istəyirdi.
    Dəfələrlə ata ona sual vermişdi ki, oğul, niyə bu qədər tələsirsən? Axı, ev-eşiyimiz də rahatdır, şükür, mehribançılığımıza da hamı həsəd aparır. Kaş bütün gəlinlər bizim Gülnar kimi ola.
    Tələsməyinin səbəbini Elnur özü yaxşı bilirdi, amma atasına bu barədə heç nə demirdi. O istəyirdi ki, özünün olduğu kimi, övladlarının da ata evi olsun, hara getsələr, bu evə ürəkli qayıtsınlar.
    Müharibənin başlaması ilə onun məzuniyyəti yarımçıq qaldı. Vətənini ailəsindən də çox sevən Elnur Abbaslı evinin tikintisini yarımçıq qoyub, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizəyə qoşuldu.
    Sonuncu görüşləri haqqında atası belə danışır: Daha ətraflı »

  • 07İyl
    Şəhidlər “Anam ağlamasın” üçün şərhlər bağlıdır

    Cəbhədən Yasən atasına zəng vurub demişdi: “Döyüşə gedirəm, şəhid olsam, anam ağlamasın”.
    Onun son sözləri valideynlərinə möhkəm və qürurlu olmaqda kömək edir. Yasən özü isə çox güclüydü. Çətinliklərdən qorxmurdu. Uşaqlıqdan idmanla məşğul olduğundan, mənəvi və fiziki cəhətdən sağ-lamıydı. İdman müəllimləri onun gələcəyinə böyük ümidlər bəsləyirdilər.
    Mehdiyev Yasən Alim oğlu 2001-ci il iyulun 5-də Tərtər şəhərində anadan olub. Şəhər 6 saylı tam orta məktəbin məzunudur. Orta məktəbi bitirən kimi, 2019-cu ilin payızında əsgərliyə gedib. Bakı şəhərində xidmət edib. Qardaşları Yamənlə, Muradla telefonla danışanda həmişə deyirdi ki, idmanla məşğul olan uşaqlar hərbi xidmətdə çətinlik çəkmirlər.
    Yasən ailənin ikinci övladı idi. Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Bu gün şəhid ailəsinin ziyarətinə gələn onun keçmiş döyüş yoldaşları, qazilər danışırlar ki, Yasən gənc olsa da, igidliyi ilə hamıya nümunə göstərirdi. Ən çətin tapşırıqların yerinə yetirilməsi üçün göndərilməsini komandirlərindən xahiş edirdi. Xüsusən yaralıların döyüş meydanından çıxarılmasında Yasənin böyük zəhməti olub. Daha ətraflı »

  • 07İyl
    Şəhidlər ŞƏHİDLİK VƏTƏNƏ MƏHƏBBƏTİN ZİRVƏSİDİR üçün şərhlər bağlıdır

    UNUTMAYAQ!

    İyulda doğulan tərtərli Vətən müharibəsi şəhidləri

     

                                                      Əliyev Elməddin İlqar oğl

    Elməddin Əliyev 1985-ci il iyulun 2-də Tərtər rayonunun Yuxarı Qapanlı kəndində anadan olub.
    O, sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub.
    Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elməddin Əliyev ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

    Mehdiyev Yasən Alim oğlu

    Yasən Mehdiyev 2001-ci ilin iyul ayının 5-də Tərtər şəhərində anadan olub.
    Oktyabrın 24-də Füzuli rayonu istiqamətində düşmən üzərinə hücuma kecərkən həlak olmuşdur.
    Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Yasən Mehdiyev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Daha ətraflı »

  • 30İyn
    Şəhidlər ERMƏNİ VANDALİZMİNİN TƏRTƏR QURBANLARI üçün şərhlər bağlıdır

    Xeyirxahlıqdan yoğrulan dünya

    Bir zamanlar qonşu deyib çörəyimizi, suyumuzu bölüşdüyümüz ermənilər neçə-neçə gəncin parlaq həyatına son qoydular. Analar övladsız, körpələr atasız, gəlinlər qara yaylıqlı qaldı.
    Evlərin gur yanan işıqları söndü. Belə evlərdən biri də Mamırlı kəndindədir. 2020-ci ilin 15 oktyabr tarixinədək burada ailənin Pərviz adlı bir dünyası vardı. Hamının qayğısına qalan, işləməkdən yorulmayan, xeyirxahlıqdan, nəciblikdən, mehribançılıqdan yoğrulan bir dünya.
    Pərviz olan yerdə heç bir problem yaşanmazdı. Hamını öz dili ilə dindirərdi. Körpə əkiz övladları – Aylin və Amin üçün ata qucağı cənnət olardı. Anası Dilruba xanım oğlu ilə fəxr edir, bu xoşbəxtliyinin sonsuza qədər davam edəcəyini düşünürdü…
    İş yerində, rəhbərlik etdiyi bankda Pərviz kollektivin sevimlisiydi. Lazım gəldikdə ciddi, tələbkar, digər vaxtlarda səmimi və şən, zarafatçıl olan gənc rəhbər gərgin zəhməti sayəsində bank işinin bütün incəliklərinə yiyələnmişdi. Kompüteri gözəl bilirdi. Qarşıda onu daha böyük vəzifələr gözləyirdi…
    Vətən müharibəsi günlərində də “Molbulak” fəaliyyətini dayandırmadı. Ancaq həmin gün, oktyabrın 15-də Pərviz ailədə baş verənlərlə bağlı işə getmədi. Yevlaxdan zəng gəlmişdi ki, həyat yoldaşının nənəsi rəhmətə gedib. Yaşlı qadın Tərtərdə dəfn olunmasını vəsiyyət etmişdi. Həmin günlərdə isə Ermənistan silahlı qüvvələri Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqda yerləşən mülki obyektləri ağır silahlardan atəşə tuturdu. Bir sözlə, Tərtərə göydən od yağırdı və belə bir vəziyyətdə dəfn mərasiminin keçirilməsi təhlükəliydi. Bunlara baxmayaraq, Pərviz qaynatası İsgəndəri tək qoymadı və bir neçə qohumla birlikdə qəbiristanlığa gəldi. Heç kimin ağlına gəlməzdi ki, ermənilər bu cür vəhşiliyə əl ataraq, yaxınlarını dəfn edən insanları atəşə tutacaqlar. Ancaq bu, ermənilərin insanlığa sığmayan nə birinci, nə də sonuncu hərəkətiydi. Daha ətraflı »

