Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Sen
    Şəhidlər ALLAH ŞƏHİDLƏRİMİZƏƏ RƏHMƏT ELƏSİN, AİLƏLƏRİNƏƏ SƏBR VERSİN üçün şərhlər bağlıdır

    O insanların ömrü uzun olmadı, amma onlar əbədiyyətə qovuşdu və onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırdı.
                                                                                             İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

    QƏLƏBƏYƏ 2-3 SAAT QALMIŞ ŞƏHİD OLDU

    Cahangir Surxayzadə 1996-cı il iyulun 9-da rayonumuzun Qaynaq kəndində doğulmuşdu. Ailədə iki qardaş idilər. Böyüyü Babək, kiçiyi isə Cahangir idi.
    2016-ci ildə əsgəri borcunu layiqincə yerinə yetirən Cahangir elə o vaxtdan müddətdən artıq hərbi qulluqçu kimi yenidən orduya qayıtmışdı. DİN-in Daxili Qoşunlarında xidmət edirdi. 4 il müddətində fiziki hazırlığını, biliyini artıraraq, peşəkar hərbçi kimi püxtələşmişdi.
    Cahangir müharibənin ilk günündən döyüşlərə qatılıb. Müzəffər Ordumuzun tərkibində sürətlə irəliləyərək, torpaqlarımızın işğaldan azad olunmasında yaxından iştirak edib. Onun sorağı Füzulidən, Cəbrayıldan, Qubadlıdan, Daşaltıdan gəlirdi. Hər telefon zəngi ilə sanki ailəsinə dünyanı bağışlayırdı: o qədər sevinclə, fəxrlə danışırdı ki!
    O, kiçik dəstələrlə düşmənin arxasına keçib lazımi məlumatları gətirir, mühasirədə qalan yoldaşlarının xilas edilməsində, yaralı və şəhidlərin döyüş meydanından çıxarılmasında şücaət göstərirdi. Dağlıq ərazilərin relyefinə tez uyğunlaşırdı. Sanki elə bu yerlərdə doğulmuşdu. Bununla bağlı ona sual veriləndə deyirdi: “Bura Vətəndir! Nə olsun ki, indiyə kimi bu yerləri görməmişik. Doğma torpağımızın hər daşı, hər ağacı döyüş tapşırığının yerinə yetirilməsində bizə kömək edir”.
    Gələcəklə bağlı çoxlu arzuları vardı Cahangirin…
    Son tapşırığını Daşaltıdan keçəndən sonra, Şuşanın girəcəyində almışdı. Getməmişdən əvvəl anasına zəng vurub tələsik demişdi: “Lap az qalıb, ana! Tezliklə görüşəcəyik!” Bundan artıq heç nə deyə bilməzdi. Ailədə hamı qələbə ümidi ilə yaşayırdı. Qələbə isə lap yaxındaydı. Onu yaxınlaşdıranlardan biri də cəsur döyüşçü Cahangir Surxayzadə oldu. Daha ətraflı »

  • 30Sen
    Şəhidlər DOSTLUQDA SƏDAQƏTLİ DÖYÜŞÇÜ üçün şərhlər bağlıdır

    Qəhrəmanlığı dillər əzbəri olan igidlərimizdən biri də Aslanov Xəyal Qüdrət oğludur. Yoldaşları ona “İkinci Mübariz”, “Suqovuşan fatehi” deyirdilər. Qorxmaz, mərd, dostluqda sədaqətli bir əsgər olub. Ailədə isə sirdaşı anasıydı. Atası ilə aralarında möhkəm bağlar olsa da, hər ikisi hisslərini biruzə verməyi xoşlamırdı. Anasından isə doymurdu Xəyal. Şəhid olandan sonra cibindən çıxan şeirində də bunu etiraf etmişdi.
    Xəyal Aslanovun ailəsi keçmiş Ağdərə rayonunun İmarət Qərvənd kəndindəndir. 1992-ci ildə kənd er-mənilər tərəfindən işğal edildikdən sonra, ailə Tərtərdə məskunlaşıb. Xəyalın dayısı Natiq Həsənov 1992-ci il aprelin 8-də Kəlbəcərin Ağdaban kəndinin ermənilərdən müdafiəsi zamanı həlak olub. O, tələbəymiş, könüllü olaraq torpaqla-rımızın müdafiəsi uğrunda döyüşlərə qatılmışdı.
    1994-ci il martın 5-də Tərtər şəhərində anadan olan Xəyal Aslanov dayısını yalnız şəkillərdə görmüşdü, ancaq anasının söhbətlərindən daim xəyalında bir qəhrəmanın xatirəsini yaşadır, ona bənzəmək istəyirdi.
    Xəyal Aslanov 2012-ci ildə rayonumuzda şəhər 5 saylı tam orta məktəbini bitirib. Elə həmin il müddətli həqiqi hərbi xidmətə çağırılıb. Əsgərliyini Naxçıvanda keçib. Nümunəvi xidməti ilə fərqlənib.
    Ordudan təxris olunduqdan sonra fikrini anasına bildirərək deyib ki, işğal altında olan torpaqlarımız azad edilməyincə, mən rahat ola bilmərəm, hərbiyə gedəcəyəm. Daha ətraflı »