  • 30İyn
    Şəhidlər Amalı xalqa xidmət idi üçün şərhlər bağlıdır

    Xalqa, Vətənə xidmət etmək üçün mütləq əlinə silah götürmək lazım deyil. Hər kəs öz sahəsində xalqına xidmət edir. Müharibə zamanı bu, daha aydın şəkildə özünü göstərirdi.
    44 günlük Vətən müharibəsində öz vətəndaşlıq borcunu şərəflə, vicdanla, böyük ruh yüksəkliyilə, Qələbəyə inamla yerinə yetirən tərtərlilərdən biri də Rüstəmov Vasif Bahadur oğludur.
    Vasif Rüstəmov 1960-cı il martın 7-də İsmayılbəyli kəndində anadan olub. Sevimli oğul, 3 bacının 1 qardaşı, 3 övlad atası, 4 nəvənin babası idi.
    Həyat yoldaşı, dil-ədəbiyyat müəllimi Sona Vəliyeva deyir ki, bəzən eşidirik ki, həyatda ideal insan olmur. Vasif isə hər cəhətdən idealıydı. Gözəl övlad, qayğıkeş ata, baba, qardaş, mehriban həyat yoldaşı idi. O, bir ailədən yox, eldən getdi. Çünki yalnız özümüz üçün yaşamırdı, tanıdığı və tanımadığı insanların köməyinə hamıdan birinci çatırdı. Xeyirxah, vicdanlı, eyni zamanda təvazökarıydı. Elədiklərini heç vaxt dilinə gətirməzdi.
    Vasif Rüstəmov Gəncədə inşaat texnikumunu bitirmişdi, amma ixtisası üzrə işləmirdi. Heydər Əliyev prospektində ərzaq mağazası vardı. Vətən müharibəsi günlərində gecə-gündüz atəşə tutulan şəhərimizin sakinləri, eləcə də hərbçilər üçün bu mağaza ümid yeriydi. Həmin günlərdə Vasif böyük təhlükə altında qazanc üçün deyil, insanlara kömək etməkdən ötrü işləyirdi. Pulu oldu, olmadı, hər kəs buradan istədiyi ərzağı ala bilirdi. Döyüşə gedən gənc əsgərləri ata kimi bağrına basıb, xeyir-dua ilə yola salırdı. Qələbə üçün yaman darıxırdı Vasif. Hər dəfə ailəsi ilə telefonla danışanda “lap az qalıb” deyirdi. Müharibə günlərində sığınacaqlarda qalan tərtərlilərə təmənnasız olaraq içməli su, ərzaq aparır, insanlarda ruh yüksəkliyi yaradırdı. Daha ətraflı »

  • 30İyn
    Şəhidlər Bu hadisə bütün dünyaya yayıldı üçün şərhlər bağlıdır

    Oktyabrın 15-də Tərtər şəhər qəbiristanlığında baş verən hadisə bütün dünyaya yayıldı və sülhsevər insanlar tərəfindən qəzəblə qarşılandı. Bu dəfə ermənilər hədəfə dəfn mərasiminin iştirakçılarını aldılar.
    Mərhumu dəfn edərkən qəbiristanlıqdakı dörd nəfər şəhid oldu, qalanları yaralandı.
    Şəhid olanlardan biri də İsgəndər Yelmar oğlu Əmirov idi. O, 1967-ci il fevralın 18-də Tərtər şəhərində anadan olub.
    Həyat yoldaşı İradə Əmirova hadisə barədə belə danışır:
    – Anam rəhmətə getmişdi. Qardaşımız olmadığına görə, onun dəfni ilə bağlı bütün işləri yoldaşım görürdü. Həmin gün qəbiristanlıqda böyük faciə yaşandı. Dörd ailə başsız qaldı, bu ailələrdə övladlar atalarını itirdilər. Baş verənləri sözlə ifadə etmək mümkün deyil. Bizdən müsahibə alan xarici jurnalistlər bunu erməni terroru adlandırdılar.
    Həmin gün İradə xanımın nəvələri həm atalarını, həm də babalarını itirdilər.