  • 30Sen
    Şəhidlər PƏHLƏVAN ELMƏDDİN üçün şərhlər bağlıdır

    Xidmət etdiyi taborda yoldaşları onu belə çağırırdılar. Pəhləvan cüssəli, igid bir oğlan idi. 1985-ci il iyulun 2-də rayonumuzun Yuxarı Qapanlı kəndində doğulmuşdu. Ailədə 2 qardaş, 3 bacı olublar.
    Böyük qardaş kimi Elməddinin üzərinə həmişə ağır yük düşürdü. Anasının köməkçisiydi. Böyük bir ailənin qayğılarını çəkmək o qədər də asan deyildi. Ona görə də Elməddin işləmək üçün gah Bakıya, gah da Rusiyaya gedir, ancaq heç yerdə də rahat ola bilmirdi. Fikri düşmənin iki addımlığında yaşayan doğmalarının yanında qalırdı.
    2018-ci ildə o, birdəfəlik kəndə qayıtdı və “N” saylı hərbi hissələrin birində xidmətə başladı. Bu zaman artıq onun kiçik qardaşı Samir də ordudaydı. Samir bu yolu 2014-cü ildən seçmişdi.
    44 günlük Vətən müharibəsi başlayanda, hər iki qardaş Vətənin müdafiəsi uğrunda gedən ölüm-dirim savaşına qoşuldu. Müxtəlif istiqamətlərdə döyüşürdülər. Elməddin Ağdərə istiqamətində, həmlə bölüyündəydi. Qardaşının döyüşdüyü hərbi hissə isə Murovdan hücuma keçmişdi.
    Tez-tez danışır, bir-birindən xəbər tuturdular. Daha ətraflı »

  • 30Sen
    Şəhidlər Cənnətdən boylanan ruhlar rahatlıq tapır üçün şərhlər bağlıdır

    “Gərək nəbzin Vətənin nəbzi ilə vursun,” – demişdi Ulu Öndər Heydər Əliyev. Vətən müharibəsi dövründə biz bunun canlı şahidi olduq. Poladlı kəndinin sakini, iki şəhid atası Asif Abbasov deyir ki, biz bu müharibədə Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin, Ordumuzun və xalqın sarsılmaz birliyini gördük. Həqiqətən də, hər kəsin nəbzi Vətənin nəbzi ilə vururdu.
    Ata danışır ki, hərbi maşınlar gəlib keçəndə, kənddə hər kəs əsgərlərimizə sovqat verməyə çalışırdı. Ən əsası isə insanlarda o qədər böyük ruh yüksəkliyi vardı ki, qocadan cavana qədər hamı bu igidlərə qoşulub ermənilərə qarşı vuruşmaq istəyirdi.
    Yenə də Ulu Öndərin sözləri ilə desək: “Vətənpərvərlik insanın daxili duyğularıdır”. Müharibə bu duyğuları daha da alovlandırmışdı.
    Asif kişinin iki övladı – yüksək mənəviyyatları ilə seçilən Xaliq və Elşən müharibənin ilk günündən ordumuza əllərindən gələn köməyi göstərirdilər. Onları nə göydən dayanmadan yağan mərmilər, nə də valideynlərinin “özünüzü qoruyun!” sözləri saxlaya bilirdi.
    Elə müharibənin ilk günündə – sentyabrın 27-də onlar şəhidlərimizin qarşılanıb, dini adətlərimizə uyğun ailələrinə yola salınmasında yaxından iştirak ediblər. Daha ətraflı »

  • 30Sen
    Şəhidlər Ürəyi də, gördüyü iş də ayna kimi təmiz idi üçün şərhlər bağlıdır

    Mehdiyeva Ayna Məhəmmədəli qızı 1965-ci il iyunun 20-də Tərtər şəhərində doğulub. 4 bacı, 4 qardaş olublar. Ayna bu çoxuşaqlı ailənin üçüncü övladı idi.
    Məhəmmədəli kişi uşaqlarına təhsil verə bilməsə də, onların hamısını zəhmətə alışdırmışdı. Böyüyəndən sonra hər biri ürəyinə yatan iş tapıb, ailəyə kömək edib. Ayna rayon mərkəzi xəstəxanasında xadimə işləyirdi. Kollektivdə hamının hörmətini qazanmışdı. Yoldaşları deyirdilər ki, Aynanın ürəyi də, gördüyü iş də ayna kimi təmizdir.
    Həyatından gileyli olmayan, hər şeyə şükür edərək taleyin ona ayırdığı ömür payını vicdanla yaşayan bu günahsız qız da erməni vandalizminin qurbanlarından biridir.
    Ayna Mehdiyeva Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin şəhərimizdə yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində 29 sentyabr tarixində şəhid olub. Artilleriya mərmisi onların həyətinə düşmüşdü.
    Bacısı Tamam Mehdiyeva deyir ki, Ayna mənim bacım, iş yoldaşım və sevimli dostum idi. Əminəm ki, Azərbaycan xalqı erməni terrorunun qurbanı olan bu günahsız insanları heç zaman unutmayacaq.

     

  • 30Sen
    Şəhidlər Şəhidlərimizin xatirəsini ehtiramla anır, qazilərimizə cansağlığı arzulayırıq üçün şərhlər bağlıdır

    Prezident İlham Əli-yevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən hər il sentyabrın 27-si Azərbaycanda Anım günü kimi qeyd olunur. Bu günün təsis edilməsi Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
    Vətən müharibəsi cəbhəsində Tərtərin 46 igid oğlu şirin canını torpaq uğrunda fəda edib, 36 mülki şəhidimiz var. Bu savaşda bütün xalq Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan Ordusunun ətrafında sıx birləşərək, möhtəşəm Qələbəni təmin etdi.
    Sentyabrın 12-14-ü tarixlərində Ermənistan silahlı qüvvələrinin Laçın, Kəlbəcər, Zəngilan və Daşkəsən istiqamətlərində sərhəddə törətdikləri genişmiqyaslı təxribat nəticəsində Tərtərin daha bir igid oğlu– Evoğlu kəndinin sakini, 26 yaşlı Məftun Əhmədzadə şəhidlik zirvəsinə ucalıb.
    Şəhid ailələri, qazilərimiz, Vətən müharibəsi iştirakçıları dövlət başçısının, rayon rəhbərliyinin, ictimaiyyətin daimi qayğısı ilə əhatə olunublar. Daha ətraflı »

  • 30Sen
    Şəhidlər ELİNƏ-OBASINA QƏHRƏMAN KİMİ DÖNƏN ŞƏHİDİM üçün şərhlər bağlıdır

    2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatlar nəticəsində şəhid olmuş Əhmədzadə Məftun Seymur oğlunun əziz xatirəsinə.

    Əzizimiz Məftun! Bu gün səni hamı bu adla çağırır. Hamımızın, hər bir ailənin əzizisən, doğmasısan. Şəklin əllərdə gəzir, şagirdlərin partalarının üzərinə qoyulur. Müəllimlər böyüyən nəslə sənin 26 illik əbədiyaşar ömrün haqqında məlumat verirlər.
    Sənin haqqında danışanda gözlərimiz yaşarsa da, bu, kədər göz yaşları olmaqla yanaşı, həm də qürurdan doğan hisslərdir. Axı, sən bizim qürurumuz, fəxrimizsən.
    Sən xatirələrdə çox güclü, təəssübkeş bir oğlan kimi yaşayırsan. Bunu Evoğlu kəndinin sakinləri, eləcə də səni tanıyan, sevən bütün insanlar, valideynlərin, doğmaların, “dayı” deyib, qollarını geniş açaraq özlərini qoynuna atan bacın uşaqları söyləyirlər.
    26 illik qısa ömründə evinə ancaq halal, zəhmətlə qazanılan ruzi gətirmisən, haram tikəyə əl uzatmamısan. Daha ətraflı »

  • 30Sen
    Şəhidlər Mənsur şeir üçün şərhlər bağlıdır

    SƏDAQƏT

    Nə açıq bir söz demişdi, nə vədə almışdı. Gözləri danışmışdı o qızla . Kəndlərinin sayılıb-seçilən gözəli ilə. Gözlə demişdi məni. Qayıdacağam. Əhdinə vəfasız çıxma. Səni gözü yolda, tənha qoymaram.
    Baxışlarla möhkəmlənmişdi bu əhd, bu ilqar. Hamı qız qapısından boş dönən elçilərin üz-gözündən hər şeyi oxumuşdu. Heç ata-anası da heç nəyi qızlarının üzünə vurmamışdı. Başa düşmüşdülər bu lal sevdanı.
    İnsanı yaşadan ümiddi, deyirlər. Ən son ölən də ümiddir. O qız da ümidin pənahına sığınıb gözləmişdi. Nigarançılıqdan üzülə-üzülə, gizli göz yaşları axıda-axıda gözləmişdi. Ta ümidi qırılana qədər.
    Bir payız soraqlı nalə sevgisinin xəzanını gətirənə qədər gözləmişdi. Özünə söz vermişdi ki, ölənədək gözləyəcək.
    Elinə arxa çevirməyən igidə verilmişdi bu söz. Və o sözündən çıxa bilməzdi. O igid canını Vətəninə qıydığı kimi, o gözəl də sevgisinə qıyırdı. Sədaqətin, dözümün sübutu kimi.

    Rəfayə Əzizova

     

  • 29Sen
    Şəhidlər İcra başçısı mülki şəhid Mehman Əliyevin ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    28 sentyabr 2020-ci il . Həmin gün Tərtər şəhərinin erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 43 yaşlı Əliyev Mehman Sovet oğlu şəhid olub.

    Bu gün  rayon rəhbəri Müstəqim Məmmədov şəhidin ildönümü münasibəti ilə onun ailəsində olub.

    Şəhidin ruhuna dualar oxunub, onun keçdiyi ömür yoluna bir daha nəzər salınıb.

    Mehman Əliyev 1977-ci ilin sentyabr ayının 4-də Tərtər şəhərində anadan olub. 1991-ci ildə Tərtər rayon Uşaq Musiqi Məktəbini,1996-cı ildə Ü.Hacıbəyov adına Ağdam Musiqi Texnikumunu qarmon ixtisası üzrə bitirib. Tərtər rayon Uşaq Musiqi Məktəbində müəllim işləyib.

    Mehmanın özündən sora 3 övladı yadigar qalıb.

    Ailə dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunub.

    Rayon rəhbəri şəhidin ailəsinə başsağlığı verərək, onlara səbr diləyib, şəhidlərin Tanrı dərgahında öz yerinin olduğunu bildirib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb.

    Şəhidin ailə üzvləri onlara göstərilən xüsusi  diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin.

    “Şəhidlər ölməz, Vətən bölünməz!”

     

  • 29Sen
    Şəhidlər Rayon rəhbəri şəhid Taleh Məhərzadənin ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Qaynaq kəndində doğulmuş, Vətən müharibəsində 28 sentyabr 2020-ci il tarixdə Talış kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuş Məhərzadə Taleh Oktay oğlunun  ailəsində olub.

    Şəhidin ailə üzvləri ilə görüşən rayon rəhbəri onlarla birlikdə 24 yaşlı Talehin keçdiyi döyüş yoluna nəzər salıb.

    Taleh Məhərzadə 2013-cü ildə həqiqi hərbi xidmətdə olub. 2020-ci ildə isə müddətdən artıq hərbi xidmətə yazılıb. Onun qısa, ancaq mənalı ömür yolu, Vətənə olan sevgisi gənclərə bir örnəkdir.

    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Taleh Məhərzadə ölümündən sonra “Vətən uğrunda”,  “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “İgidliyə görə”  medalları ilə təltif edilib.

    Şəhidin ikinci ildönümündə onun xatirəsi ehtiramla yad olunub, ruhuna dualar oxunub. İcra başçısı ailənin qayğıları ilə maraqlanıb.

    Şəhidin ailə üzvləri onlara göstərilən xüsusi  diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin.

    “Şəhidlər ölməz, Vətən bölünməz!”